22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

İmam Hüseyn və Kərbəlada eşqin nümayişi
02.03.2019

Aşura gününün hər anı Allah yolunda fədakarlıq və mübarizənin ən böyük qəhrəmanlarını özü ilə meydana aparır. Seyyüdüş-şühədanın səhabə və köməkçiləri bir-bir eşq və isarın ən əzəmətli səhnələrini tamaşaya qoyur və Kərbəla çölünü elə kişilərin canfəşanlıqlarının tamaşasına çevirir ki, onlardakı vəfa və paklığın misli tarixdə görünməmiş və görünməyəcəkdir.

Belə bir tamaşa və Zeynəb kimi bir tamaşaçı ki, hər şəhadət ürəyinə bir dağ qoyur, yalnız qamətinə müsibət zərbəsi endirir. Lakin bu zərbələr onun müqavimət və möhkəmliyi qarşısında sınır, aram, böyük ruhuna baş əyir.

İndi Zeynəb Əhli-beytin məzlumiyyəti və yezidlərin alçaqlığı üçün fəryad qoparan ən acı səhnələrdən birinə şahiddir. İmam Hüseyn son anlarda Zeynəbin xeyməsinin yanına gəlir: "Bacı, kiçik uşağımı mənə ver, onunla vidalaşım". Zeynəb qardaşının südəmər oğlunu ona verir. Susuzluğun əldən saldığı bir südəmər körpənin halını kim təsvir edə bilər? Və kim ağır müsibətlərdən sonra kiçik uşağının öldürücü susuzluğu və qızdırmasına baxan bir atanın halını doğru-düzgün təsəvvür edə bilər? Ata, belə susuz bir körpə ilə necə vidalaşsın? Vidalaşmaq üçün onu öpməkdən başqa bir yolu varmı? Amma, atanın dodaqları uşağın hərəkətsiz üzünə çatmamış düşmən Hərmələnin oxu onun kiçik boğazını deşib, qəmli Kərbəla torpağına qan toxumu səpir.

Bir ərəb şairinin təbiri ilə desək, düşmənin oxu uşağın boğazını Hüseynin dodaqlarından tez öpür. İmam Hüseyn uşağı Zeynəbə qaytarır. Hər iki əlini körpənin boğazının qanı ilə doldurub, göyə səpir və bu gözəl kəlamı buyurur: "Hovnun ələyyə ma nəzələbi ənnəhu bi əynillah" (Mənə nə (müsibət və çətinlik) olsa asandır. çünki, Allah onu görür və bütün bunlar, onun gözləri qarşısındadır)

İmam Baqir buyurmuşdur: “O qandan bir damcı da yerə qayıtmadı”. Əliəsgərin atasının qucağında acı şəhadət səhnəsi çox ağır və təsirli ola bilərdi, amma bütün bunları asanlaşdıran yalnız İmam Hüseynin eşqi idi.

Aşura – Allaha eşq günü, Kərbəla isə Hüseynin öz Allahı ilə ən böyük eşq meydanıdır. Seyyüdüş-şühəda hər şeyini öz məşuquna qurban etmək üçün meydana gətirilmişdi və bütün bunları özünə asan bilirdi. Çünki, o öz məhbub və məşuqunu öz yanında və hadisələrə şahid bilirdi.

Məhəmməd İştihardi