22 Noyabr 2024 - 22
İmam Hüseyn (ə) niyə qiyam etdi? Zamana, şəraitə görə dəyişən yeni dövlət yaratmaq istəyirdi? İslahat bu idimi?Buyurur: “Cəddimin gətirdiyi hökmlərə əməl edin!” Xilafət iddiasında olan isə şərab əhli idi. Hətta bu xəstəliyə o qədər aludə olmuşdu ki, camaat namazına belə içkili halda gəlirdi. İmam Hüseyn (ə) isə başqalarından fərqli olaraq onun bu əməlinə göz yummur və buyururdu: “Şərabxora cəza verilməlidir!”
İmam Hüseyn (ə) buyurmuşdur: “Mən cəddimin ümməti arasında islahat aparmaq üçün qiyam etmişəm.” Gəlin imamın bu sözləri deyərkən hansı məqsəddə olduğunu araşdıraq və “İslahat nədir?” sualını aydınlaşdıraq. İlk növbədə o həzrətin çıxışından bəzi hissələri qeyd etmək istərdim. Kərbəla yolunda çıxışlarının birində həzrət buyurur: “Əgər bir nəfər, zalım bir sultanın zor gücünə hakimiyyət sürdüyünü, əldə etdiyi iqtidarı hesabına bəndəçilik əhdi olan İlahi peymanı sındırdığını, Allah hökmlərindən boyun qaçıraraq, peyğəmbərin (s) əmrlərinə itaət etmədiyini və xalqla rəftarında həddini aşdığını görsə və onu öz sözü və əməli ilə düz yola dəvət etməsə, onu əyri yoldan döndərməyə çalışmasa, Allahın haqqıdır ki, onu da həmin zalımla birlikdə cəhənnəmə daxil etsin. Beləliklə də, zalımlər cərgəsində qərar tutsun.”
Yəni, zalımın zülmünü görüb, onunla mübarizə aparmayan müsəlmanın yeri cəhənnəmdir. Həmin zalım zülmə əl atdı, bu şəxs də sükut etdi. Xilaf işin müqabilində sükut etmək, onun gördüyü işi imzalamaq deməkdir. Bununla da o, həmin işi təsdiq etmiş olur və onların həmdəminə çevrilir. Sonra buyurur: “Mənim qarşı-qarşıya dayandığım adamlar (Bəni-üməyyə) şeytanın itaətinə keçib, onun həmdəmi olublar. Allah-taalanın öz bəndələri ilə əhdi bu idi: “Şeytana ibadət etməyin ki, o sizin aşkar düşməninizdir.” Bu əhdin əksinə əməl etdilər. Şeytana itaət edib, Allahdan üz döndərdilər; onlar fəsadı üzə çıxartdılar.” Bu kəlmələr mənim sözlərimin əsas dəlilidir. Fəsadı zahir edib, cəmiyyətdə aşkara çıxartdılar; ilahi hökmlərin icrasını dayandırdılar. Allahın hökmlərinin ziddinə getdilər. Bunlar fəsad və qanunsuzluqlardır.
