22 Noyabr 2024 - 22
İmam Hüseynin gördüyü iş, gizli şəkildə inanmış şəxsləri ətrafında toplayaraq, onları hidayət etməsi idi. Xüsusilə də Həcc mərasimi zamanı müxtəlif ölkələrdən toplaşmış insanlarla ya Mina, ya da Ərəfatda görüşür, qaranlıq və ixtilaflı məsələlərə aydınlıq gətirir, onlara yol göstərirdi. Əgər yanılmıramsa, Minada təşkil olunmuş yığıncaqların birində İmam Hüseyn (ə) sözünün onlar üzərində təsiri olacağını ehtimal verdiyi adamları Müaviyənin məmurlarının gözündən uzaq bir yerdə topladıqdan sonra belə buyurmuşdu: “Sözümü eşidin, amma onu gizli saxlayın. Sözümü hər yerdə danışıb faş etməyin. Gördüyünüz bu hökumət, İslam hökuməti deyil.
İslam peyğəmbəri (s) Allahın göstərişi ilə özündən sonra hökumətə Əlini (ə) təyin etdi, amma müsəlmanlar onu qəbul etmədilər. Onlar yaranmış vəziyyətin və aparılan təbliğatın təsirinə məruz qaldılar. Sonra Müaviyə iş başına gəldi və heç nəyə riayət etmədi. Müaviyənin nə zülmlər etdiyini, İslam hökmləri unutdurduğunu, İslami dəyərlərə hörmətsizlik etdiyini görmürsünüzmü?! Mənim sizə çatdırmaq istədiyim söz budur ki, bu haqq hökumət deyildir. Demirəm qiyam edin. Sözümü eşidin, amma heç kəsə deməyin ki, bu sözləri bizə Hüseyn dedi. Sirr saxlayan olun. Qayıdın öz ölkənizə, sirr saxlamasına əmin olduğunuz, inandığınız adam tapsanız, mənim sözlərimi haqq bilib qəbul etdikləri təqdirdə, söylədiklərimi onlara da çatdırın!”
Belə bir sual meydana çıxır: İmam Hüseyn (ə) nəyə görə bu qədər gizli və ehtiyatlı davranırdı? Bəlkə hakimiyyətə gəlməsi üçün şərait hazırlayırdı? Xeyir! İmam vəziyyəti çox gözəl bilirdi. Sualın cavabını həzrətin öz nitqində də görə bilərik. Buyurur: “Mən İslamın haqq olmasının birdəfəlik unutdurulmasından, yaddaşlardan silinməsindən qorxuram. Qorxuram ki, xalq haqq və batilin nədən ibarət olmasını bilməsin.” Bu şəraitdə hökumət Müaviyənin ixtiyarında idi və imam Hüseyn (ə) müqavimət göstərib mübarizə apara bilmirdi. Yəni, vəziyyət o qədər gərgin idi ki, azacıq da olsa, onun danışığından xəbərdar olsaydılar, o həzrətə qarşı sui-qəsd edəcəkdilər. İmam Hüseynin (ə) terror edilməsi heç bir nəticə verməyəcəkdi. Bu səbəbdən də imam müxtəlif şəxslərlə tək-tək görüşür, onlara haqqı bəyan etməyə çalışırdı. Bu barədə buyururdu: “Mən qorxuram ki, yer üzündə haqq-ədalət birdəfəlik unudula, heç kim haqqı tanımaya!” Əgər cəmiyyət həqiqəti başa düşsə, hətta şəhvət, nəfs və ya dünya malı üzündən ona əməl etməsə belə, vəziyyəti qənaətbəxş hesab etmək olar. Çünki, xalqa höccət tamamlanır; alimlərin da Allah yanında üzrü, xalqın haqqı tanıyaraq, ona əməl etməmələri olur. Amma haqqın unudulub, batillə ayırd edilə bilmədiyi yerdə, alimin də vəzifəsi çətinləşir. Əgər açıq fəaliyyət göstərmək imkanı olsa, öz vəzifəsini yerinə yetirir və ya Şeyx Fəzlüllah kimi dara çəkilib öldülür. Bu vəziyyətdə təklifin üzərindən götürüldüyü üçün rahatlaşır. Məgər şeyx Fəzlüllah Nuri edam oldunduğu üçün nigaran idi? Xeyr, öz vəzifəsini yerinə yetirdiyi üçün