25 Noyabr 2024 - 25
Uzun illər sovet rejimi tərəfindən təqib olunsalar da Azərbaycan müsəlmanları demək olar ki, öz dini adət-ənənələrini qoruyub saxlaya bilmişdir. Daha doğrusu din içərisində din bəsləmişlər. Elə bu səbəbdəndir ki, şəriətin əsas qanunları olan kəbin, talaq, dəfn mərasimləri, əmr və nəhylər, halal, haram və digər dini ayinlər o dövrdə gizli və bəzən də aşkar şəkildə icra olunurdu. Güclü ateist təbliğatına baxmayaraq insan mənəviyyatını saflaşdıran gözəl əqidə və mənəvi əxlaqi dəyərlər iman sahiblərinin qəlbində elə kök salmışdı ki, bunu nəinki irtica sovet rejimi heç bir bəşəri qüvvə silə bilməzdi. "Elə buna görə də hər kimin dini yoxdursa heç nəyi yoxdur" kimi hikmətli şüar bu gün də öz aktullığında qalmaqdadır.
Müstəqilliyimizin - mənəvi azadlığımızın elə ilk günlərindən Azərbaycan klassik ədəbiyyatında mənəvi paklığın zəngin ədəbiyyatın inkişafında möhtəşəm bir mənbə olması həqiqətindən bəhs edən dəyərli elmi yazılar və məqalələr meydana gəlmişdir. Əsrlərlə Azərbaycan xalqının ürəyinin dərinliyində bəslədiyi dini-mənəvi dəyərlərinin əsl mahiyyəti real olaraq açılıb bağlanmış xalqa çatdırılmışdır. Lakin Azərbaycan klassik irsinin böyük bir xəzinəsini təşkil edən ümumən Azərbaycan dini ədəbiyyatının ən işlək, xalq arasında tez və geniş yayılması ilə fərqlənən mərsiyə ədəbiyyatına toxunulmamış onun ədəbi-bədii-poetik tədqiqatına meyl göstərilməmişdir. Bununla belə Azərbaycan mədəniyyəti - Azərbaycan ədəbi dili ədəbiyyat tarixində özünə önəmli yer tutan dini ədəbiyyat və onun mərsiyə janrı xalqın məişətində, hüzn məclislərində, matəm və dəfn mərasimlərində ən papulyar, ən işlək şeir növü kimi həmişə mövcud olmuşdur. Heç şübhəsiz bu işin əsasını qoyan, İraqın Kərbəla şəhərində yaşayıb-yaradan Molla Məhəmməd Füzuli olmuşdur.
Azərbaycanın dahi şari Seyid Əzim Şirvani əhlibeyt haqqında çox mədhlər yazıb. Lakin onun "dönmərəm" rədifli kiçik həcmli qəsidəsi çox-çox böyük mənaları ehtiva edir. Şair bir Haqq aşiqi kimi Peyğəmbər (s) Əli-Beytinə olan sevgisini heç nədən çəkinmədən izhar edə bilmişdir.
Mən təriqi-eşqdə cüru cəfadən dönmərəm.
Yüz cəfa qılsa fələk, rahi-vəfadən dönmərəm.
Əl-bəlau lilvila camilə mən məst olmuşam
Cismu candan bak yox, rahi-bəladən dönmərəm
Etsə düşmənlər əgər aludeyi-xun cismimi,
Bir gədayəm mən Şəhi-Kərbubəladən dönmərəm
Zinəti-qəlbimdi hubbi-pak Zeynul-Abidin,
Bəlkə mən ol parsa, ol pişivadən dönmərəm.
Bağiru elmi-Xuda Bağirdi dinə rəhnuma
Bağiru Cəfər ki, Musavu Rizadən dönmərəm,
Muttəqi ol kəsdu kim olsun mənə Miri-Təqi,
Əhli-təqva mən bu Şahi ətqiyadən dönmərəm.
Həm bu aləmdə imamımdır Təqivu həm Nəqi.
