24 Noyabr 2024 - 24

24 Noyabr 2024 - 24

Cəbriyyə məzhəbinə meyl
12.03.2019

İnsanların fikrini yayındırıb onları ram etməyin yollarından biri də insanlar arasında iradə məcburiyyəti əqidəsini yaymaqdır. Ümumiyyətlə, zalım hökumətlər öz cinayətlərinə bəhanə gətirəndə iradə məcburiyyəti əqidəsinə meylli olurlar. Yəni, hər şeyi Allahın adına yozaraq, “bu Allahın işidir” - deyə öz cinayətlərini boyunlarından atırlar. Onlar “Allah məsləhət bilməsəydi, belə olmazdı və heç Allahın Özü işin bu cür olmasına şərait yaratmazdı” kimi ifadələrdən məharətlə istifadə edirlər. Məcburiyyətə meylliliyin məntiqi budur ki, nə ki, var, elə o da olmalıdır və nə də ki, yoxdur, o da olmamalıdır.

Bəni–Üməyyə hakimiyyətinin ideoloji dayaqlarından biri iradə məcburiyyəti əqidəsi idi. Onlar camaat arasında cəbriyyə əqidəsini yayıb hər şeyi Allahın işi kimi qələmə verməklə camaatın ehtimal verilən hər hansı bir etirazını dəf etmək istəyirdilər. Əməvilər öz hakimiyyətlərini qoruyub saxlamaq və eləcə də xalqın qiyamının qarşısını almaq üçün Cəbriyyə firqəsini genişləndirir və onu himayə edirdilər. Bunun müqabilində isə onlar Qədəriyyə məzhəbinin yayılması təhlükəsi ilə üz-üzə gəlirdilər. Bu məzhəb insanı öz əməli qarşısında azad bilir və belə bir məntiq irəli sürür ki, insan hər hansı bir işi görürsə, öz iradəsi və istəyi ilə görür. Əməllərində azad olduğu üçün də məsuliyyət daşıyır. Çünki hər bir azadlıq məsuliyyət tələb edir. Bu məzhəb müsəlmanların müxalifətçiliyindən qorxan Əməvilər üçün böyük təhlükə hesab olunurdu. Buna görə də, onlar Qədəriyyə məzhəbinin başçılarını təzyiqlərə məruz qoyur, bu məzhəbin qarşısında duran Cəbriyyə məzhəbini isə himayə edirdilər. Səbəbi də bu idi ki, Cəbriyyə məzhəbi siyasi mübarizə meydanında Əməvilərin məqsədi ilə tam uyğun gəlirdi. Bu məzhəb camaata deyirdi: "Əməvilər və onların əməlləri nə qədər pis və haqdan uzaq olsa da, Allahın təqdiridir və heç cür bunu dəyişmək olmaz. Buna görə də, onlara qarşı müxalifətçiliyin heç bir əhəmiyyəti yoxdur."

Müaviyə öz çirkin əməllərini Allahın təqdiri, qəza-qədəri kimi adlandırmaq və bunların dəyişilməsinin heç cür mümkün olmadığını bildirmək üçün zahirdə özünü Cəbriyyə məzhəbinə mənsub edirdi. Bundan əlavə, Müaviyə İslam xəlifəsi olduğu üçün onun elədiyi günahlar onun məqamına heç bir zərər yetirmir və bu günahlar onunla müxalifət etməyə əsas vermirdi. Aydındır ki, Müaviyə kimi mühüm mənfəətləri güdən bir şəxs onun bu istəklərini ehtiva edən Cəbriyyə məzhəbindən qəflətdə qala bilməzdi. Müaviyə və Əməvilərin digər nümayəndələri yaxşı bilirdilər ki, onların hökuməti müsəlmanlar üçün dözülməzdir. Onlar yaxşı bilirdilər ki, bir sıra müsəlmanların gözündə onlar hiyləgər, yalançı, Peyğəmbər ailəsinin düşməni, günahsız və təqvalı insanların qatili kimi tanınmışlar. Bunu da yaxşı bilirdilər ki, camaatı onların əleyhinə qiyamdan saxlaya bilən yeganə məzhəb varsa, o da Cəbriyyə məzhəbidir. Bu elə bir məzhəbdir ki, camaata deyir: "Allah ilk gündən yazıb ki, bu sülalə hakimiyyətə gəlsin. Buna görə də, onların bütün əməlləri Allahın qəza-qədəridir." Bu baxımdan bu cür fikirləri müsəlmanların zehnində yaymaq tamamilə Əməvilərin xeyrinə idi.

Mehdi Pişvayi