22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Cahilin təlim-tərbiyəsi və İmam Hüseyn örnəyi
25.02.2019

Əmr be məruf və nəhy əz münkərin şamil olduğu ünvanlardan biri təlim və tərbiyədir. Bəzən bir fərd müxtəlif səbəblər üzündən öz şəri vəzifəsini bilmir. Və ya həddi-büluğa yaşına yenicə çatıbdır və hələ kifayət qədər İslam qanunları ilə tanışlığı yoxdur; və yaxud da ümumiyyətlə yaşadığı mühütün şəraiti ona bu imkanları verməmişdir. Məsələn, yerləşdiyi ictimai mühit ya İslami mərkəzlərdən uzaq olmuşdur, ya da kafir qüvvələrin təsiri altında düşmüşdür. Bu şəxs İslam hökmlərinə nisbətdə “qasir cahil” adlanır. Yəni, bu şəraitdə olan bir kəs ya hökmü, ya da onun icra yollarını bilmir. Onun üçün İslam maarifini öyrənmək mümkün olmamışdır və bu işdə onun bir günahı da yoxdur.

Belə bir adama İslami hökmləri təlim edib öyrətmək vacibdir. Amma bu şəxslərin təlim-tərbiyəsi kimlərə vacibdir, neçə növ təlim yolları var, bu təlimlər fərdi və ya ictimai şəkildə olmalıdır, rəsmi və ya qeyri-rəsmi olmalıdır və s. Bu qəbildən olan suallara cavab vermək bəhsimizin genişlənməsinə gətirib çıxarar və hələlik bu kimi məsələlərə imkan yoxdur. İcmali olaraq, aydın olan məsələ burdur ki, qasir cahilin təlimi vacibdir. Belə bir təlim olduqca mülayimlik, səbr və mehribanlıqla həyata keçirilməlidir. Çünki, tərbiyə olunan tərəfin öz məlumatsızlığında heç bir təqsiri olmamışdır. Həmçinin, bu təlim-tərbiyədə maarifləndirilən tərəfin yaşına, cinsinə, həyat şəraitinə, istedadına uyğun təlim metodu seçilməlidir. Belə olduqda, yenəyetmə mövzuları daha yaxşı və sürətlə qavrayar. Dediklərim əmr be mərufun bir qismidir. Deməyin ki, biz indiyə qədər belə bir əmr be məruf eşitməmişik. Qarşıda duran məsələ, ümumi məna kəsb edən əmr be mərufun ünvanlarını araşdırmaqdır.