Ey şəğavət əhli mən ol padşahdan dönmərəm
Naxini-ummidilə sancılsa payi-Əsğəri
Şəkkəru şükr eylərəm ol Multəcadən dönmərəm.
Qaimu Al Muhəmməddur (s) İmami-Qaibim
Xidmət üçün hazirəm, ol Muxtəfadən dönmərəm.
Seyyida, gər sən dönərsən, dön bulardan, leyk mən.
Dönmərəm, mən dönmərəm, “Haşa və Kəlla” dönmərəm.
“Əl-bəlau lilvila camilə mən məst olmuşam”. Əimmələrimizin kəlamlarında buyurulub: "Bəla məhəbbət əhli üçündür". “Cismu candan bak yox rahi-bəladən dönmərəm”.
Seyid Əzim həmin bu kəlamları əldə rəhbər tutaraq belə bir məhəbbət eşqindən bir cam içib məst olmuşam deyir. Ona görə də öz canımı bu yolda-əhlibeyt yolunda qoymuşam, bu yolda mənə nə qədər bəla gəlsə də yenə dönmərəm. şair düşmənlərin onun bədənini qana bulaşdırsalar belə yenə də Kərbəla Şahı İmam Hüseyn ağadan dönmərəm deyir. Beləliklə əhlibeyt aşiqi olan şair, sevdiyi imamların adlarını bir-bir sadalayaraq onların yolunda canından keçməyə hazır olduğunu şeir dili ilə bəyan edir. Sonda məğtə beytində "Seyyida" ifadəsilə özünə xitabən deyir:
"Seyyida gər sən dönərsən, dön bulardan, leyk mən"
"Dönmərəm, mən dönmərəm, haşa və kəlla dönmərəm"
Burada şair sanki "Seyida ifadəsini "mən"dən ayırır. Fövqəladə bir inamla "Mən"i qiymətləndirən şair ərəb qrammatikasinda olan "haşa və kəlla" ifadələrini - inkarın təkid formasını işlədir. Bəlkə də demək istəyir ki, cismimi Əhli-beytdən ayırsalar da "Mən"imi-ruhumu heç zaman ayıra bilməzlər. Əlbəttə bu qəsidədə çox mətləblər var, onların şərhini oxcuların ixtiyarına buraxıram.
Seyid Əzim Şirvani aşağıdakı ikinci qəsidəsində zamanın kəşməkeşlərindən, hərc-mərcliklərdən, ürəfa əhlinə hörmətsizlikdən, qızıla, pula və onun sahiblərinə itaət etməkdən gileylənərək şikayət edir. Hətta acı həyat tərzi onu o qədər sıxır ki, küfr gətirən ifadəni belə bu beytdə işlətməyə cürət edir: "Bu söz şərən əgər küfr olmasaydı", "Deyərdim fil həqiqət zər Xudadur".
Qəsidəyə nəzər salaq:
Cahan mülkində zər muşgulgüşadır.
Nə mətləb istəsən ondan rəvadır.
Əgər bir kəsdə olsa mali-dünya
Təmamən xəlq onilə aşinadır
Gədani zər qılır aləmdə Sultan
Əgər Sultan ola bi zər, gədadır
Bu söz şərən əgər küfr olmasaydı,
Deyərdim fil həqiqət zər Xudadır
Məhafillər içində əğniyanun
Kəlami san, kəlami-övliyadır
Əgər bir kəs mənim tək olsa müflis
Kəlami kibrdir, qövli xətadır
Könül ğəm çəkmə müflislər pənahi
Vəliyyi-həqq, Əliyyəl-Murtəzadır
Vəsiyyi-Əhmədi-Mursəl ki, zati
Həmən məmsus Zati-Kibriyadır
Onun vəssaf zati- bimisali
Hamı Quran, nə tənha "Həl-əta"dır
Futuvvət kişvərinun padişahı
Bilir aləm ki, şahi-lafətadır
O əllər şil ki, tutmaz damənindən
Könül dəst Əli, dəst Xudadır
Fəda ol dəstə kim Mərhəbşikəndir
Fəda ol şəstə kim xeybərgüşadır
Əlidir cailu ərzu səmavat
Əli xəllağu yeksər ma səvadır
Ol əldən tinətu Adəm muxəmmər
O üzdən mahugərdun bi ziyadır
Əlidəndir vücüdu külli mövcud
Əli Nəbbə, Əli dəhrə Nəbədır
Özi məxluqdur, amma o sərvər
Həmən xəllağu ərzu həm səmadır
Qəsimu durəxu cənnətdir, ol şəh
Şəfii ərsəi ruzi-cəzadır
Yetiş fəryadınə ya Şahi-Xeybər
Ki Seyyid bir ğulami-rusiyadır
Seyid Əzim Şirvani bütün bu pərişanlıqlardan sonra yenə böyük rüh yüksəkliyi ilə özünə və özükimilərə ürək-dirək verərək sevdiyi Mövlasına - onun məhəbbətinə ümidvar olduğunu bildirir. "Könül ğəm çəkmə müflislər pənahi", "Vəliyyi-həqq, Əliyyəl-Murtəzadur".
