21 Noyabr 2024 - 21
Yezidin göndərdiyi qoşun Kərbəlada İmam Hüseynin arxasında namaz qılıbmı? Əslində Kərbəlada Ömər Sədin rəhbərlik etdiyi 30 minlik qoşun İmam Hüseynin arxasında namaz qılmayıb. Əksinə İmam Hüseyn namaz qıldığı vaxt onlar İmam Hüseyni və arxasında namaz qılanları ox yağışına tutublar. Sadəcə bir namaz qılmaq faktı var, o da Hürr ibn Yezidin rəhbərlik etdiyi qoşunla bağlıdır.
Hürr ibn Yezidin rəhbərlik etdiyi min nəfərlik qoşun ilk olaraq İmam Hüseyni qarşılamağa göndərilir, onlar Kərbəlaya daxil olmazdan əvvəl İmam Hüseynin qarşısını kəsirlər və Hürr ibn Yezid bildirir ki, beyət almayınca əl çəkməyəcəklər. Görüş vaxtı Zöhr-Əsr namazlarının vaxtına düşdüyündən İmam Hüseyn Hürr ibn Yeziddən öz tərəfdarları ilə birgə namaz qılıb-qılmayacağı barədə soruşur, o isə İmam Hüseynlə birlikdə namaz qılmaq istədiklərini deyir. Zöhr namazını birlikdə qıldıqdan sonra İmam Hüseyn tərəfdarları ilə öz xeymələrinə gedir, Hürr ibn Yezid də öz tərəfdarlarının yanına qayıdır.
İbn Kəsir qeyd edir ki, Əsr namazını da Hürr ibn Yezid İmam Hüseynə iqtida edərək, qıldı.
Şeyx Səduq yazır ki, namaz bitdikdən sonra Hürr ibn Yezid İmam Hüseynin yanına gəldi və ona Allahın salamı, rəhməti və bərəkəti sənin üzərinə olsun, ey Allah Rəsulunun oğlu deyə salam verdi. İmam Hüseyn salamın cavabını verdikdən sonra ondan kim olduğunu soruşdu. O, cavabında Hürr ibn Yezid olduğunu dedi. İmam Hüseyn Hürrdən soruşur ki, sən bizə qarşısan, yoxsa bizimlə birlikdəsən? Hürr isə cavabında bildirir ki, Allaha and olsun ki, mən sizə qarşı müharibə aparmaq üçün göndərilmişəm. Amma mən ayaqlarım saçlarıma, əllərim də boynuma bağlanmış vəziyyətdə qəbrdən çıxarılıb cəhənnəmə atılmaqdan Allaha sığınıram. Yəni sizə qarşı müharibə aparsam Allah məni bu şəkildə cəzalandırar. Sonra da üzünü İmam Hüseynə tutub deyir ki, ey Allah Rəsulunun oğlu, hara gedirsənsə, qayıt, çünki səni öldürəcəklər.
Famil Burxanoğlu