21 Noyabr 2024 - 21
Salam o Zeynəbə ki, məntiqi-rəsasından,
Xərabə zülm evini eylədi bənasından.
Salam o Zeynəb,ə fəxrul-əimmə aldı ləqəb,
Qoyubdu Məryəmi heyrətdə irtiqasından.
Salam o Zeynəbə, zinətdi Mürtəzayə adı,
Ölüncə çıxmadı Məbudunun rizasından.
Salam o Zeynəbə ki, təğziyə edib ruhu,
Kəmal süfrəsinin canfəza qəzasından.
Salam o Zeynəbə, əsrari-vəhyə oldu xəbir,
Həmişə etdi difa məktəbi niyasından.
Salam o Zeynəbə, pərvərdə etdi şiri-Xuda,
Çu şir şərzə əsib mərdlər hərasından.
Salam o Zeynəbə, əmdi Bətul sinəsini,
Zəkiyyə süd onu saf eylədi səfasından.
Salam o Zeynəbə, oldu Hüseynə həmpeyman,
Dedi bəlayə “bəla” şovqü-Kərbəlasından.
Salam o Zeynəbə, oldu yətimlər anası,
Döyüldü düşmənə çox Fatimə anasından.
Salam o Zeynəbə, verdi nicat Səccadə,
Hifazət etdi şərar içrə pişvasından.
Nə Zeynəb etsəm əgər min salam hər ləhzə,
Yenə də əcz edərəm həqqinin ədasından,
Nə Zeynəb olmayıb olmaz qəmü-məlalına say,
Şümarə kimdi bilən başının bəlasından.
Nə Zeynəb oldu şəhidə anası əllərdə,
Bilinmədi hayana getdi qəmsərasından.
Nə Zeynəb, etdilər mehrabda şəhid atasın,
Töküldü səcdəgəhə qanı ağ mühasindən.
Nə Zeynəb açdı başın teştə qəyy edəndə Həsən,
Cigərlərin görüb əl üzdü Müctəbasından.
Veribdi yeddi bəradər şəhid Möhsin ilə,
Əlin üzübdü iki ahuvəş balasından.
Macal yoxdu sayam birbəbir fədalarını,
Neçə şəhidi də var xişü-əqrəbasından.
Ağartdı saçlarını gün batınca Aşura,
Nəfəs yoruldu düşüb peykəri-nəmasından.
Yel əsdikcə sovurdu çadırların külünü,
Yağıbdı kül başına Kərbəla fəzasından.
Gündüz çalışdı gecə qızlara təbib oldu,
Dayan sözün götürüm pərdə möhtəvasından.
Gündüz şəhidlərin yarasından ox çəkdi,
Gecə çıxartdı tikan qızların yarasından.
Nəsimi-şəb dedi, lay-lay yatışdı yorğunlar,
Sızıltı qət olub ətfal mübtəlasından.
Əli qızı hamıdan yorğun idi, yummadı göz,
Edibdi peyrəvi öz möhtərəm atasından.
Gecə namazına məşğul olubdu Zəhratək,
Xumar ruhunə nəşət verib sənasından.
Dedi: İlahi, mənə səbr ver çətindi işim,
Kəminə bəndənin agəhsən ibtilasından.
Edib Hüseyn Sən ilə aşiqanə bir sevda,
Şərikəm bilisən mən də ibtidasından.
Özü hüzuruna gəldi, yerində qoydu məni,
Gərəkdi hamı olam nehzətin ləvasından.
Səni qəsəm verirəm Əsğərin axan qanına,
Xəcalət etmə məni, ya Rəbb, Ali-Yasindən.
Yətimlərdən itib ölsə şərmisar ollam,
Uzaqdı yol xəbərim vardı intihasından.
Rüqəyyə Şamə də çatsa inanmıram qayıda,
Hüseynimin nigəranam o dilrübasından.
Səfər libası vücudunda bir qəra dondu,
Naxoşlasa o bala acizəm dəvasından.
Səhər olub üsəra tərki-qətligah elədi,
Çoxuna qəmçi dəyib Şamın əşqiyasından.
Sınıq kəcavədə Zəhrayi-sani əyləşdi,
Gəlib nəvayə onun Neynəva nəvasından.
Hüseyn cənazəsinə döndü baxdı göz dolusu,
Alovlanıb ürəyi dərdi şöləzasından.
Dedi: Hüseyn, səni dəfn etmədim bağışla məni,
Bacıntək hansı bacı ayrılıb əxasından?
Vərəq-vərəq dağılıbsan çüxur yerə, ey gül,
Bu çölün od tökülür suznak həvasından.
Yarənə sayə sala qaldı çöllərin quşuna,
Macal yoxdu bizə vəxtin iqtizasından.
Yasında bəstədi ahulərin mələşməsinə,
Sədaləri ucalır qətligah arasından.
Bacın da bir bölük ahunu Küfiyə aparır,
Hamısı xəstədi səyyadilər cəfasından.
Vürudi-Kufədi mətləb, müəttələm, amma
Yazım Əli qızının hansı macərasından?
Bu yas İmam Zamanın bibisinin yasıdır,
Özü də əmməsinin çıxmayıbdı yasından.
Təvəccöh etsə əgər dilneşin edər sözümü,
Qılar təla, mis əbyatı kimyasından.
Übur edib üsəra kuçə və xiyabanı,
Aman o şəhrin aman əhli bivəfasından.