Şair "Müflislər pənahı"nı - Mövla Əlini (ə) şəfi gətirir. O, Əli məhəbbətindən vəcdə gələrək öz ağasını, İmam Əlini Allaha o qədər yaxınlaşdırır ki, "Könül dəst Əli, dəst Xudadır" deyir. Şair inanır ki, hər kəs Mövla Əli (ə) ətəyindən yapışsa sanki Allahın ətəyindən yapışıb. Ayeyi Şərifədə deyildiyi kimi: "Yapışın hamılıqla Allahın ipindən, ayrılmayın!" Sonrakı beyitlərdə Mövla Əlinin (ə) Qurani-Kərimdə olan adlarından bəzilərinə işarə etməklə kifayətlənən şair Cəhənnəm və Cənnətin qismətedəni sənsən ya Əli (ə) deyir. Mənim də fəryadıma yetiş ki, bu seyid bir üzüqara qulamındır. Öz ağasının qapısına yaxınlaşmaq istəyir: "Yetiş fəryadına ya Şahi-Xeybər," "Ki Seyyid bir ğulami-rusiyadır".
Qələmini nəzmin bütün janrlarında ustalıqla sınayan Seyyid Əzim Şirvani, mərsiyyə ədəbiyyatında da özünəməxsus yeri vardır. Xalq arasında əsasən qəzəl, qəsidə janrında yazıb-yaradan şair həm də dövrünün eybəcərliklərini qamçılayan satira müəllifi kimi də tanınır. S.Ə.Şirvani qəlbən ağlayaraq ağlatmağı da bacarmışdır. Onun Kərbəla vaqiəsinə müraciət etməsi heç də təsadüfi deyil. Mola Məhəmməd Fizuli kimi ustad şairdən sonra mərsiyə janrını yenidən dirçəltməklə Azərbaycan ədəbiyyatına öz layiqli töhfəsini vermiş və bununla da şeir aləmini daha da zənginləşdirmişdir.
Seyid Əzim ürək sızladan mərsiyyələri ilə insanların ağrı-acısına məlhəm olmağa çalışmış, onları dərd- kədər qarşısında əyilməməyə, daha da mətin olmağa çağırmışdır. İslam dünyasının ən böyük faciəsini-Kərbəla müsibətini o qədər qəlb yanğısı ilə vermişdir ki, oxucu sanki xəyali olaraq həmin illərə qayıdır, özünü mübarizə meydanında hiss edir. Ustad şairin bu səpkili mərsiyələri ilə tanış olarkən bir daha görürük ki, ölçüyəgəlməz müsibətləri və ondan doğan ağrı-acını dörd misrada ustalıqla verə bilməsilə dərdli insanların qəlbini ovundurmağa, ərlərini, oğullarını vaxtsız itirən anna-bacılarımızın dərdinə şərik olmağa çalışmışdır.
