22 Noyabr 2024 - 22
Biz intibah və tərəqqi əsrimizi yaşayırıq. Bu günün qüdrət və izzəti zühurun bir müqəddiməsidir. Cəmi 200 il əvvəl, 1802-ci ildə yeni qurulmuş Səudiyyə rejimi (1-ci Səud dövləti) tərəfindən 12 min vahabi Qədir-Xum günü Kərbəlaya hücum edib 5 min Əhli-beyt tərəfdarını qətliam etdilər, şəhəri darmadağın edib, İmam Hüseynin (ə) müqəddəs hərəmini qarət edib yandırdılar. Bu, cəfəri "fiqh"inin ən çiçəklənən dövrünə, "Molla Əhməd Nəraqi", Məhəmməd Həsən Nəcəfi (Sahibi Cəvahir)", "Şeyx Ənsari" (nisbətən gənc yaşları) kimi nəhənglərin zamanına təsadüf edirdi.
Müqayisə üçün deyim ki, “1802 Kərbəla qarətində” vəhabilərin sayı cəmi 12 min idisə, son fitnə dövründə təkcə bir qrupun - yəni "İŞİD"in 12 min civarında yalnız intihar əməliyyatçısı var idi. Ümumi döyüşçü sayı 80 min təxmin edilir. Büdcəsi 1 milyard dollar civarında olan, bütün vahabi, Qərb ölkələrindən tam dəstək alan bu mənfurların nəfəsi belə pak hərəmlərimizə çatmadı. Müqabilində dünyanın ən böyük toplantısı, çoxmilyonluq Ərbəin yürüşü ən təhlükəsiz və izzətli şəkildə nümayiş olundu.
Bu gün nəfəs alan hər bir Əhli-beyt sevdalısı bu izzət əsrində yaşadığını İlahi lütf kimi dəyərləndirməli və bilməlidir ki, gələcək nəsillər bu günləri ən şanlı tarix kimi oxuyacaq və bizimlə fəxr edəcəklər.
Mətləb Bağırov