22 Noyabr 2024 - 22
İraq camaatının əvvəl Abdullah ibn Zübeyrin ətrafına toplaşmasını, sonra isə Muxtarın dəvətini qəbul edib Abdullah ibn Zübeyrə qarşı etiraz etməsinin səbəbini bilmək üçün nəzərə almalıyıq ki, İraq əhalisinin o dövrdə iki əsas tələbi var idi: Birinci ictimai islahat və Bəni-Üməyyə hakimiyyəti altında zülm çəkən qeyri-ərəb müsəlmanları (onlara mövliyalar deyilir) himayə etmək, ikincisi isə Bəni–Haşimin qanının qisasını Əməvilərdən almaq.
Bu iki tələbin yerinə yetiriləcəyinə ümid edərək İraq camaatı Abdullah ibn Zübeyrin başına toplaşdı. Çünki o həm Əməvilərin düşməni idi, həm də zahirdə özünü zahid şəxs kimi göstərib dünyaya etinasız yanaşırdı. Əmələ gəldikdə isə, məlum oldu ki, Abdullah ibn Zübeyrin hakimiyyətinin Bəni–Üməyyə hakimiyyəti ilə heç də elə bir fərqi yoxdur. Düzdür, Abdullah ibn Zübeyr İraqı Əməvilərin hakimiyyəti altından çıxara bildi, lakin Aşura faciəsində çox böyük cinayətlər törətmiş Şimr ibn Zil-Cövşən, Şəbəs ibn Rəbiə, Əmr ibn Həccac kimi canilər nəinki hələ də Kufədə yaşayırdılar, hətta hökumətin (Abdullah ibn Zübeyrin hökumətinin) ən yaxın adamlarından olmuşdular. Abdullah ibn Zübeyr ədalətin icra olunması nöqteyi-nəzərindən də, iraqlıların istəyini təmin etmədi. Çünki mövliyalar hələ də Bəni–Üməyyə hakimiyyəti dövründə olduğu kimi məhrumiyyət içərisində güzəran keçirirdilər. Bütün qüdrət və imkanlar yenə də qəbilə başçılarının əlində idi.
İraqlıların bu iki tələbinin təmin olunmaması camaatın Abdullah ibn Zübeyrin ətrafından dağılıb Muxtarı himayə etməsinə səbəb oldu. Muxtar öz dəvətinin həzrət Əlinin (ə) oğlu Məhəmməd Hənəfiyyə ilə bağlılığını bildirdi. Elə bu da camaatın onun hökumətinə qarşı arxayınçılığına səbəb oldu. O, “Hüseynin qanının intiqamı naminə irəli” şüarı altında hərəkata başladı ki, bu məsələ də iraqlıları öz tələblərinin təmin olunacağına ümidvar edirdi. Muxtar hakimiyyət başına gələndən sonra mövliyaları himayəyə götürərək onların ictimai hüquqlarının təmin olunması üçün mühüm addımlar atdı. Muxtarın bu hərəkəti ərəb qəbilə başçılarının onun əleyhinə çıxış etməsinə səbəb oldu. Onlar Abdullah ibn Zübeyrin ordusundan kömək alaraq Muxtarla döyüşə hazırlaşdılar. Müxalif dəstələrin başında İmam Hüseynin qatilləri dururdu. Bu məsələ də qiyamçıların (Muxtarın dəstəsinin) təmkinli olmasına və sonadək müqavimət göstərib qələbə qazanmaq fikrində olmalarına səbəb oldu. Muxtar İmam Hüseynin qatillərini möhkəm izləyərək onları öz cəzalarına çatdırdı. Belə ki, bir gün ərzində onlardan iki yüz səksən nəfərini qətlə yetirdi və qaçıb aradan çıxmış bir neçə cinayət başçılarının evlərini viranəliyə çevirdi. O cümlədən, Məhəmməd ibn Əşəsin evini sökdürüb əmr etdi ki, onun ev ləvazimatı ilə vaxtikən həzrət Əlinin fədakar dostu olub şəhid olmuş Hicr ibn Ədinin Ziyad ibn Mərcanə tərəfindən sökülmüş evini təmir etsinlər.
Mehdi Pişvayi