Kərbəla vaqeəsinin qəhrəmanı Həzrəti İmam Hüseynin (ə) zülm və zalım qarşısındakı qəhrəmanlıq mübarizəsi, haqq və ədalət yolunda canından keçərək şəhidlik şərbətini içməsi bütün nəsillərə ibrətamiz həyat məktəbi olmaqla yanaşı, həm də müasir gənclərimizə vətən sevgisini, namus qayğısını çəkməyi öyrədən ilahi örnək olaraq qalmaqdadır. Belə bir həyat məktəbinin sərçeşməsindən su içən İmam Hüseyn (ə) məktəbinin müdərrisi Seyid Əzim qəlbinin səsi ilə məzlumların fəryadına yetişərək öz mərsiyyələrində onların acılarını tərənnüm etməyə çalışmışdır. Mərsiyyəyə diqqət yetirək:
Çün nağədən yıxıldı, ol bağrı-qan, Səkinə.
Səhrada qaldı yalqız, ruhi-rəvan, Səkinə.
Mərsiyənin mətlə beytində ümid-pənahını, doğmalarını bir günün içərisində itirmiş 5-6 yaşlı əsir bir qızın İmam Hüseynin (ə) qızı Səkinənin qolubağlı halda dəvə üstündə getməsi, gecəyarısı dəvədən yıxılaraq səhrada yalqız qalması səhnəsi çox canlı şəkildə təsvir edilmişdir. Seyid Əzim onun fəryad və naləsini, ata, qardaş, bibi və digər əsirlərdən qaibanə imdad istəməsini acı göz yaşları və insan qəlbini riqqətə gətirən yandırıcı ifadələrlə verə bilmişdir.
Getmə, qoyub amandı mən natəvanı, əmmə,
Saxla, Səkinə qaldı, bu karivani, əmmə,
Çəkdi cəfa vücudi-bu saribani, əmmə,
İndi cərəs tək eylər, hər dəm fəqan, Səkinə.
"Getmə, qoyub amandı mən natəvanı, əmmə" - misrasında şair Səkinənin bibisi Zeynəbdən imdad və fəryad diləməsini "İndi cərəs tək eylər hər dəm fəqan, Səkinə" - deməklə onun nalə səsini kərvanın önündə gedən dəvənin boynundan asılan zəng-zınqırov səsinə bənzədir.
Mərsiyələrində də zərgər dəqiqliyi ilə söz oynatmaq bacarığına malik olan Seyyid Əzim oxucunu heyrətə gətirir və düşündürür. İkinci misraya diqqət etməklə bunu aydın görərik: "Saxla, Səkinə qaldı, bu karivani, əmmə". Əslində isə "saxla bu karivani, Səkinə qaldı, əmmə," kimi başa düşülən cümlə şeirdə əksini yuxarıdakı misrada olduğu kimi tapır. Bu da heç şübhəsiz ki, qafiyə xatirinə deyil, çox oynaqlı kimi verilərək şeriyyata bir özgə məlahət verir. Bunun özü Seyid Əzim şeriyyatının ustadlıq zirvəsidir desək yanılmarıq.
Bir çarə eylə öldüm, mən natəvana, bacı,
Yetməz əlim üzüldü, ol karivana, bacı,
Bir gəl təvəqqe eylə, ol saribanə bacı,
Qoyma verə bəladan, səhrada can, Səkinə.
Onsuz da uzaqlaşmaqda olan karivana səsi yetməyən qızcığaz artıq bibisi Zeynəbdən imdad görmədiyindən, qeyri-ixtiyarı həmin dəstədən aparılan əsir bacısına xitab edərək "Bir çarə eylə öldüm, mən natəvana, bacı", - deyib onu – bacısını ümidsiz halda haraylayır. Şair dördüncü misrada gecənin zülmətində vahimə içində qovrulan qolu qandallı əsir qızcığazın dilindən qəribə bir yalvarışla "Qoyma verə bəladan, səhrada can, Səkinə", - deyərək doğmalarına bu sayaq xitab edir:
Öldü Səkinə qəmdən, ey cismi can, əmoğli,
Yox bir gələn haraya, ruhi-rəvan, əmoğli,
Qoydu məni piyadə, bu sariban, əmoğli,
Tənha bu çöldə qaldı, bixaniman Səkinə.
