21 Noyabr 2024 - 21
Cəmiyyətin, yaradılan müsibətlər qarşısında acizlik göstərməsinin səbəbləri, sözügedən cəmiyyətdə kök salmış tayfabazlıq və yerlibazlıqdan qaynaqlanır. İmam Hüseyn (ə) buyurur: “Sizlər haqq yolunun mübarizəsində Allahın razılığını qazanmaq üçün, batil yolda olan qohum-əqrəbalarınızla, yaxınlarınızla üz-üzə gəlmək istəmədiniz”.
O zamanlar ərəb mədəniyyətində tayfa və qəbilə bağlılığı köklü məsələlərdən idi. Bu günün özündə də bəzi xalqlar arasında bu əhval-ruhiyyə gözə dəyməkdədir. Qohumbazlıq, tayfabazlıq sanki bir xəstəlik olub, insanları sağlam düşünməyə, müstəqil qərar çıxarmağa qoymur. Həmin dövrlərdə də öz tayfasına havadar çıxmaq qəbilələr arasında hakim olan adət-ənənələrdən biri sayılırdı. Bu günlər buna oxşar halları biz daha çox millətçilik cərəyanlarında, ayrı-ayrı partiya, cəmiyyət, təşkilat və kriminal qruplaşma tərəfdarları arasında müşahidə edirik. Belə bir əqidəyə malik olan şəxslər daha çox siyasi cəhətdən vahid cəbhədə birləşirlər. Bu, o dövr əhalisinin təfəkküründə olan qəbilə təəssübkeşliyinin müasir təzahür formasıdır.
Bu günlər qəbilə şəklində yaşamasaq da, həmin boşluğun yerini siyasi qruplaşmalarla və mənsub olduğumuz partiyanın təəssübünü çəkməklə doldurmuş oluruq. Fikrimizi daha aydın ifadə etmək üçün sizə sadə bir misal çəkmək istərdim. Məsələn, qohum-əqraba üzvlərindən biri nöqsanlı, xoşagəlməz bir əməl, daha qabarıq desək, cinayət törədərsə, bunu tez ört-basdır etməyə çalışırıq. Əgər bu iş, bizimlə heç bir qohumluq əlaqəsi olmayan başqa biri tərəfindən görülərsə, ona töhmət vurar, qeybətini edərik. Əgər bu əməl sahibi ilə düşmənçiliyimiz vardırsa, artıq başqa tədbirlərə əl atır, onun cəmiyyətdə rəzil, rüsvay olması və üzərində üstünlük əldə etməyə çalışarıq. İşlətdiyi əməl və ya törətdiyi cinayətdən öz məqsədlərimiz üçün suiistifadə edərik.
Müaviyənin dövründə də vəziyyət belə idi. Onun cinayətləri qohumluq əlaqəsi olan şəxslər tərəfindən ört-basdır edilirdi. Sözsüz ki, bu işdə satın alınmışların rolu da az deyildi. Bu səbəbdən İmam Hüseyn o zamanın alimlərinə belə buyururdu: “Sizlər Allah xatirinə öz qohumlarınızla, müxalifət etmək istəmədiniz”.
Bəzən insanın şəri vəzifəsi ondan öz qohumları, yaxınları ilə müxalifətçilik etməyi tələb edir. Düzdür, İslamda “sileyi rəhm”, yəni qohumlara, yaxınlara baş çəkib, yoxlamaq, ehtiram və qayğı göstərmək vacib, bu işi tərk etmək isə haramdır. Amma bu iş haqqın zəifləməsi, kiminsə hüququnu tapdamaq hesabına olacaqsa nə edilməlidir? Belə yerdə haqqı üstün tutmalısan, yoxsa qohumluq əlaqələrini? Əgər haqqın əleyhinə fəaliyyət aparsalar necə? Yenə də haqqı tapdalayıb qohum-əqrəbalarımızın, övladlarımızın mənafeyinə üstünlük verməliyikmi?