qarşıya çıxan heç bir çətinlikdən qorxmurdu. Lakin İmam Hüseyn (ə) tamamilə başqa bir mühitdə mübarizə aparırdı. Bu halda danışmalı olsa, aqibəti öldürülməklə nəticələnəcəkdi. Haqq sözü izhar edə bilməməyi İmam Hüseynə (ə) ruhi əzab verirdi və məhz buna görə də məcburiyyət qarşısında qalıb dözürdü. Sizcə, bu cür daxili iztirablar yaxşıdır, yoxsa Aşura günü şəhid edilmək? İmam Hüseyn (ə) düz iyirmi il və xüsusi ilə də İmam Həsənin (ə) şəhadətindən sonra bu cür mənəvi iztirablar keçirirdi. Buyururdu: “Əlbəttə, mən Allahın vədəsinə inanıram. Amma Bəni-Üməyyənin millətin başına gətirdiyi fəlakətlər nəticəsində haqq unudulub, məhv olmaqdadır.” Diqqət edin, İmam Hüseyn (ə) öz evində, ana vətəni Mədinədə - hansı ki, camaat onu Peyğəmbərin (s) qoynunda böyüyən görüb - danışmaq imkanından belə məhrum idi. Bunun üçün həcc mərasimini gözləməli olur, Minada bə᾿zi adamları toplayıb, onlarla xüsusi söhbətlər aparırdı. Başqa bir nümunə də onun həcc səfərində bəzi nüfuzlu şəxsiyyətlərlə olan söhbətidir. Həzrət bu səfərdə fürsət tapıb, hazırlıq görür, dostlarının və tanıdığı insanların arasından etibarlılarını seçib, gizli yığıncaq təşkil edir, onlarla həmsöhbət olurdu. Sonrakı bəhsimizdə həzrətin bu söhbətləri barədə daha ətraflı danışacağıq. İndi isə onun bəzi hissələrinə toxunub, bəhsimizi davam etdiririk. İmam Hüseyn (ə) əvvəldə cəmiyyətin alimləri kimi tanınan bu şəxsləri danlayıb nəsihət edirdi: “Siz malınızdan, canınızdan qorxduğunuz üçün öz vəzifənizə əməl etmir, əmr be məruf və nəhy əz münkər etməkdən çəkinirsiniz.” İnanıram ki, siz bu sözləri dəfələrlə eşitmisiniz. Həzrət əllərini yuxarıb qaldırıb dua etdi: “İlahi, sən özün şahidsən ki, biz atamdan üzü bəri, dünya malı və hakimiyyət üstündə başqaları ilə mübarizə aparmamışıq. Bizim istəyimiz, özümüzə dünyanın kol-kolsunu yığıb artırmaq deyildir. Birinci dərəcədə bu işdən məqsədimiz, xalqa dinin təsir və köklərini anlatmaq, onlara dini dəyərləri tanıtmaqla özümüzün hidayətçilik vəzifəmizə əməl etməkdir. Bununla da, xalq haqqı batildən seçə bilsin və haqq qara buludların arxasında, bulanıq suların altında itib batmasın. İkinci dərəcədə amalımız, cəmiyyətdə olan xarabalıqları islah etmək, batil işlərin qarşısını almaqdır. Bu vəzifələrin yerinə yetirilməsindəki hədəfimiz bu idi ki, sitəm görmüş xalq əminamanlığa çıxsın”. Diqqət edin, Müaviyə imam Hüseynə (ə) deyir: “Əgər sən Yezidə bey᾿ət etsən, cəmiyyətdə əminamanlıq yaranar.”. İmam Hüseyn (ə) isə cavabında: “Millətin əmin-amanlığını əlindən alan sən olmusan. Xalqın malına, canına, namusuna təcavüz etmisən.” Busr ibn Ərtat Mədinəyə gələrkən, mühacir və ənsarın qızlarına təcavüz etmişdi. Peyğəmbərin (s) vəfatından bir neçə il keçməmiş Peyğəmbər xəlifəsi adı ilə xalqın qızlarına təcavüz edirlər. Bununla belə, Müaviyə İmam Hüseynə (ə) deyir: “Sən Yezidə beyət etsən, xalqın irzi-namusu qorunar.” Görəsən, Müaviyənin məntiqində əmin-amanlıq nə deməkdir? İmam Hüseyn (ə) buyurmuşdur: “Mən ona görə