Hüseyn (ə) məktəbində də fəsad bunlara deyilir: “Beytül-malı ata malı bilib, öz yaxınları, qohumları arasında bölüşdürdülər. Bütün müsəlmanlara məxsus olan dövlət büdcəsini, ixtiyarlarında olan ümumi imkanlarını öz tərəfdarlarının ixtiyarına qoydular.” Allahın haram buyurduqlarını halal etdilər. Allahın haram buyurduğu şeylər haqqında belə deyirlər: “Nə haram? Bir az istifadə etməyin eybi yoxdur! Ya da indi eybi yoxdur, dolanmaq olmur, acından öləsi deyilik ki? İslam da şəraitə, zamana görə dəyişir, yeni şəkil alır. Bizə fəal din lazımdır, dünən haram idi, bu gün halal!” İşi elə yerə gətirib çıxarıblar ki, hətta dindar cavanlar belə soruşurlar: “Nə vaxt oğlanın qızla dostluğu caiz olacaq? Hələ müctehidlər icazə verməyiblər?” Onlara deyəndə ki, bunlar halal olacaq işlər deyil, Allah haram buyurduğu şeylər haramdır. Cavabında deyirlər: “Yox, çox şeylər var idi ki, haram idi, lakin indi halaldır.” Dinin zamana görə dəyişməsini bu cür fikirləşirlər; yəni, bir gün yetişəcək ki, Allahın hökmləri əvəz olunacaqdır. Kim əvəz edəcəkdir? Hakimin qüdrətimi! İmam Hüseyn (ə) zalım qarşısında etiraz etməyin hər müsəlmanın borcu olduğunu xatırladıb, sözünü belə davam etdirir: “Məgər Allahın Rəsulu (s) deməyibdir ki, zalım hakimin rəftarına etiraz edib, onu doğru yola səsləməyənin yeri cəhənnəmdir?! Belə bir zamanda zalımlar əleyhinə qiyam etməyə məndən ləyaqətli daha kim olacaqdır? Bu islahatları aparmağa hamıdan çox mənim haqqım vardır. Mənim xürucumun səbəbi bu islahatlar üçündür.”
Mən cəddimin ümməti arasında islahat aparmaq istəyirəm – deyə buyurduqda, aşağıdakı mətləbləri nəzərdə tuturdu: İlahi hökmlər əvvəlki vəziyyətinə qayıtmalıdır; Beytül-mal və ümumi imkanlar müsəlmanların arasında ədalətli şəkildə bölünməlidir; İnsanların hamısı bərabər hüquqa malik olmalıdır; İqtisadi, idari, hüquqi imtiyazlardan bərabər şəkildə istifadə edilməlidir. Qohum-əqrəbalara, dost-tanışlara üstünlük veriməməlidir. Bunlar hamısı fəsad və qanunsuzluqlardır. Belə fəsadların qarşısını almaq lazımdır, qiyam edilməlidir. İmam Hüseyn bu cür fəsadların kökünü kəsmək üçün qiyam etmişdi. Əgər islahatçıların nəzəri bu növ islahat olarsa, elə biz də bunu istəyirik. Bu növ islahatın düzgün olduğunu hamı qəbul edir. Əlbəttə, müxalif olanlar da var. Onlar ya müsəlman deyillər və ya müsəlman olsalar da, Allaha və ilahi hökmlərə imanları yoxdur. Onların İslam dini iddiasında olmaları gözdən pərdə asmaq üçündür. İslamın dəyər sisteminə əsaslanan islah, yaxşı əməldir. Bütün kafirlər bir zümrədəndirlər.
İslami dəyərlərlə müxalifətçilik edən hər bir şəxs bizim düşmənimizdir. Biz İslami dəyərlərin həyata keçməsi və ilahi qanunların icra olunmasını istəyirik. Amerika və onun əlaltıları isə, bütün bunların insan hüquqlarına zidd olduğunu iddia edirlər. İddialarında hansı dəyər sisteminə əsaslandıqları da məlumdur. Biz Avropa parlamenti, Amerika konqresi və buna bənzər qurumların deyil, Quranın, Allah Rəsulunun sünnəti üzrə əməl edirik. İmam Hüseyn (ə) başqa bir çıxışında buna oxşar məsələ haqqında buyurur: “Bunlar Allahın qanunlarını batil etdilər.” Qanunu batil etmək, onun icrasını dondurmaqdan daha pisdir. Müasir İslam iddiasında olanlar İslam hökmlərinin yersiz, insani dəyərlərə zidd və ya mövcud şəraitlə uyğunlaşmadığı fikrini irəli sürürlər. Daha doğrusu, fikir yox, cəfəngiyat uydururlar. İslamın hökmləri daimi olub, bütün dövrlər üçün nəzərdə tutulmuşdur.