Qohumbazlıq və tayfabazlıq düşmənlərin bu məsələdən sui-istifadə etməsinə imkan yaradır. İmam Hüseyn öz xütbəsində bu cür halları pisləyir, cəmiyyəti uçuruma sürükləyən bu bəlanı haqqın, ədalətin ən aşkar düşməni adlandırır; ictimai ədalətin bərpasında onu əsas maneələrdən biri hesab edir. Belə şəraitdə xalqın haqqı tapdanır, yeraltı-yerüsütü sərvəti talanıb, bir dəstə adamın əlinə keçir, dövlət malından sui-istifadə olunur. İnsanların Müaviyənin əks-təbliğatının təsiri altına düşməsinin səbəblərindən biri də, onların mal-dövlətə, tayfalarına olan hədsiz bağlılıqları idi.
Bütün bunların məcmusuna İslam mədəniyyətində "dünya məhəbbəti" deyilir. Dünya məhəbbəti dedikdə nə nəzərdə tutulur? Görəsən ulduzları, günəşi, dənizi, gözəl təbiəti və ya Allahın yaratdığı məxluqatı sevmək günahdırmı? Müsəlmanların Əməvilərin şeytani təbliğatlarının təsiri altına düşmələrinin əsas səbəbi də, onların dünya malına olan hədsiz bağlılıqları idi. Dünya məhəbbətinin əsas nişanələrindən biri də budur ki, insanın həyatı müəyyən təhlükə ilə üzləşdikdə, artıq, gözü heç nəyi görmür. Belə insan yalnız təhlükəsizliyi təmin olunduqda xalqına, ailə-uşağına xidmət edir, fədakarlıq göstərir.
Buna görə də həm Qurani-Kərim, həm Peyğəmbər (s), həm də imamların kəlamlarında xudpəsəndlik, dünyapərəstlik və bu kimi digər xüsusiyyətlər kafirlərin əsas xisləti, fədakarlıq, şəhadəttələblik, əliaçıqlıq, səxavət isə möminlərin əsas sifətləri kimi göstərilmişdir. Yəni, ölümlə üzləşmək möminlərin öz hədəflərinə qovuşmasında maneçilik törətmir. Dünya həyatı onlar üçün əsas hədəf sayılmır. Əgər səadətləri, amalları, ürəkdən bağlı olduqları müqəddəs dəyərləri onlardan bu yolda ölüm tələb edərsə, rahatlıqla canlarını qurban verər, zərrə qədər də olsa, tərəddüd etməzlər. Əli (ə) buyurur: “Allaha and olsun ki, Əlinin ölümə olan bağlılığı, südəmər körpənin ana südünə olan bağlılığından daha şiddətlidir”. Sizcə, Əlinin sözlərində qeyri-həqiqi bir məqam tapmaq olarmı? Aşura gecəsi şəhidlər sərvəri öz əziz bacısı Zeynəbə belə buyurmuşdu: “Mənim silahdaşlarım da belədirlər.” Yəni Allah yolunda ölməyi özləri üçün böyük şərəf bilirlər.
Diqqət edin, İmam Hüseyn necə insanlar tərbiyə etmişdi. Düzdür ki, iyirmi il müddətində çox mənəvi əzablara məruz qalmışdı. Lakin o həzrət Aşura üçün belə şəxsiyyətlər də yetişdirə bilmişdi. Əgər bu şücaətli insanlar olmasaydı, Aşura hadisəsi tarixə yazılmaz və biz də İmam Hüseyni lazımınca tanıya bilməzdik. Əgər o həzrəti təklikdə, gizli şəkildə terror etsəydilər, bu gün şahidi olduğumuz Aşura hadisələrinin xatirə mərasimləri də olmayacaqdı.