Gecə yarısı dəvədən yıxılan kiçik qız uşağı, artıq tənhalıqdan vəhşətə gələrək əmisi oğlu nizədə başı gedən təzə damada Cənan Qasıma müraciət edir, ondan imdad diləyir. "Qoydu məni piyadə, bu Sariban, əmoğlu" deyir. Əmisi oğlu Qasımdən bir kömək görməyəndə qizcığazın vəhşəti daha da artır. Seyid Əzim Səkinə dilindən Kərbəla səqqası-Qəməri Bəni Haşim Həzrət Əbülfəzlə müraciət edir, ondan kömək istəyir.
Qaldı bu çöldə heyran, Sərdar əmu, amandır,
Gəl ol qəmi nihanə, qəmxar əmu, amandır,
Sən olginən pənahım, salar əmu, amandır,
Səhrayi-qəmdə qaldı, gör biəman Səkinə.
Düşdü bacın bu çöldə dərdü-bəlayə, qardaş,
Yox bir əlac edən kəs mən binəvaya, qardaş,
Zeynəb bibim yetişməz, sən yet hərayə, qardaş,
Badi-cəfadan oldu gül tək xəzan, Səkinə.
Bu misralarda əmoğlusu Qasimə, əmisi Əbbasə, qardaşı Əli Əkbərə xitabən Səkinə dili ilə imdad diliyən şair, heç şübhəsiz, özü də bilir ki, bu yetim və əsir qızın harayladığı şəxslər artıq həyatda yoxdur. Onların kəsik başları nizəyə vurularaq əsirlərin gözü qabağında diyar-bədiyar dolandırılır. Lakin bütün bunlara baxmayaraq, şair o əsir qızın - Səkinənin qəlb sızladıcı fəryadının cavabsız qalmayacağına, həmişəyaşar və fövqəltəbii güc sahiblərindən - cəddi Peyğəmbər (s) və babası Həzrəti Əlidən (ə) ona kömək əli uzadılacağına inanır.
Səkinə bibisi Zeynəbin əsir və çarəsiz olduğunu bildiyi halda, pənah yeri kimi ondan qardaşına giley edərək onun haraya yetişməsini istəyir: "Zeynəb bibim yetişməz, sən yet hərayə, qardaş" deyir. Çarəsiz qalan, qəlbi xırda və yetim qızların ah-naləsi ilə doğranan, lakin heç bir vəchlə onlara kömək edə bilməyən Kərbəla qəhrəmanı Zeynəbin çarəsizliyini də Səkinənin dili ilə ifadə edən şair daha sonra - 4-cü misrada təşbehdən ustalıqla istifadə edərək "Badi-cəfadan oldi gül tək xəzan, Səkinə"- deyir. Bu misrada Səkinənin solan çöhrəsini xəzan rüzgarında solmuş gülə bənzədir. Seyid Əzim Şirvani:
Qaldım baba, bu çöldə bir yari-yavərim yox,
Ey Xızrı, rahı-rəhmət bir yanə rəhbərim yox,
Gəlməz bibim hərayə yanımda xahərim yox,
Bikəs qalıb bu çöldə bi pasiban Səkinə.
Qaldı Səkinə, Zeynəb, sən şaməsən rəvanə,
Başım səru-cidadə hərdəm gəlir fəqanə,
Bir çarə eylə Zeynəb, ol mahu-bustanə,
Səhrada qaldı yalqız ol natavan Səkinə.