Bu cəhətdən, cahilin təlimi də əmr be mərufa şamil olur. Başqa bir məsələ da budur ki, cahil öz məlumatsızlığında müqəssir olsun. Yəni öyrənmək, məlumat əldə etmək, maariflənmək imkanları olduğu halda ya tənbəllik, ya da bu elmlərə əhəmiyyət verməmək ucbatından cahillik damğasının alnına vurulmasına razı olub. Bu çox dəhşətli, faciəvi bir haldır. Bu cür insanların maarifləndirilməsi üçün ilk görüləcək iş, diqqəti nəzərdə tutulan məsələlərə yönəltmək, onda elmlərə və bəndə kimi boynunda vacib olduğu hökmlərə qarşı maraq hissi oyatmaqdır. Yəni, müqəssir bilinən cahilin tərbiyələndirilməsindən əvvəl bu iş üçün hazırlıq işləri aparılmalıdır. Müqəssir cahilə edilən əmr be məruf metod baxımından olduqca mürəkkəb bir işdir. Əmr be mərufun təlim qisminin başqa bir halı da budur ki, bir nəfər öz xəyalında hökmü bildiyini və onun yerinə yetirilməsi qaydalarına da düzgün əməl etdiyini düşünür. Amma həqiqətdə səhv edir. Məsələn, fərdi məsələlərdə bəzi adamlar namazda qiraətləri səhv olduğu halda, onun düzgün olduğunu güman edirlər. Və ya bir başqası ictimai vəzifəsinə düzgün əməl etdiyini güman edir, halbuki səhv yoldadır. Məsələn, götürək üzərində bəhs etdiyimiz əmr be məruf vəzifəsinə necə ynaşılmasına. Yaxşı xatırlayıram, şah zamanında cəmiyyətin dini, ictimai, mədəni baxışları bu günkündən çox fərqlənirdi. Yadıma bəzi şeylər düşür ki, əlbəttə buna oxşar hadisələri indinin özündə də müşahidə etmək olar. Bəzi adamlar əmr be məruf etdiklərini düşünərək, başqalarına çox acıqla, üz-gözlərini turşudaraq, əsəbi halda yanaşır, bəzən hətta təhqir və söyüşlə pis əməl sahiblərini tutduqları pis yoldan çəkindirməyə çalışırdılar. Bu zavallı, öz vəzifəsinə düzgün əməl etdiyini güman edir, halbuki bilmədən əmr be məruf kimi vacib təklifi yerinə yetirməklə yanaşı, həm də günaha batır. Bu iş mömini alçaltmaq, təhqir etmək sayıldığı üçün haram hesab edilir, hətta həmin mö’min şəxs günahkar olsa belə. Belə bir vəziyyətdə - həmin şəxs cəhl- mürəkkəbdədir – deyirlər. Yəni, öz vəzifəsini bilmir və bu məlumatsızlığından da xəbəri yoxdur, şəri hökmləri bildiyini zənn edir. Beləsinin tədrisə ehtiyacı var. Lakin bu cür adamın maarifləndirilməsi yolu, əvvəldə söylədiyimiz iki metoddan daha mürəkkəbdir. Belə şəxslərlə incəliklə, mülayimliklə davranmaq lazımdır ki, qarşı tərəf bu kimi işlərə özündə hazırlıq və maraq hissi etsin. Öncə ehtimal versin ki, səhv etmişdir. Çünki, bizim fərz etdiyimiz məsələdə öz vəzifəsinə düzgün əməl etdiyini zənn edir. Bu səbəbdən əvvəlcədən elə bir iş görülməlidir ki, həmin adam vəzifəsini yerinə yetirdiyi zaman səhvə yol verdiyini ehtimal edə bilsin. Sonra düzgün yolu ona başa salıb, öyrətmək olar. Hamınız eşitmiş olarsınız. İmam Həsən (ə) və İmam Hüseyn (ə) haqqında belə rəvayət edirlər ki, uşaqlıq dövründə qoca bir kişinin düzgün dəstəmaz almadığını müşahidə edirlər. Dəstəmazın düzgün yolunu ona demək istəyirlər. Amma görürlər ki, bu adam yaşlıdır və ona nə isə birbaşa bir şey öyrətmək nəzakətdən kənardır. İslamda ədəb qaydaları vardır; ona əsasən yaşlılara başqalarından daha artıq ehtiram göstərilməlidir. Hər iki qardaş qocanın yanına gedib salam verirlər. Deyirlər: “Biz iki qardaşıq və dəstəmaz almaq istəyirik. Siz baxın görün bizlərdən hansı birimiz daha düzgün dəstəmaz alır.” İmamların qocaya yanaşma üsuluna diqqət yetirin. Əstəğfirullah, kobudluq edərək demirlər, sənin aldığın dəstəmaz səhvdir, niyə bu vaxta qədər öyrənməmisən? Ona ehtiram göstərib, salam verirlər. Sonra deyirlər ki, biz dəstəmaz alaq, siz baxın görün hansımız daha yaxşı dəstəmaz alır. Qoca dayanıb baxır. Yaşlı kişi onların dəstəmazını müşahidə etdikdə, özünün səhv dəstəmaz aldığını başa düşür. Başa düşür ki, onlar bu yolla ona dəstəmazın düzgün qaydasını öyrətmək istəyirlər. Qoca hər iki qardaşa deyir: “Əhsən, siz hər ikiniz çox yaxşı dəstəmaz alırsınız, deyəsən səhv eləyən elə mən özüməm.” Hər üç məsələnin – qasir, müqəssir və mürəkkəb cahilin tə’limə ehtiyacı var. Onlara bu məsələləri öyrtmək lazımdır. Amma təlimin metodları bu üç növə aid olan insanların cinsi, yaşı, istedadı, yaşadıqları ictimai mühit və s. təsiredici amilləri nəzərə alınmaqla tətbiq edilməlidir. Əks təqdirdə, əmr be məruf işində müvəfəqiyyət əldə edilməyəcəkdir. İslami cəmiyyətdə bu işi öhdəsinə götürmüş xüsusi adamlar və ya orqanlar olmalıdır ki, təlimi münasib metodlarla apara bilsinlər. İşarə edilən məsələlərin hər biri mühit və şəraitə görə fərq edir. Təlim-tərbiyə işini kim aparmalıdır? Kimlərə təlim-tərbiyə edilməlidir? Bu orqanların məsul şəxsləri kimlər olmalıdır? Hansı üsullarla və necə icra edilməlidir? Hər hansı təşkilat bu işi boynuna götürərsə, bütün deyilən şəraitə riayət etməli, təlim-tərbiyədə hərtərəfli və ümumi bir metod seçməlidir. Bütün bu işlərdən məqsəd öyrənməkdir. Yol düzgün seçilərsə, öyrənən də düzgün öyrənəcəkdir. Hədəf cahilin təlimidir. Yoxsa, insanın bir sözü deyib, höccəti tamamlamaqla işi bitmir. Bunların hər üç qismi əmr be məruf və nəhy əz münkərdir ki, hər üçünün də adı “cahilin təlimi” adlanır. Qasir cahil, müqəssir cahil, mürəkkəb cahil barəsində kəskin, sərt rəftardan, fiziki təzyiqlərdən istifadə etməyə ehtiyac yoxdur. Belə məsələlərdə cahilə kömək göstərib təlim-tərbiyə verilməli və metodoloji qaydalara düzgün riayət edilməlidir.

Mizbah Yəzdi