21 Noyabr 2024 - 21
Təvvabin qiyamı İmam Hüseynin şəhadətinin ilk müsbət nəticəsi Kufə şəhərində “Təvvabin” hərəkatı oldu. Elə ki İmam Hüseyn şəhadətə yetişib İbn Ziyad Nüxeylədəki hərbi hissəsindən şəhərə qayıtdı, Aşura hadisəsində İmam Hüseynin yanında olma fürsətini əldən vermiş şiələr özlərini möhkəmcə danladılar. Onlar indi başa düşdülər ki, böyük səhvə yol veriblər. Çünki onlar əvvəl İmam Hüseyni Kufəyə dəvət etmiş, sonra isə ona kömək etməkdən imtina etmişdilər. İmam Hüseyndə onların bu dəvətinə əsasən, İraqa gəlmiş, onların şəhəri yaxınlığında şəhadətə çatmış, onlar isə heç yerlərindən belə tərpənməmişdilər. Onlar başa düşdülər ki, İmam Hüseynin qatillərindən qisas almayınca, ya da bu yolda ölməyincə bu alçaqlıq ləkəsi onların üstündən götürülməyəcək. Bu fikrə əsasən, şiələr Kufədə olan beş nəfər rəhbərlərinin - Süleyman ibn Sürəd Xüzai, Müsəyyib ibn Nəcəbə Fəzari, Abdullah ibn Səd Nüfeyl Əzdi, Abdullah ibn Val Təmimi və Rüfaə ibn Şəddad Bəcəlinin yanına getdilər. Süleyman ibn Sürədin evində məclis quruldu. Əvvəl Müsəyyib ibn Nəcəbə sözə başlayıb kiçik bir müqəddimədən sonra belə dedi: “...Biz həmişə öz mövhumi xeyirlərimizin ardınca olub öz dostlarımızı tərifləmişik. Ancaq Allahın Peyğəmbər balası üçün irəli çıxardığı bu imtahanda bizim yalanımız aşkar oldu. Biz bu imtahandan başıaşağı və xəcalətli çıxdıq və hər cəhətdən Peyğəmbər balasına soyuq yanaşdıq. Hüseyn – Peyğəmbər balası bizə məktublar yazdı, qasidlər göndərdi və dəfələrlə, istər aşkara, istərsə də, gizlicə bizdən kömək istədi və hər cür bəhanənin qarşısını aldı. Biz isə onun yolunda canımızı əsirgədik. Nəticədə bizim qulağımız dibində (yaxınlığımızda) acınacaqlı şəkildə şəhid edildi. Biz o qədər süstlük etdik ki, nə dil və əməlimizlə ona kömək etdik, nə öz mal-dövlətimizlə onun köməyinə tələsdik, nə də öz qəbilələrimizi onun köməyinə çağırdıq. İndi Allah və Onun Peyğəmbəri qarşısında nə üzrümüz var? And olsun Allaha, üzrümüz ancaq bu ola bilər ki, ya Hüseynin (ə) qatillərini öz cəzalarına çatdıraq, ya da bu yolda ölək. Bəlkə Allah bizdən razı qala...”
Sonra isə bir neçə nəfər də sərt çıxışlar etdi. Daha sonra isə bu dəstəyə başçı seçilmiş Süleyman ibn Sürəd Xüzai aşağıdakı məzmunda bir çıxış etdi: “Biz Peyğəmbər ailəsinin gəlməsinin intizarında idik və onlara kömək vədəsi verib İraqa gəlməsini dəstəklədik. Ancaq elə ki bizim istəyimiz yerinə yetdi və Peyğəmbər balası bizim diyara gəldi biz süstlük edib zəiflik göstərdik. Günü-günə satmaqla vaxt keçirib hadisələrin intizarında oturduq. Nəticədə də, Peyğəmbər balası şəhid edildi. İndi ayağa qalxın və qılınca əl atın! Çünki Allahın qəzəbinə düçar olmusunuz. Nə qədər ki, Allahın Rizayətini cəlb etməmisiniz, arvad-uşaqlarınızın yanına qayıtmayın. Peyğəmbər balasının qanını almayınca, Allah sizdən razı olmayacaq. Ölümdən qorxmayın. And olsun Allaha, kim ki, ölümdən qorxur, o zillət və məğlubiyyətə məhkumdur. Gərək Bəni-İsrail kimi olasınız. Musa Peyğəmbər onlara buyurdu: “Siz buzova sitayiş etməklə, həqiqətən, özünüzə zülm etdiniz. Buna görə də, yaradanınıza tərəf üz tutaraq tövbə edin, özünüzü (Tanrı bilən adamlarınızı) öldürün.”
Bu yığıncaqdan sonra Süleyman ibn Sürəd, Sə’d ibn Hüzeyfə ibn Yəmana və digər Mədain şiələrinə məktub yazaraq hadisənin gedişatını onlara çatdırdı və onlardan kömək istədi. Onlar Süleymanın də’vətini qəbul etdilər. Həmçinin, Süleyman ibn Sürəd Müsənna ibn Müxrimə Əbdiyə və digər Bəsrə şiələrinə də məktub yazdı. Onlar da Süleymana müsbət cavab verdilər.
