22 Noyabr 2024 - 22
Qədim zamanlardan üzü bəri bu kimi çoxmənalı kəlmələrdən sui-istifadə etmək, onları düzgün mənasında işlətməmək, mənalarında müğalitə etmək münafiqlərin əsas metodlarından biri olmuşdur. Münafiqlər ikiüzlüdürlər. Həmişə elə danışırlar ki, sözlərini hər iki tərəfə yozmaq mümkün olsun. Nifaq, həmin ikiüzlülükdür. Onlar həmişə haqq və batil arasında sərhəd üzərində hərəkət edirlər. Nə sırf batili tuturlar, nə də sırf haqqı. Əgər işin nəticəsi haqqın xeyirinə tamamlanarsa, özlərini bu dəstənin adamı kimi tanıtdıraraq deyirlər: “Məgər biz sizinlə deyildikmi?! Əlbəttə ki, biz sizinlə olmuşuq və möminik.” Əgər işin qarşı tərəfin xeyirinə qurtardığını görərlərsə, tez deyərlər: “Biz də elə əvvəldən siz deyəni deyirdik. Onlara da bu işləri görməmələrini deyirdik, amma bizə qulaq asmadılar. Haqq və batil arasında sərhəd zolağında hərəkət etmək münafiqlərin əsas xüsusiyyətlərindən biridir.
Quran bu barədə belə buyurur: ”(Onlar həmişə) iki fikirli və tərəddüdlü olarlar; nə möminlərin yanına sabit bir fikirdə gedərlər və nə də ki, kafirlərin; Allah hər kəsi yolundan azdırsa, heç vaxt hidayət yolunu tapa bilməz.” Bu cür adamlar həmişə münasib fürsət gözləyirlər. Həqiqətdə nə bu tərəfi qəbul edirlər, nə də o biri tərəfi. Öz xeyirlərini güdürlər. Əgər bu gün külək bu tərəfdən əssə, mömin olurlar; sabah iş başına başqa dəstə gəlsə, özlərini islahatçı adlandırır və qarşı tərəfə keçirlər. Gündə bir dona girirlər. Şəraitin, vəziyyətin tələbinə uyğun olaraq rəngdən-rəngə düşürlər. Bunlar hamısı nifaqın xüsusiyyətlərindəndir. Nifaqın digər xüsusiyyətlərindən biri də, onların özlərini səlah əhli bilmələridir. Qurani-Kərimdə bu barədə buyurulur: “Münafiqlərdən bir dəstəsi deyərlər ki, biz Allaha və qiyamət gününə iman gətirmişik, halbuki iman gətirməyiblər.” “Onlar Allahı və möminləri aldatmaq istəyirlər, halbuki onlar yalnız özlərini aldadırlar və nadanlıq üzündən bunu başa düşmürlər.”
Bəzi insanlar deyirlər: “Biz Allaha və qiyamət gününə iman gətirdik, bizim də dinimiz, imanımız vardır.” Lakin yalan deyirlər. Münafiqlərin digər iddialarından biri də budur. Quranda bu barədə belə buyurulur: “Elə ki, (möminlər) onlara deyər: Yer üzündə fəsad etməyin, deyərlər ki, biz yalnız islahat aparırıq.” Əgər onlara deyilsə, fəsad etməyin, cinayət törətməyin, qanunu pozmayın, camaata yersiz töhmət vurmayın, gizli işlərə əl atmayın, deyərlər: “Biz islah əhliyik; biz islahatçıyıq.” Bunların “islah”dan məqsədləri tamam başqa şeydir. Allah onlara buyuranda ki, fəsad etməyin, onlar öz bildiklərini edərlər. Allah onların işlərini ilahi dəyər sistemində və Quranda fəsad adlandırır və buyurur: “Fəsad etməyin.” Ancaq onlar digər dəyər sistemini qəbul edirlər.
Peyğəmbərin (s) dövründə də İslam dəyərləri müqabilində batil nəzəriyyələr mövcud idi. Heç bir fərqi yoxdur, İslamdan qeyri bütün nəzəriyyələr küfr və batildir. İslam olmasa, bütün kafirlər vahid millət sayılırlar. Quran - yer üzündə İslamın fəsad hesab etdiyi işləri görməyin - dedikdə, onlar - bizim gördüyümüz işlər fəsad deyil, islahdır - deyərlər. Bu məsələnin sirri, hər iki nəzəriyyənin öz bünövrəsi və qaynağı olmasındadır. Allah bir şeyi islah hesab edir, onlar da ayrı bir şeyi. Allah bir şeyi fəsad qəbul edir, onlar başqa bir şeyi. Elə buna görədir ki, Quran onların qarşısında cavab verir: “Həqiqi müfsidlər (fəsad edənlər) münafiqlərdir.” Həmin o kəslərdir ki, özlərini islahatçı adlandırırlar. Belələri zahirdə özlərini dindar göstərirlər: “Biz də Allaha inanırıq, bizim də imanımız var, ziyalı olmaqla yanaşı, həm də dindarıq.” Həqiqətdə isə, dindən xəbərsizdirlər. Vəhydən söhbət düşdükdə deyərlər: “Ümumiyyətlə, din, bir adamın öz şəxsi işlərindəndir, dinin ictimai işlərə heç bir aiddiyyatı yoxdur. Dinin nə iqtisadiyyat haqqında nəzəri var, nə də siyasət işləri barədə görüşləri. Heç əxalaqi dəyərləri də yoxdur! Belə dəyərlərin dinlə heç bir əlaqəsi yoxdur! Bəs din nədir? Hər xalqın öz arasında təyin etdiyi bir sıra adət ənənələr toplusu. Şəxsin ibadət ünvanı ilə fikirləşdiyi şey, onun Allahıdır! Bu məfhum bütpərəstlik çərçivəsində də ola bilər, Allah çərçivəsində də. Mümkündür, bir nəfər iki şeyi Allah bilsin, digəri üç şeyi, din deyilən şey budur. Bunların bir-birindən heç bir fərqi yoxdur. Bu ayrı sirati müstəqimdir, o da ayrı bir yol. Daşdan yonulmuş bütə pərəstiş etmək bir yoldur, İslamın dediyi Allaha ibadət etmək isə başqa bir yol. Heç bir fərqi də yoxdur!” Necə yəni fərqi yoxdur? Məlum məsələdir, onların nəzərinə görə, bunların heç birinin həqiqəti yoxdur. Bütün dinləri yalan hesab edəndə, daha onların arasında bir fərq qalmır ki! Bu cür adamlar dindarlıq iddiası edirlər: “Biz rəhbərik, yol göstərənik! Başqalarına yol göstərib, onlara din öyrədirik.”
Belələri islahatçılıq iddiası da edirlər. Görəsən, hansı dəyər sisteminə əsasən islahat aparmaq istəyirlər?! Özləri, aləmdə sabit, daimi olacaq heç bir dəyər sistemi olmadığını iddia edirlər. Əlbəttə, İslam hökmlərindən söhbət gedəndə, başqalarının gözündən pərdə assınlar deyə, deyirlər: “Bəli, bu İslamın buyurduğu hökmdür, lakin 1400 il bundan qabaqkı cəmiyyət üçün gəlmişdir. Bu gün şərait dəyişib, zamanın öz tələbləri var. İslam da mütəhərrik, dəyişkən din olduğu üçün hər bir zamanın tələbinə uyğun olaraq, öz şəklini dəyişir. Əgər İslam varsa, biz də onun tərəfdarıyıq və İslam sisteminin bərpasını istəyirik.”
Mizbah Yəzdi