22 Noyabr 2024 - 22
Məlum məsələnin (ziyarətlərin nəzarətə götürülməsi) kökündə, birmənalı olaraq qorxu dayanır. Ancaq "iks-iks birinci" əsrin "uzaqgörən strateqləri", təyyarədə pərvaz edən mağara təfəkkürlü "müəllim"ləri anlamırlar ki, qorxunun əcələ faydası yoxdur. Əgər olmuş olsaydı, az qala dünyanın yarısına nəzarət edən, hərbi və müdafiə qüdrəti, təhlükəsizlik tədbirlərinin ən yüksək həddə təmin olunduğu və ən əsası, sizin böcək boyda qüdrətinizin müqayisə belə oluna bilməyəcəyi dərəcədə qüdrətə və əzəmətə malik olan Sovet dövlətinə olardı ilk növbədə. Ancaq olmadı. Cəmi 70 il davam gətirə bildi, bütün sadalanan və sadalanmayan qüdrətinə rəğmən. Hansı ki, sələfləriniz (komunist yoldaşlar) ümümiyyətlə, yerli-dibli qadağan etmişdilər həmin müqəddəs dediyiniz yerlərin ziyarətini. Düzdür, sonradan bir balaca ağıl işlədərək ölkədə dini azadlıqların, demokratik mühitin olmasını nümayiş etdirmək məqsədilə məhdud sayda insanın nəzarət altında ziyarətə getməyinə icazə verdilər. Ancaq ki, müzakirə mövzusu bu deyil.
Məsələ budur ki, qorxurlar. Nədən qorxurlar?! Əlbəttə ki, günbəgün könülləri fəth edən, dünyanı heyrətə qərq etmiş "Aşura - Ərbəin" fenomenindən! Dolayısıyla, Əhlibeyt sevgisinin hər ötən gün yayılmasından - hansı ki, məhəbbətləri bilavasitə uca Yaradan tərəfindən fərz qılınmışdır insanlara - və xüsusilə, Kərbəla məktəbindən! Hansı ki, xəmiri zülmə, tağuta, batilə, nifaqa və əhlinə qarşı mücadilə ilə yoğrulmuşdur; Hansı ki, heç bir zaman azğınlığa, sapqınlığa, haqqın-həqiqətin tapdanmasına, dəyərlərin aradan getməsinə, insanların haqqının zay edilməsinə, məzlum və müstəzəf duruma salınmasına müsamihə etməmiş, yumşaqlıq göstərməmiş, barışmamışdır; Hansı ki, dünya müstəzəflərinin, əzilən kütlələrin azadlıq və mücadilə məşəlinə çevrilmiş, insanları və insanlığı əzən hegemon və imperialist qüvvələrin qarşısında az bir dəstə ilə son damla qanına qədər dayanmaq, mübarizə aparmaq nümunəsini yaratmış və Qiyamətədək ümumbəşəri bir fenomenə çevrilmişdir.
Bütün qorxuların kökündə bu ülvi və sarsılmaz dəyərlərin - başı bədənindən ayrı düşməmiş, ruhu cismi ilə bərabər olan İslamın durmadan dünyada, o cümlədən Azərbaycanımızda yayılması, rövnəq tapması, qəlblərə nüfuz etməsi dayanır. Məsələ heç də təkcə ziyarətlərin nəzarətə götürülməsi ilə məhdudlaşmır. Bu, sadəcə, yuxarıda işarə etdiyim həqiqətin qarşısının alınması yolunda atılan növbəti addımlardan biridir, nəinki ilki və sonuncusu. Daha əvvəllər və sonralar atılacaq addımlar, görüləcək tədbirlərin hamısı bu məqsədə xidmət etmiş və etməkdədir. Və unutmayaq ki, bu heç də hörümçək qüdrətinə sahib olan bir hökumətin və ya hökumətlərin öz ağlının məhsulu deyil. Bu, onları taxta otuzduran, taxtda saxlayan, hakimi olduqları öz xalqlarını əzmələrinə imkan verən ana timsahların - insan qanı ilə bəslənən, demokratiya və humanizm silahıyla təchiz olmuş imperialist qüvvələrin təlimatı və tələbi ilə həyata keçirilir. İstər Azərbaycanda olsun, istər şah zamanının İranında olsun, istərsə də, daxili və xarici müstəbidlərin caynağında çabalayan istənilən müsəlman məmləkətində! Məqsəd və məram isə birdir: ağalı-köləli bu qansız və iblisləşmiş tayfanın (həqiqət və insanlıq düşməni olan müstəbid qüvvələrin qarşısında dayana biləcək, onlara qarşı barışmaz mövqedə dayanan ədalət - Vilayət məktəbinin yayılmasının qarşısını almaq. Ancaq tarixin gəlmiş-keçmiş bütün tiranlarının unutduğu bir həqiqət var. O da budur ki, kafirlər, zalımlar istəməsələr də, Allah öz nurunu tamamlayacaq. Və bir də, Allah iradə etdikdən sonra, Musanı Fironun öz sarayında belə bəsləyəcək, öz əli ilə...
Mirqasım Əliyev