Bu iddia sahiblərinə məsləhətim budur ki, hökmlərin Allah-taala tərəfindən verildiyini nəzərdən qaçırmasınlar. Bu hökmlər insan təfəkkürünün nəticəsi deyildir ki, icrası müəyyən dövrə münasib olsun. Bu sizin qəbul etdiyiniz aktlar, qərarlar deyil ki, gilavar küləyi kimi hər saatdan bir istiqamətini dəyişsin. İlahi hökmlər dövrün tələblərinə uyğun dəyişdirilməməlidir. Əksinə, hər dövrün problemlərinin həlli Qurana, ilahi hökmlərə əsaslandırılmalıdır. Bir zamanlar milli cəbhə “Qisas” layihəsi haqqında da bu sözləri deyirdilər. Berlin konfransında rəsmi surətdə - “Bu qanunlar dəyişilməlidir!” - şüarı ilə çıxış edənlər İslam hökmlərini məhkum etmək istəyirlər. Təəssüflər olsun ki, adını ruhani qoyan bə᾿ziləri də belə biabırçılıqlara səbəb olurlar. Özünü konstitusiya tərəfdarı adlandıranlar, heç olmasa həmin qanunlara hörmət qoyub, belələrini mühakimə etməlidirlər. Siz İslamın vacib buyurduqlarını inkar etdiniz! Siz xarici ölkələrdə İslamın, müsəlmaların nüfuzuna xələl gətirdiniz. Bəs insafınız, şərəfiniz harada qaldı? Görəsən etiqadlı olduğunuz konstitusiya bunlar barədə bir söz demirmi? Qəzetlər və s. kütləvi informasiya vasitələrində xalqın heysiyyatına toxunaraq, bu əməlləri “Söz və mətbuat azadlığı” adlandırırlar. İmam Hüseyn (ə) buyurur: “Mən Allahın dininə yardımçı olmaqda, şəriəti dirçəltməkdə hər kəsdən daha öndəyəm, bu işə hər kəsdən daha çox mənim səlahiyyətim çatır. Bunlar Allahın şəriətini bir tərəfə qoyub onu təhqir etdilər. Mən Peyğəmbərin (s) övladı olduğum üçün ilahi şəriəti dirçəltməkdə hamıdan artıq məsuliyət daşıyıram. Mən Allah yolunda cihad etməliyəm!”
İmam Hüseyn (ə) başladığı hərəkatı “Allah yolunda cihad” adlandırır. Bu hədəflə cihad edir ki, ən uca, ən üstün söz Allahın sözü olsun! Bir kimsə ilahi kəlamdan yüksək söz danışmaq iddiasında olmasın. Allah sözü gələndə heç kəs dillənməsin. Deməsinlər ki, nəuzubillah, Allahın buyurduqları 1400 il bundan əvvəlki dövr üçün yaxşı idi. Bu gün biz özümüz hər şeyi Allahdan da yaxşı başa düşürük! İmam Hüseyn (ə) qardaşına yazdığı vəsiyyətnaməsində hədəfini belə açıqlayır: “Mən cəddimin ümməti arasında islah tələbi ilə xüruc etmişəm!” Mümkündür ki, bu cümlədə İmam Hüseyn (ə) tələb sözünə işarə etməklə nəzərində bu mətləbləri tuturdu: “Mən demirəm hökmən bu işin öhdəsindən gələcək, bütün problemləri həll edib, fəsadı aradan qaldıracağam. Amma bu yolda addım atıb, əlimdən gələni edəcəyəm. Əgər xalq da öz vəzifəsinə əməl edib, mənə köməklik göstərsə, bu iş baş tutacaqdır. Məqsədimizə nail olub, fəsadı islah edəcəyik. Amma xalq kömək göstərməsə, yenə də mən öz vəzifəmə əməl etmiş oluram.”
Görəsən, bu insanın və ya kiçik bir dəstənin əlindən bundan artıq nə iş gələ bilərdi? Öz inqilabı ilə elə bir oyanışa səbəb oldu ki, üstündən 1300 il keçməsinə baxmayaraq, dünyanın əksər xalqları bu əzəmətli hərəkatdan ilham alıb zülmə, ədalətsizliyə qarşı mübarizə aparırlar. Xüsusi şövqlə, həyəcanla qərbdən tutmuş, şərqə qədər İmam Hüseyn (ə) müsibətinə göz yaşı axıdırlar.
Mizbah Yəzdi