Şair daha irəli gedərək sonrakı misralarda insanı heyrətləndirəcək dərəcəyə çatdırır. Burada Seyyid Əzimin sənətkarlıq qüdrəti ilə Kərbəla müsibətindən doğan faciənin həmahənglik təşkil etməsi, sözün mirvari kimi sədəflərə düzülüb müsibətə bələnərək pilə-pillə ərşi-əlayə qədər qalxması göydəki mələkləri belə riqqətə gətirir. İnsan nə qədər daşürəkli də olsa, yetim qalmış qızın bədənsiz kəsik başa xitab etməkdən savayı əlacı qalmayan qızcığaza hər bir vasitə ilə kömək etmək istəyir. Ürəyi yanır. Bütün bunlardan sonra şair o yetim balanın nicatını atasına xitab etməkdə görür. Bu zanma Səkinə üzünü İmam Hüseynin (ə) dəvə üstündə gedən kəsilmiş başına tutub imdad diləyir: "Qaldım baba, bu çöldə bir yari-yavərim yox", deyir.
Sonrakı misrada "Ey Xızrı, rahı-rəhmət bir yanə rəhbərim yox"- deməklə atasını Xızr Peyğəmbərə (ə) bənzədir. Təbii ki, bunun özü də maraqlıdır. Çünki səhrada (quruda Xızr (ə), suda - dəryada isə bu funksiyanı İlyas Peyğəmbər (ə) icra edir, ümumiyyətlə, şifahi və klassik ədəbiyyatda işlənən Xızr-İlyas ifadələri bu mənanı kəsb edir) itən adamların köməyinə sanki Allah-Təala tərəfindən bir qanun olaraq həmişə Xızr Peyğəmbər (ə) gəlir. Rəvayətdə deyilir ki, bu zaman İmam Hüseynin mübarək başı olan at dayanıb hərəkət eləmir. Hamı mat qalır. Nə qədər hərəkət verilərsə hərəkət etmir. Na əlac qalıb əsrin İmamı Zeynul Abidinə (ə) xəbər verirlər. Həzrət Zeynul Abidin atasının mübarək başına yaxınlaşıb səbəbini soruşanda, İmam Hüseyn ağanın kəsilmiş mübarək başından belə bir cavab eşidir. Şair o cavabı şeir dili ilə belə buyurur. "Səkinəni dəvədən sariban yerə saldı
Bu bihəyalərə deginən getmərəm balam qaldı.". bu zaman Cənab Zeynəb əsir qızların bir-bir adlarını çağırır və məlum olur ki, İmam Hüseynin kiçik qızı Səkinə karvandan dala qalıb. Cənab Zeynəb gedib yenidən Səkinəni öz yanına gətir. Şair sonra əsirlərin pənahı olan və balalarının dərd-qəminə Cənnətdə belə tablaşa bilməyən nənələri Fatimeyi- Zəhranı (ə) şer misralarına "mehman" etməklə sanki onlara mənəvi dayaq verir. "Söylər ki, ey bəlakəş, gəldi hərayə Zəhra" - deməklə, oğlu ölən ananın dərdini yenidən cuşa gətirir, çöllərdə tənha qalmış Səkinə balasını nanə yarpağı kimi əsən qəlbinə təskinlik verir. Nəhayət, özünə xitab edən şair bu müsibətin ənginliklərinə baş çəkərək "Gəl bu bəlali qəmdən hərdən fəqanə, Seyyid" deyib, yetim və çarəsiz əsir qızın halına acıyır, onun qəm-kədərini göylərə ucalan bir "təranə" yə nəğməvari həzin avazla oxumağa başlayır. Şer sənətində təşbehin ən güclü ifadələrilə öz şerini tükbölən mümkünsüzlüyə qədər apararaq "Əşari muşkafi yaz aşiqanə, Seyyid" deyir Seyyid Əzim Şirvani.
Şair bəzən bircə misrada o qədər incə mətləblərə toxunur ki, onları bir neçə cümlə ilə açıb şərh etmək qeyri mümkündür. Bununla da "tükü tükdən seçməyin" mümkünlüyünü təsdiqləyərək min illərin sınağından çıxmış atalar sözünü sanki təsdiqləmiş olur.
Son misrada Allaha ümidlə bel bağlayan şair yetim qızın duasını özü haqqında müstəcab - qəbul olmasını arzulayır və bu ümidlə "Eylər səni cəzadə, bil kamiran, Səkinə" deməklə qəm aləminə nöqtə qoyur.
Mirəziz Seyidzadə