23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

Kərbəladakı dəyərlər və irəli sürülən fikirlər bütün bəşəriyyətə məxsusdur
26.03.2019

Hər hansı bir hadisənin, yaxud fenomenin hansısa irqə, məhdud bir çevrəyə, yoxsa ümumibəşəri bir dəyərə malik olmasını müəyyənləşdirmək üçün əvvəlcə həmin hadisəni təhlil etməliyik.

Bunun üçün həmin hadisədə iştirak etmiş şəxslərə, onların sözlərinə, hərəkatın haradan başlamasına, hansı ideyalar əsasında qurulmasına, ideoloqlarının kim olmasına, həmin hərəkata cəlb olunmuş şəxslərin kimliyinə baxmaq yetərlidir.

Bu deyilənlərdən sonra biz bu nəticəyə gəlirik ki, İmam Hüseynin hərəkatı hansısa bir məzhəbə mənsub olan hərəkat deyil, hakimiyyət mövzusunu özü üçün yeganə hədəf kimi təyin etmiş bir hərəkat da deyil. Eyni zamanda tarixi bir hadisə də deyil. Çünki tarixi hadisələr, adətən, hansısa tarixi dövrdə baş vermiş proseslər çərçivəsində qəbul edilir, oxunur. Sonra tarix kitablarında qalır və insanlar da orada yaşanılacaq, həyatlarına tətbiq edəcək bir şey götürə bilmirlər.

Amma İmam Hüseynin hərəkatı ümumbəşəri bir hərəkatdır. Çünki orada olan dəyərlər bütün insanlara xas olan dəyərlərdir.

İdeologiyasından, irqindən asılı olmadan heç kəs deyə bilməz ki, bu hərəkat ərəblərə və ya müsəlmanların hansısa bir məzhəbinə aiddir. Çünki Kərbəla hadisəsində irəli sürülən fikirlər, təqdim olunan dəyərlər bütün insanları və cəmiyyətləri maraqlandıran dəyərlərdir. Bütün dünya o dəyərləri önəmli bilir, cəmiyyətin davamlılığını o dəyərlərin yaşamasında görür.

Ədalət prinsipləri, zülmə qarşı qalxmaq və mənəvi mövzular İmam Hüseyn hərəkatının əsas xüsusiyyətlərini təşkil edir.

Rövşən Abdullaoğlu