qiyam edirəm ki, məzlumlar əmin-amanlığa çıxsınlar. Bizim hədəfimiz cəmiyyətdə ilahi hökmləri icra etməkdir. Biz pula, vəzifəyə görə qiyam etməmişik.” Həyatı təhlükəyə salmaq, eyş-işrətə çatmaq üçün deyildir. Allahına, dininə görə canından keçən insanın hədəfi heç vaxt pul, vəzifə olmaz. Öləndən sonra pul, vəzifə kimə lazımdır?! İmam Hüseynin (ə) hansı şəraitdə söhbət etdiyini nəzərə alın. O həzrət (s) xalqın alimlərini, seçilmiş şəxsiyyətlərini bir yerə yığıb söhbət əsnasında onlara belə buyurmuşdu: “Əgər bizlərə kömək etməsəniz, zalımlar sizə qələbə çalıb, qanınızı sovuracaqlar. Onlar səy göstərib peyğəmbərlərin (s) yandırdığı çırağı söndürmək istəyirlər. Siz belə bir işin baş verməsinə razısınızmı? Əgər istəmirsinizsə, bu qədər bizi tək qoymayın, ən azı dilinizlə, sözünüzlə edə biləcəyiniz köməyi əsirgəməyin. Əgər kömək etməsəniz, elə bir bəlaya mübtəla olacaqsınız ki, sözünüzü eşidən olmayacaq.” İmam Hüseyn (ə) iyirmi il bu vəziyyətdə fəaliyyət göstərməli oldu. Cümə namazında ona xütbə deməyə belə icazə vermirdilər. Əgər imam bu şəraitdə qiyam etsəydi, aqibəti, terror edilib öldürülməklə nəticələnəcəkdi. Gəlin, tarixə nəzər salaq. Məgər Əmr ibn Həmiq, Rüşeyd, İmam Zeynəl-abidinin (ə) oğlu Zeyd və digərlərinin İslam tarixində rolu az olub?! Əmr ibn Həmiq və Rüşeydin şəhadəti haqqında əvvəlki bəhslərimizin birində qısa da olsa, mə`lumat vermişdik. Zeydə gəldikdə isə, o da qiyam etmişdi. Onu da faciəli şəkildə dara çəkib, şəhid etmişdilər. Adlarını çəkdiyim şəxsiyyətlərin tarixini mütaliə etmisinizmi? Onların haqqında məlumatınız vardırmı və ya onlara əzadarlıq edirsinizmi?! Onlar da şəhid olublar. Ölümlərindən sonra az bir müddət fədarakarlıqları ilə yad olunub xatırlanmışlar. Lakin müəyyən müddət keçdikdən sonra unudulmuş, yaddaşlardan silinmişlər. Əgər imam Hüseyn (ə) da Müaviyə zamanı qiyam etsəydi, onun da aqibəti bu cür olacaqdı. Əvvəla, camaat onu himayə etməyəcəkdi, çünki Müaviyə bütün işlərini xüsusi hiylə ilə görürdü. Müaviyəni Yezid ilə müqayisə etmək olmaz. Müaviyə tədbirli və hiyləgər idi. Yezidin isə siyasəti yox idi və əməllərində hissə qapılırdı. Müaviyə İmam Hüseyni (ə) qeybət etməkdə suçlayaraq, o həzrətin nüfuzuna xələl gətirmək, məqamını xalqın gözündə aşağı salmaq məqsədini güdürdü.
İmam Hüseynin (ə) Müaviyə zamanında qiyam etməməsinin əsas səbəbi, tarixi zəminin olmaması, bu hadisənin ən azı xalqın ictimai fikrində dönüş yarada biləcək bir təsir buraxması üçün şəraitin olmaması idi. Amma Yezid zamanında bunların hamısı araşdırılmış, bütün cəhətlər mülahizə edilmişdi. Bütün planlar məqsədyönlü şəkildə həyata keçirilirdi və İmam Hüseyn (ə) nə etdiyini yaxşı bilirdi. Dəfələrlə, hətta yol boyu bu işin axırının şəhadətlə nəticələnəcəyini buyurmuşdu. Beləliklə, xalqın bu sadəliklə İmam Hüseynin (ə) qətlinə razı olmalarının əsas səbəbi, onların bəzilərinin pulla tamahlandırılıb, vəzifə vəd edilməklə satın alınmaları idi. İndinin özündə də belədir.
Mizbah Yəzdi