Təvvabin hərəkatının səbəbi Təvvabin dəstəsi bu fikirdə idi ki, İmam Hüseynin qətlinin günahkarı ilk növbədə camaat yox, Bəni-Üməyyə hökumətidir. Buna görə də, intiqam məqsədi ilə Şama tərəf hərəkət edib dedilər ki, Bəni-Üməyyədən intiqam aldıqdan sonra Kufə cinayətkarlarının işinə yetişəcəyik. Qeyd etdiyimiz kimi bu hərəkatın səbəbi günahdan peşiman olmaq və səhvi düzəltmək idi. Təvvabin dəstəsinin çıxış, məktub və xütbələrindən peşmançılıq və günahı aradan aparmaq fikri açıq-aydın hiss olunur. Kim onların bu çıxış, məktub və xütbələrini oxusa, bu mövzunu asanlıqla dərk edə bilər. Elə bu səbəbə görə də, Təvvabin hərəkatı zahiri araşdırmada intiharamiz bir qiyam şəklində nəzərə çarpır. Təvvabinin yeganə məqsədi intiqam almaq və öz günahlarını yumaq idi və bundan başqa heç bir ayrı fikirləri yox idi. Onlar nə qələbə etmək fikrində idilər, nə də hökumətə gəlmək istəyirdilər. Təkcə məqsədləri intiqam idi. Onlar evlərindən çıxarkən yəqin bilirdilər ki, bir daha geri dönməyəcəklər. Onlar öz məqsədlərinə çatmaq uğrunda ölmək arzusunda idilər. Hətta düşmən onlara aman da vermişdi, ancaq onlar bu amandan imtina etmişdilər. Çünki onlar amanı hərəkatın məğlub olmasına uğrayacaq bir tor bilirdilər. Təvvabin hərəkatının qüvvələri Təvvabin hərəkatına qoşulanlar təkcə şiələr deyildi. O cümlədən vəziyyətin dəyişməsini istəyən və Əməvi hökumətinin zülmündən qanlı bir hərəkatla azad olmaq istəyən bütün qüvvələr də Təvvabin hərəkatına qoşulmuşdular. Düzdür, bu qiyamın əsasən intiqam xarakteri daşımasına və qiyamçıların şəhadət fikrində olduqlarına görə bir çoxları bu hərəkata qoşulmadılar. Süleyman ibn Sürədin siyahısında on altı min nəfər ad yazdırmış və bu ədədin yalnız beş min nəfəri qiyamda iştirak etmişdi. Şam ordusunun sayı isə otuz min nəfər idi. Əlbəttə, bunun da səbəbi məlumdur. Öz məsləki uğrunda yüksək səviyyədə fədakarlıq göstərib şəhadət tələb edən şiələrin vurğunu olan şəxslər təbii ki, hər zaman azlıq təşkil edirlər. Təvvabin hərəkatının əməliyyatı Təvvabin hərəkatı hicrətin altımış birinci ilində başlandı. Təvvabin bu tarixdən etibarən döyüş hazırlıqları görüb camaatı gizlicə İmam Hüseynin intiqamını almağa çağırırdı. Camaat da istər şiə, istərsə də başqaları onlara birləşirdi. Təvvabin qiyamı hazırlanan zaman Yezid öldü. Təvvabin camaatla həmkarlıq etmək üçün ətraf məntəqələrə qasidlər göndərdi. Bu zaman qiyamçılar ehtiyatı kənara qoyub açıq-aşkar silah toplamağa başladılar. Nəhayət hicrətin altımış beşinci ili rəbiüs-sani ayının beşinci günü cümə axşamında qiyamın ilk şöləsi alovlandı. Həmən gecə Təvvabin İmam Hüseynin pak məzarına tərəf hərəkət etdi. Elə ki İmam Hüseynin qəbrinin üstünə yetişdilər, ürəkdən bir fəryad edib özlərindən çıxaraq aşağıdakı cümlələri göz yaşlarına qatdılar: “İlahi! Biz Peyğəmbər balasına kömək etmədik. Bizim ötən günahlarımızı bağışla və tövbəmizi qəbul et! Hüseyn və onun şəhid olmuş həqiqi dostlarının ruhuna rəhmət göndər. Biz şəhadət veririk ki, Hüseynin şəhid olduğu məslək fikrindəyik. İlahi! Əgər bizim günahlarımızı bağışlamasan, bizə rəhmət gözü ilə baxmasan, ziyankar və bədbəxt olarıq...”
Bu şüurlu və həyacanlı hadisədən sonra şəhidlərin qəbrindən aralanıb Şama tərəf hərəkət edərək Eynül-vərdə adlı bir yerdə Şam ordusu ilə üz-üzə gəldilər. Şam ordusuna Übeydullah ibn Ziyad başçılıq edirdi. Üç gün davam edən ağır döyüşdən sonra Təvvabin qiyamı məğlubiyyətə uğradı. Hərəkatın başçıları Rüfaə ibn Şəddad Bəcəli istisna olmaqla hamı şəhid oldu. Ordunun qalan hissəsi Rüfaənin başçılığı ilə Kufəyə qayıdıb orada fəaliyyət göstərən Muxtarın tərəfdarlarına birləşdi. Təvvabin qiyamının ictimai və aydın bir məqsəd güdməsinə və tez bir zamanda məğlub olmasına baxmayaraq o, Kufə camaatına böyük təsir bağışladı və ümumi fikri bəni-Üməyyəyə qarşı mübarizə etməyə hazırladı.
Mehdi Pişvayi