Diqqət edin, Aşura gecəsi imamın silahdaşları öz rəhbərlərinə nə deyirlər. Anlayanda ki, sabah şəhadət günüdür, hamı şəhid ediləcək, qardaşının yanına gedib deyir: “Qardaşım, ətrafında toplaşmış dostlarının sənə vəfadar qalacaqlarına əminsənmi?”. Həzrət imamın mübarək gözlərində yaş gilələnib, mübarək yanaqlarına süzüldü. İmam buyurur: “Allaha and olsun, mən onları sınayıb yoxlamışam. Nəinki sınamaq, bəlkə dəfələrlə onları bu işin nəticəsindən xəbərdar edib, özümdən uzaqlaşdırmağa çalışmışam. Demişəm, ailənizi götürün çıxın gedin, burada qalmayın. Bunlar mənim qanımı axıtmaq istəyirlər, sizinlə işləri yoxdur”. İmamın bu sözlərlə dostlarını sınamaq istədiyi aydın bir məsələdir. İmam Hüseyn (ə) öz bacısı həzrət Zeynəbə (ə) xitabən buyurur: “Öz dostlarımı sınamışam. Qalanlar imanları xalis, əqidələri möhkəm olanlardır. Allaha and olsun ki, mən onları sınayıb yoxladım, özümdən uzaqlaşdırmağa çalışdım, amma gördüm onlar mənimla qalıb şəhid olmağı daha üstün tuturlar. Ölümə olan bağlılıqları körpənin ana südünə olan hərisliyindən daha şiddətlidir. Bunlar mənim gözlərim önündə, yanımda şəhid olmağı daha üstün tuturlar və artıq heç vaxt məndən ayrılmazlar”. Aşura gecəsi imamın silahdaşları o həzrətə belə deyirlər: “Əgər yetmiş dəfə öldürülsək, yandırılıb külümüz göyə sovrulsa və təzədən dirilməli olsaq da belə, yenə də sənin yanına qayıdıb, səninlə birlikdə qalarıq ki, yenidən şəhid olaq!”
İmam Hüseyn (ə) 20 il əziyyət çəksə də, belə insanlar tərbiyə etməkdə müvəffəq olmuşdu. Bunların müqabilində elə kəslər də var idi ki, imam onlardan gileylənirdi: “Sizin probleminiz dünyaya bağlılığınızdandır. Əlinizi, qolunuzu bağlayan isə, ölümdən qorxmağınızdır.” Üzünü öz əsrinin alimlərinə, ağsaqqallarına tutaraq deyir: “Sizlər zalımları razı salaraq, hakimiyyəti ələ keçirmələrinə imkan yaratdınız. Allahın işlərini onların öhdəsinə qoydunuz. Allahın əmirlərini, Onun saleh bəndələrinə tapşırmalı olduğunuz halda, Allah düşmənlərinə tapşırdınız. Onlara səs verib, dövlət başına gətirdiniz. Dövlət başına gətirdiyiniz adamlar işlərini düzgün və qanuni izahı olmayan, şübhəli şəkildə aparırlar. Onlar öz şəxsi istəklərinin təmin edilməsi üçün çalışırlar. Bununla da, yolu dünya düşkünlərinin üzünə açmış olurlar”.
Müxtəlif mədəniyyət mərkəzləri yaratmaqla, həqiqətdə günah və fəsad mərkəzləri açırlar. Bu adla xalqın büdcəsindən öz şəxsi maraqları üçün milyonlarla pul xərcləyir, günah işləri təşviq və təbliğ edən mətbuat dərgilərinə, informasiya vasitələrinə maddi-mənəvi yardımlar göstərirlər.
“Bunların qarşısında nə etmək lazımdır?” sualının çox sadə bir cavabı vardır. Necə ki, 13 əsrdən bəri əzadarlıq etmək, qara geyinməklə İmam Hüseyn yaddaşlarda yaşadılıb, siz də bu yoldan istifadə edin. Düzdür, bundan başqa üsullar da vardır. Lakin yuxarıda qeyd etdiyimiz üsul, hər halda daha təsirli olub, ən çox təcrübədən keçirilmişdir və nəticəsi də məlumdur. Bu üsul sizin İslama, Hüseyn məktəbinə olan hədsiz bağlılıq və məhəbbətinizi nümayiş etdirir. Çirkin üsullardan istifadə etmək, biz müsəlmanlara yaraşmaz. Bu işlərin əvəzində İmam Hüseynə olan məhəbbətinizi izhar etməyiniz kifayətdir.
Bu tarixi hadisədən lazımınca yararlanmalı və özünüzdə cəsarət, şücaət, fədakarlıq kəşf etməlisiniz; gələcək nəsillərə də bu gözəl hissləri aşılamalı, müsəlmanların qarşılaşa biləcəyi bu növ hadisələrdə daha tədbirli olmaları üçün gəncləri hərtərəfli hazırlamalısınız. İslam yolunda öz canınızdan, övladınızdan, yaxınlarınızdan və mal-dövlətinizdən keçməyə hazır olmalısınız. Bu hazırlıq çox mühüm və həyati əhəmiyyət daşıyır.
