22 Noyabr 2024 - 22
Yezidin İslam dini adı ilə camaata başçılıq etmək istədiyi dinə zərrə qədər də olsun etiqadı yox idi. Yezid təcrübəsiz, şəhvətpərəst, özbaşına, ehtiyat və uzaqgörənliyi olmayan bir gənc idi. O, ağılsız, qorxu bilməyən, kefcil, əyyaş və düşüncəsi az olan bir insan idi. Hakimiyyətə gəlməzdən əvvəl həvayi-həvəs, nəfsani meyllər əlində əsir olmuş Yezid, hakimiyyətə gələndən sonra heç olmasa atası kimi İslamın zahirinə də əməl etmədi.
O, ruhunun qorxmazlığı və həvayi-nəfs nəticəsində İslamın müqəddəs işlərini də açıqcasına ayaq altına ataraq şəhvətini doyuzdurmaqdan ötrü əlindən gələni etdi. Yezid açıq-aşkar şərab içir və günah edirdi. O, gecə məclislərində əyan-əşrafla oturub şərab içərkən heç bir qorxu hiss etmədən aşağıdakı məzmunda şerlər deyərdi: «Ey mənim piyalə dostlarım! Qalxın və xoşavaz xanəndələrin səsinə qulaq asın. Şərab piyalələrini bir-birinin ardınca başınıza çəkin və elmi-ədəbi söhbətləri bir qırağa qoyun. Saz-avaz sədası mənə azan və «Allahu əkbər» səsini eşitməkdən daha xoşdur. Mən (nisyə olan) Behişt hurilərini (nəqd olan) şərabla dəyişməyə hazıram. Nəqd mal bizim, nisyə isə Qiyamətə əqidəsi olanların olsun!»
Yezid bu cür həyasızlığı ilə İslamın müqəddəs etiqadını ələ salırdı. O, peyğəmbərlik və həzrət Məhəmmədə (s) vəhy nazil olmasını açıq-aşkar inkar edir, bunların hamısını cəddi Əbu Süfyan kimi xam-xəyal hesab edirdi.
İmam Hüseynə zahiri qələbə çaldıqdan sonra bu məzmunda bir şer deyir: «Haşimilər hökumət və mülklə oyun oynamışdır. Nə qeybdən bir xəbər gəlib, nə də vəhy nazil olmuşdur.»
Sonra İslam bayrağı altında Bədr döyüşündə vuruşaraq Yezidin qohum-əqrəbasını qılıncdan keçirmiş İslam fədailərinə olan kin-küdurətini aşkar edərək İmam Hüseyni öldürməyi bunlara əvəz kimi hesab edib deyir: «Kaş Bədr döyüşündə ölmüş böyüklərimiz indi sağ olub deyəydilər: Afərin, Yezid»
Bir dəfə Müaviyə Yezidi Roma imperiyası ilə döyüşə göndərdi. (Müaviyə bununla bildirmək istəyirdi ki, Yezid təkcə kef adamı deyil, həm də mübarizə və döyüş adamıdır.) Süfyan ibn Ovf Qamidini də onunla göndərdi. Yezid sevimli arvadı Ümmü-Gülsümü də özü ilə apardı. Süfyan Yeziddən qabaq ordu ilə birlikdə Roma imperiyasının torpaqlarına daxil oldu. Oranın pis iqlimi nəticəsində İslam ordusu Qəzqəzunə adlı bir yerdə qızdırma xəstəliyinə tutuldu. Belə bir vəziyyətdə Yezid öz kefi ilə məşğul olub deyir: «Dəyri-Murran adlı bir yerdə Ümmü-Gülsüm də yanımdadır, daha nəyimə lazımdır ki, İslam ordusu Qəzqəzunədə qızdırmaya tutulub ölür.» Məlumdur ki, ölkənin cavanlarına və ordusuna bu qədər biganə olan şəxs hakimiyyətə gələrsə, İslam ümmətinin başına gör nələr gətirər?
Yezidin sarayı günah mərkəzinə çevrilmişdi. Onun sarayındakı günahların mənfi nəticəsi o qədər yayılmışdı ki, onun qısa müddətli hakimiyyəti dövründə, hətta Məkkə və Mədinə kimi şəhərlərin müqəddəs mühiti də pozulmuşdu. Yezid axırda öz kefinə görə canını əldən verdi və çox şərab içmək onun zəhərlənməsi və nəhayət ölümü ilə nəticələndi.
İslam aləminin görkəmli tarixçilərindən olan Məsudi deyir: «Yezid camaatla Firon kimi davranırdı, bəlkə də Fironun rəftarı ondan yaxşı idi.»
Yezidin fəsad və pozğunluğuna, alçaq həyat sürməsinə və zalım hökumətinə dair şahid və faktlar o qədərdir ki, onların hamısını bu qısa bəhsdə qeyd etmək mümkün deyil. Güman edirik ki, bu deyilənlər Yezidin əsl mahiyyətini tanımaq üçün kifayət edər.
Mehdi Pişvayi