21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Müaviyyənin cəmiyyətə təsir edə bilməsinin səbəbləri
15.03.2019

Tarixin müəyyən fərqlərlə təkrar olunduğunu və onun oxşar cəhətlərinin müxtəlif dövrlərdə cüzi dəyişikliklərlə baş verdiyini nəzər alsaq, qarşıya başqa bir sual meydana çıxır. Müaviyə təbliğat aparıb xalqı aldadırdı və xalq da sadəlövhcəsinə aldanırdı. Görəsən, xalqın belə rahatlıqla təsir altına düşməsinin səbəbi nə idi?

Tarix bizə dərs olmalıdır. Biz ondan təcbürə götürməli, ibrət almalıyıq. Müsəlmanların, eləcə də ayrı-ayrı xalqların etdiyi səhvləri təkrarlamamalıyıq. Bu silsilənin davam etməməsi üçün özümüzü yad ünsürlərin, nahaq sözlərin təsiri altına düşməkdən qorumalıyıq. Nəzərdən qaçırmaq olmaz ki, o zamanın şəraitinə oxşar bir vəziyyətlə biz də üzləşə bilərik. Əlbəttə, bu o demək deyil ki, hökmən ayrı bir Müaviyə, Yezid, Şimr və ibn Ziyad kimi adamlar ortalığa çıxmalıdır. Tarixi hadisələr olduğu kimi təkrarlanmır. Onun oxşarı olan hadisələr baş verir.

Mötəbər sənədlərə əsaslanan, həm sünnü, həm də şiə mənbələrində Peyğəmbərdən (s) nəql olunmuş belə bir rəvayəti eşitməmiş olmazsınız. Peyğəmbər (s) buyurur: “Bəni-İsrail qövmünün başına gələnlər, mənim də ümmətimin başına gələcəkdir.” Sonra o həzrət (s) belə bir cümləni də artırır: “Əgər Bəni-İsrail kərtənkələ yuvasına girməli olsa, siz də girəcəksiniz.” Bu rəvayətin mənası o demək deyil ki, hökmən bizim də zamanımızda bir nəfər Firon peyda olacaq və deyəcəkdir ki, mən sizin allahınızam. Yəni, Peyğəmbərin də ümməti ya Firon kimi bir bəlaya düçar olacaq və ya Qarun kimi birisi peyda olacaq, ya da bir nəfər Samiri kimisi bir buzov düzəldib, camaatı ona sitayiş etməyə dəvət edəcəkdir. Məlum məsələdir ki, bu hadisələr eynilə təkrar olunmayacaq. İslam peyğəmbəri həzrət Məhəmmədin (s) zamanında baş verən hadisələr mümkündür sonralar da baş versin. Lakin, bu o demək deyildir ki, Şamda yenidən Müaviyə adlı bir diktator meydana çıxacaq, özündən sonra oğlunu vəliəhd təyin edəcəkdir. Yəni, hədəf və məqsədi eyni olan hadisələr baş verə bilər. Müaviyəni o faciələri törətməyə vadar edən amillər başqalarında da tapıla bilər. Onun öz məqsədinə çatmaq üçün istifadə etdiyi üsullardan digərləri də eyni məqsəd üçün istifadə edə bilərlər. O dövrdə cəmiyyətdə yaranmış süstlük, iradəsizlik, məsuliyyətsizlik, biganəlik mümkündür sonrakı zamanlarda da yaransın. Bu mövzunu o zamanın şəraitindən başlayaraq, təhlil edib araşdırmaq olardı.

Güman edirəm nəzərdə tutulan nəticəni əldə etmək üçün sadə yollardan biri, İmam Hüseynin bu sözlərindən istifadə etməkdir. İmam Hüseynin həcc mərasimi zamanı Minada nüfuzlu şəxslər, sayılıb-seçilən bəzi alimlərlə olan söhbətinin bir hissəsində belə buyurur: “Baxmayaraq ki, Allah sizə bu cür ali ictimai mövqe nəsib etmişdir, amma öz mövqeyinizdən istifadə edib iş görmürsünüz.” İmam Hüseyn (ə) bu insanları, xalq arasında hörmət-izzət sahibi olmalarına baxmayaraq, öz nüfuz və elmlərindən haqq yolunun göstərilməsində onlardan gözlənilən səyi göstərməmək və yığdıqları mal-dövlətdən Allah yolunda xərcləməməkdə ittiham edirdi. Adətən, imamın həmsöhbət və ünsiyyətdə olduğu insanlar xüms, zəkat və digər vacib şəri xərcləri vaxtı-vaxtında ödəyirdilər. İmamın - maddi yardım göstərmirsiniz - deməsində məqsədi bunlardan daha artıq şeylərdir. Çünki, bəzən dinin qorunması üçün şəxsi var-dövlətdən xərcləmək zəruri olur. Demək olmaz ki, mən vacibi vegilərimi ödəmişəm, daha boynumda heç bir şəri borc yoxdur. Bizim ilk addımımız, dinin qorunub-saxlanılması, ona qarşı yönəlmiş təcavüzlərin qarşısının alınması yolunda maddi-mənəvi imkanlarımızdan yetərincə istifadə etməyimiz olmalıdır.

Mizbah Yəzdi