25 Noyabr 2024 - 25
Qeyd etməliyik ki, Şam şəhəri müsəlmanların əlinə keçən gündən Vəlidin oğlu Xalid və Əbu Süfyanın oğlu Müaviyə kimi şəxslər tərəfindən idarə olunmuşdu. Buranın əhalisi nə Peyğəmbər moizələri (söhbətləri) eşitmiş, nə onun səhabələrini görmüş, nə də İslamı heç olmasa Mədinədə yayıldığı kimi tanımışdılar. Düzdür, bu şəhər alınarkən peyğəmbərin yüz on üç səhabəsi burada olmuş və ya sonradan yaşamaq üçün bura köçmüşlər, ancaq onların tərcümeyi-hallarına nəzər yetirdikdə, məlum olur ki, onların bir neçəsindən başqa qalanları peyğəmbəri çox az görmüş, və o həzrətdən bir, ya da bir neçə hədisdən artıq hədis eşitməmişdilər. Bundan da əlavə, onların əksəriyyəti Müaviyənin hakimiyyətindən qabaq Ömər və Osmanın hakimiyyəti dövründə dünyadan getmişdilər. İmam Hüseynin inqilabı baş verən zaman onlardan yalnız on bir nəfəri sağ qalıb Şamda yaşayırdı. Onlar da artıq yetmiş-səksən yaşlarına çatmış və künc-bucaqda qalmağı cəmiyyətə qoşulmaqdan üstün tutmuşdular. Onların cəmiyyət arasında heç bir nüfuzu yox idi. Bunun nəticəsində də onların (Yezid yaşda olan) gənc nəsli həqiqi İslamdan xəbərsiz idi. Bəlkə də onlar elə bilirdilər ki, İslam bu vaxtadək onlara rəhbərlik etmiş xəlifələrin hökuməti kimi bir hökumətdir. Müaviyənin sarayının gözəl görünüşlü olması, iqtidarda olan qüvvələrin camaatın haqqını kəsib böyük saraylar düzəltməsi, keşikçilər təşkil etmək, əyan-əşraf toplamaq və nəhayət müxalif qüvvələri tutub həbs etmək, sürgünə göndərmək və ya öldürmək onlara təbii məsələ kimi gəlirdi. Çünki təxminən yarım əsr qabaq hökumətdə olmuş xəlifələr də bu işləri görürdülər. Orada olanlar da belə fikirləşirdilər ki, Peyğəmbər dövründəki Mədinə şəhəri də bu cür olmuşdur. Bunun nəticəsində də Şam əhalisi Əbu Süfyanın oğlu Müaviyənin rəftarını tam İslam rəftarı kimi qəbul edirdi. Müaviyə təxminən qırx iki il Dəməşqdə hakimiyyətdə olub. Beş il ikinci xəlifə tərəfindən, on iki il isə üçüncü xəlifə tərəfindən Şamın valisi olmuşdur. Beş ildən az həzrət Əlinin dövründə və təxminən altı ay da İmam Həsənin zahiri hakimiyyəti dövründə Şamın valisi olub. İyirmi ildən az da İslam hökumətinin xəlifəsi olmuşdur.
Mehdi Pişvayi