Hər bir inqilab əsasən iki hissədən - qan və xəbərdən (müraciətdən) ibarət olur. Qandan məqsəd qanlı və silahlı mübarizədir. Təbii ki, bu da müqəddəs məqsədlər uğrunda ölmək, öldürmək və candan keçməyi tələb edir. Xəbərdən məqsəd isə qiyamın xəbərini yaymaq və onun müqəddəs məqsədlərini açıb bəyan etməkdir. Bir inqilabın qələbə çalmasında ikinci hissənin əhəmiyyəti birinci hissənin əhəmiyyətindən heç də az deyil. Çünki inqilabın məqsədləri camaat arasında bəyan olunmasa, onda camaat inqilabı himayə etməyəcək, bunun nəticəsində də inqilab tamamilə unudulacaq, bəlkə düşmənlər tərəfindən inqilabda bəzi təhrif və dəyişikliklər də baş verəcək. İmam Hüseynin (ə) inqilabını araşdırdıqda, bu iki hissə tam şəkildə nəzərə çarpır. Çünki İmam Hüseynin inqilabında Aşura gününün günortasına qədər birinci hissə, yəni qan və şəhadət hissəsi cilvələnirdi. Bunun başında da, İmam Hüseynin özü dururdu.
Aşura gününün günortasından sonra isə inqilabın ikinci hissəsi başladı. Buna isə İmam Səccadla xanım Zeynəb (s) başçılıq edirdilər. Onlar İmam Hüseynin və səhabələrinin qanlı şəhadətini öz kəskin söz və çıxışları ilə camaata çatdırdılar və çirkin Əməvi hakimiyyətini rüsvay etdilər. Əməvi hökumətinin Müaviyənin dövründən başlayaraq Əhli-beytə qarşı zidd təbliğat yaymasını (xüsusilə də Şamda) nəzərə aldıqda, aydın olur ki, əgər İmam Hüseynin inqilabından sonra İmam Səccad (ə) və Həzrət Zeynəb (s) Əməvi hökumətini rüsvay etməyə və camaatı oyatmağa məşğul olmasaydılar, İslam düşmənləri və iqtidarın yaltaq qulluqçuları İmam Hüseynin əbədi və böyük inqilabını tarix səhifəsində çirkin bir qiyam kimi qələmə verər və onu olduğunun əksinə qiymətləndirərdilər. Necə ki, onlardan bəziləri İmam Həsənin ölümünü o həzrətin ciyərinin şişməsi ilə əlaqələndirmişlər. Bir dəstə belə iddia edirdi ki, İmam Hüseyn (ə) xərçəng xəstəliyindən dünyadan getmişdir. Ancaq Aşura inqilabının təbliğçiləri əsirlikdə olarkən Yezidin ağılsız düşmənçiliyi onlara bu fürsəti verdi ki, onlar geniş təbliğat nəticəsində İmam Hüseynin düşmənlərinə onun inqilabını təhrif etmək və dəyişdirmək icazəsi verməsinlər. İndi Kərbəlanın azadlıq bəxş edən əsirlərinin camaatın fikrini oyatmaqda və İmam Hüseynin inqilabını camaata çatdırmaqda göstərdikləri fəaliyyətin yaxşı aydın olması üçün bir az geri qayıtmalı və Müaviyənin Şamdakı hakimiyyətinə nəzər salmalıyıq.
Mehdi Pişvayi