23 Noyabr 2024 - 23
Əgər biz İmam Hüseynin tarixinə baxsaq, buna iki cür yanaşa bilərik. Birinci fərdi yanaşmadır. Meydanda kimlər idi. Onlardan Şimri, Ömər ibn Sədi, əmrləri verən İbn Ziyadı və o zamanın hökumət başçısı, İslam xəlifəsi saydıqları Yezid ibn Müaviyəni misal çəkmək olar. Yəni bu silsilədə əmr Yeziddən idi, İbn Ziyad da onun Kufədəki valisi idi və onun əmrlərini icra edirdi. Hətta İmam Hüseyn Mədinədən çıxmadan öncə Yezidin Mədinə valisinə göndərdiyi məktubda İmam Hüseyndən beyət alınmasını və əgər beyət etməsə, öldürülməsini istəmişdi. Buna görə də, fərdi yanaşmada bu cür cavab vermək olar.
Lakin bu tarixçənin ictimai cəhəti də vardır. Tarix bizə göstərir ki, insanlar Kərbəlaya əmr əsasında gəlmişdilər və sayları 30 min nəfərdən çox idi. Demək olar ki, orada olanların bir qismini çıxmaq şərtilə çoxu İmam Hüseynin kimliyini tanıyırdılar.
Biz onların İmam Hüseynə qarşı çıxmalarının əsas səbəblərini araşdırmalıyıq. Bunun əsas cavablarından biri budur ki, İmam Hüseyn Qadisiyyə ilə Kufə arasında ola bir məntəqəyə gəlib çatdıqda dörd nəfər İmam Hüseyni qarşılamağa gəlir. İmam onlardan Kufənin vəziyyətini soruşanda bu cavabı verirlər ki, Kufənin əşrəfləri, imkanlı adamları, vəzifəli insanları, hörmətli insanları hamısı rüşvətxordurlar. Onların hamısı var-dövlət yığmağa maraqlıdırlar. Sənə yazdıqları "Müaviyə dünyasını dəyişib, biz haqqı, ədaləti bərpa etmək istəyirik, bizim köməyimizə çat" tipli məktubların hamısı maddi mənfəət qazanmaqdan ötrü ortaya atdıqları düşüncə və iddialardır. Amma Kufədə olan sadiq insanların qəlbləri səninlədir, qılıncları isə sənin əleyhinədir.
Deməli, biz bunu başa düşürük ki, Kufədə və ya o zamankı müsəlmanların yaşadığı yerlərdə insanlarda ali məqamlara xidmət etmək istəyi olmamışdır. Onlar yalnız şəxsi mənafelərini güdmək, çoxlu pul qazanmaq, rüşvət ilə kimlərinsə əmrinə itaət etmək halında idilər.
Ona görə biz buna fərdi cavab versək ki, o zaman adlarını sadaladığımız əsas vəzifə sahibləri yada düşür. Lakin insanların bir çoxunun meydana gəlməsində, imamın qarşının alınmasınında, imama qarşı qılınc vurmaq, ox atmaq və müharibəyə girişiməkdə də əsas məqsədləri maddi mənfəət qazanmaq, mal-dövlət sahib olmaq idi.
İlham Abbasov