21 Noyabr 2024 - 21
Baxdı çün Əkbərinin nizədə Leyla üzünə,
Gördü zülfü tökülüb, çün şəbi-yelda üzünə.
Gəldi şurə dedi: Ey şəmi-şəbistanım oğul,
Yetmədi kami - muradə məhi - təbanım oğul,
Həşrətək dildə qalıb çıxmadı bu canım, oğul,
Gəlməyəydi anan, ey kaş, bu dünya üzünə.
Ey səba! Bircə əs, ol zülfi - pərişanı dağıt,
Xanimani - dili - viraneyi - Leylanı dağıt,
Dili - viraneyi - Leyla kimi dünyanı dağıt,
Qoyma düşsün dəxi ol zülfi-səmənsa üzünə.
Çün kənar etdi səba zülfi - şikən pürşikəni,
Görünüb Haşimi xalilə xətu vəlhəsəni,
Məhv olub cümləsi, tökdülə dəfi - dairəni,
Bir baxıb Əkbərə, bir baxdıla Leyla üzünə.
Qaşların tağı, oğul sureyi - "Yasin" oxuyur,
Baxsa hər kim üzünə ayeyi- "Təhsin" oxuyur,
Əhli-Qur'andu bular cümləsi "Ta Sin" oxuyur,
Necə çəkdilər qılınc məzhəri - "Ta Ha" üzünə?
Dedilər: Kimdi bu övrət bizi nalan eləyən,
Yoxsa Leyladı bu Məcnun kimi əfqan eləyən,
Səni, ey tazə cavan, qanına qəltan eləyən,
Necə Məhşərdə baxar Həzrəti-Zəhra üzünə?
Etdilər çahi-zənəxdanına həsrətlə nəzər,
Zər xirid olmaq üçün bir-birinə verdi xəbər,
Tökdülər Şam Züleyxaları çün əşki-bəsər,
Baxdılar həsrət ilə Yusifi-Bədha üzünə.
Arizin səfheyi - İncili - Xudavəndi - vədud,
Nizə başında başın, həm oxuyur süreyi-Hud,
Deyəsən, nizə ayağında durub qövmi-Yəhud
Darın üstündə baxırlar hamı İsa üzünə.
Məzhəri-hüsni-peyəmbər rüxi-xalındu sənin,
Ayeyi-"Şəmsü Züha" mehri cəmalındı sənin,
Süreyi- "Nunü Qələm" Həşimi xalındı sənin,
Kakilin pərdə çəkib "Leylətül-Əsra" üzünə.
Başdakı şuri-şəhadətdi sənin tacın, oğul
Arizin Kə'bə, hərəmlər hamı hüccacın oğul,
Rəfrəfin nizə, mübarəkdü bu Me'racın oğul,
Qaşların qiblədü "Qövseyni-ov-ədna" üzünə.
Gəh üzün ayineyi - Müshəfü Tövratü Zəbur,
Atəşi - Turi - təcəlladı cəmalında zühur,
Misridür Şam bu qibtilərə, ya vadiyi - Tur,
Ali - Fir'on gəlib baxmağa Musa üzünə.
Sabira, hər il əza saxla Əli Əkbərə sən,
Kərbəladə gedib ağla o şəhi-davərə sən,
Gəl qiyamətdə bu cəm ilə səfi-Məhşərə sən,
Qalma həsrət iki dünyadə Mövla üzünə.
Müəllif: Mirzə Ələkbər Sabir