Əli ədavəti dildə olanlar atdı daşın,
Nişan olan balalar dinmədi həyasından.
Deyən yox idi bunlar Kərbəladə çox vurulub,
Çoxu yaralı gəlib Neynəva Minasından.
Kənari-məscidi-şəhrə yetişdi Ali-Əba,
Çox idi millətin orda əşərri-nasından.
Əli ibadət edən məscidi görüb Zeynəb,
Damarları qızışıb Heydəri-dəmasından.
Qəzəblənib dedi, ey sariban, dayan, getmə,
Rəvəndələr dayanıb Zeynəbin nidasından.
Cəsarət eyləmədi sariban qədəm götürə,
Müşəvvəş oldu o siddiqənin sədasından.
Xanım görübdü o yer söhbətə münasibdi,
Gərək difa edə məzlum Neynəvasından.
Gəlib dilə dedi, ey Küfiyani-tərdamən,
Başız ucalmadı heç hiylə mütəkkasından.
Yel əsdi hər tərəfə xarü-xəs kimi getdiz,
Kamala yetmədiz İslamın etilasından.
Misali-şəbpərə zülmətdə zindəgi elədiz,
Çiraği-həqqin işıq aldız ziyasından.
Nəxi-dəyanətiz, ey qövm, pənbəyə döndü,
Əliz üzüldü həqqin rişeyi-vilasından.
Mənim babamdı bilin şəxsi-əvvəli-xilqət,
Böyükdü rütbəsi Allahın ənbiyasından.
Onun gətirdiyi din abiru verib ərəbə,
Dücalər aldı işıq məşəl hüdasından.
Dəvələr üstə gələnlər onun balalarıdır,
Baxıb utanmırsız başların qarasından.
Şüreyh rahi-fəsada, təbaha çəkdi sizi,
Apardı oda tərəf hökmü-narəvasından.
Siz ilə söhbət edən Mürtəza Əli qızıdı,
Əkabiri-ərəbin zübdə sərşünasından.
Bu səs Əli səsidi qozanıbdı hülqümdən,
Əli kimi hanı taət edə Xudasından?
Bu üzbəüzdəki məsciddə çox namaz eləyib,
Namaza ruh verib eşqi-kibriyasından.
O şahidi-əzəli kam alıb bu məsciddə,
Şəhadətə yetişib ruhi-irtizasından.
Şəhidi-məscidü-mehraba varisəm tanıyın,
Müdafeyəm atamın eyni müddəasından.
Səfiri-dövləti-xun qorxu bilməyib, bilməz,
Sözün bahasına gər keçsə can bahasından.
Dilim kəsilsə də, haqqı işarətən deyərəm,
Əli qızı bilin əl çəkməz iddiasından.
Damarlarızda əgər xuni-din və qeyrət var,
Gedin tutun siz Übeydüllahın yaxasından.
Kəzayi-hakimi məsdərdə qoymayın qalsın,
Yalançı müfti gərək xəl ola libasından.
Mənim gözəl atamın haqqı çoxdu boynuzda,
Aparımısız səmərə feyzi-iqtidasından.
Qoyun gedim babamın məqtəlin ziyarət edim,
Öpüm məhəlli-münacati-canfəzasından.
Gəlir qulağıma “fuztu və Rəbbi Kəbə” səsi,
Kəsilməyib o səda məscidin fəzasından.
Açın yolu üsərayə gedək Nəcəf çölünə,
Gəlin bizi qurtarın zülm təngnasından.
Ehanət eyləmeyin Kərbəla qonaqlarına,
Qiyamətin gününün xof edin cəzasından.
O əllərizdəki xurmanı qaytarın aparın,
Sədəqə rədd olunub şərən Ali-Yasindən.
Müdar edin şühəda xanəvadəsilə bir az,
Sevinməyin bunların qüssəli liqasından.
Nəvazişlə səpin dağlı ürəklərə su,
Olan olub bizə Kufənin dəğasından.
Vurublar qəmçi göyərçinlərin pəri göyərib,
Şikəstə pərdi çoxu zərbət inikasından.
Hüseynimin soruşun qətlinin dəlili nədir?
Nə illətə başını kəsdilər qəfasından?
Peyğəmbər oğlu bilin çöldə bikəfən qaldı,
Nişanə qalmadı əmmamə və əbasından
O parə-parə bədən atlara ayaqlandı,
Mələşdi huri-mələk dərdi-canquzasından.
Nə Sədin oğlu həya elədi, nə Şimri dəni,
Azından siz utanın cəddi Mustəfasından.
O hansı əldə öləndir ayaqlanıb bədəni,
Bacısı yasaq olub məclisi-əzasından?
O hansı əldə öləndir yananda xeymələri,
Baxıbdı qızlarına qatilin cidasından?
O hansı əldə öləndir suyun kənarında,
Yanıb dodaqları düşmənin ədasından?
Görüm xərabə qala Hərmələ becərdən yer,
Dil açmayan balanı oxladı cəfasından.
Anası Kərbübəladən bura kimi mələyib,
Qəm ayrıla çətin, ol qəmlər aşinasından.
Şəhidlər ələmin şəhrizə vurub gedirəm,
Müvəffəqəm bilirəm Fatimə duasından.
Bu sözlərin səni, Ənvər, çəkər behiştə tərəf,
Yaxan qutarsa əgər, nəfsin əjdahasından.
Ustad Ənvər