21 Noyabr 2024 - 21
Bu günkü zamanda materialistlərin qiyam üçün verdiyi təfsirə görə qiyam cəmiyyətdə buxar qazanının havasının çıxmağa yeri olmadığı zaman partlaması kimidir. Bu vəziyyətdə insan istəsə də, istəməsə də, buxarın çoxalıb sıxlaşması nəticəsində partlayış olacaq. Cəmiyyətdəki təbəqələr arasında çətinliklər və ziddiyyətlər artdıqda, camaat daha zülmə dözə bilmir, təbii ki, belə bir vəziyyətdə də qiyam baş verməlidir. Başqa sözlə desək, qiyam - kiçik miqyasda qəzəblənmiş və kinli bir şəxsin səbr kasası dolduqda ürəyində olanları bayıra çıxarmasıdır. Hətta ola bilər sonradan buna peşiman da olsun.
İmam Hüseynin tarixi məktub və çıxışlarından gözəl məlum olur ki, bu böyük şəxsiyyətin qiyamı bu cür ictimai partlayış olmamışdır. Onun qiyamı agahlıq əsasında, məsuliyyət hiss etmək nəticəsində və bütün təhlükələri nəzərə almaqla baş vermişdir. İmam Hüseyn (ə) təkcə özü agah halda şəhadətə tərəf getmədi, hətta səhabələrə də şəhadəti könüllü olaraq seçməyi aşıladı. Bu səbəbdən İmam Hüseyn (ə) Aşura gecəsi səhabələrini bir yerə yığıb onlara bildirdi ki, onların hamısı azaddır, kim istəsə, çıxıb gedə bilər. Sabah onunla qalanların hamısı şəhid olacaqdır. Səhabələr də bunların hamısını nəzərə alaraq qaldılar və şəhadətə qovuşdular.
Bundan əlavə, materialistlərin fikrincə qiyamda rəhbərin və qiyamçıların bir o qədər də rolu olmur. Sadəcə olaraq onlar uşaq doğulanda, uşaq tutan dayə rolunu oynayırlar. Onların qiyam qəhrəmanları bu cür inqilab həyata keçirmək iqtidarında olmadıqlarından inqilabları da heç bir əxlaqi dəyərlərə malik olmur. Lakin İmam Hüseynin Kərbəla qiyamındakı rolu heç kəsə naməlum qalmamışdır.
Mehdi Pişvayi