Qurani-Kərimin Ənfal surəsinin 60-cı ayəsində buyurulur: “Bacardığınız qədər hərbi və nizami güc toplayın”. Sözü gedən ayədən məqsəd, heç də bu gücün hamısından istifadə edilməsi deyildir. Burada məqsəd vardır: "Bu gücü və təchizatı, düşmən qorxuya düşsün deyə, toplayın. Siz şəhid olmağa hazırlığınızı elan edin ki, düşmən də qorxub geri çəkilsin. Onlar heç vaxt öz canlarını təhlükəyə salmazlar”. Bir içimlik şərab üçün qarışıqlıq törədən insanlar, heç vaxt canlarını xətərə salmaq istəməzlər. Əgər sizlər mərdi-mərdanə meydanda dursanız, onlar qurd görmüş dovşan kimi qaçıb canlarını qurtarmağa çalışarlar. Bu cür insanlar mətanət, əzmkarlıq hissindən məhrumdurlar. Bu səbəbdən də öz amalları uğrunda şəhid olmağa hazır olan mərd insanlar qarşısında müqavimət göstərə bilmirlər.
Ümumiyyətlə, insanları öz məqsəd, amal və yollarından döndərmək üçün ya rüşvət vasitəsindən istifadə edir, ya da ölümlə hədələyirlər. Əgər bu şəraitdə düşmənlərə əzmkarlıq nümayiş etdirilsə, sonda müvəffəqiyyət qazanmaq olar. Çünki ölümü, şəhadəti özlərinə nicat, iftixar, səadət vasitəsi bilən cəsarətli insanları yollarından döndərmək üçün başqa bir təhrikedici üsul qalmayacaqdır; bu yolda ölüm də, sağ qalaraq müvəffəqiyyət əldə etmək də qələbədir.
Haqq yolunda məğlubiyyət yoxdur. Bu ideya və iradə sahibləri insanların yaddaşlarında yaşadılmağa layiqdirlər. Bu səbəbdən də üstündən 13 əsr keçməsinə və unutdurulması naminə saysız-hesabsız səylərin göstərilməsinə baxmayaraq, İmam Hüseyn məhəbbəti insanların qəlbindən silinməmişdir.
Tarixə nəzər salsaq, qələbələrin əksəriyyətinin də bu cür əldə edildiyini görərik. Bu şərtlə ki, onlar hiss etməlidirlər ki, siz meydanı tərk etmək niyyətində deyilsiniz. Bu, çox önəmli bir məsələdir. İmam Hüseyn da buyurur: “Əgər xalq Bəni-Üməyyənin onlara hökumət etməyini istəmirsə və dinlərinin salamat qalmalarını arzulayırlarsa, üç mühüm amilə diqqət etməlidirlər: Din yolunda öz mallarından, pullarından xərcləməli; Haqq uğrunda canlarından qorxmayıb, şəhadətə hazır olmalı; Tərəfkeşliyi buraxıb haqqı tutmalı, qohumbazlıq, yerlibazlıq, təəssübkeşlik hisslərindən uzaq olmalı". Yəni, müsəlmanlar diqqəti Allahın, peyğəmbərin, vəliyyi-fəqihin əmrlərinə yönəltməli, onun hər əmrinə "Ləbbeyk" deyərək, itaət göstərməlidirlər. Bu amillər bizim təhlükəsizlik və birliyimizi möhkəmlədib, düşmənlərin sıralarımıza nüfuz etməsinin qarşısını alar. Həzrət İmam hüseyn (ə) buyurur: “Əməviləri qüdrətli edən sizin arının şirəyə yapışdığı kimi, dünyaya bağlılığınız oldu. Bu bağlılıq sizlərin igidcəsinə meydanda durmağınıza maneçilik törətdi. Sizin bu zəifliyiniz düşməni tamaha saldı. Dünyaya ürək bağlamasaydınız, axirət dünyasına inamınız olsaydı və əbədi səadətə qovuşmaq üçün dünyanın ötəri ləzzətlərindən əl çəksəydiniz, düşmən sizə qələbə çala bilməzdi. Sonda Allahın razılığını əldə etmiş olardınız”.
Mizbah Yəzdi