22 Noyabr 2024 - 22
Əlinin (ə) hakimiyyət dövrü düşmənlərlə döyüş və mübarizədə keçmişdir. Onlar öz maddi məqsədlərinə çatmaq üçün avam və həris insanlardan məharətlə istifadə edirdilər. Əlinin (ə) qarşısında Müaviyə kimi təhlükəli və hiyləgər düşmənlər dururdu. Bu rəzil insanlar öz məqsədləri naminə bütün vasitələrdən istifadə edirdilər. Əli (ə) istər bu zəhərli ünsürlət, istər Peyğəmbərin həyat yoldaşı Aişədən istifadə edən Cəməl süvariləri (Təlhə və Zübeyr) və istərsə də təqva adı altında onunla düşmənçilik edən, qətlini vacib bilən avam və yazıq Xəvaric dəstəsi ilə mübarizədən başqa bir yol görmürdü.
Zeynəb Peyğəmbərdən sonra baş verən qəmli hadisələri müşahidə edib ondan dərs alır, öz ictimai-siyasi və tarixi görüşünü artırır, atasının tükənməz fəzilətləri, ibadət və şücaətindən ilham alırdı. O atasının məktəbində öyrəndiklərinin hamısını Kərbəla, Kufə, Şam kimi böyük səhnələrdə nümayiş etdirib, öz ibadət və tədbiri, səbr və şücaəti ilə bir daha Əli qızı olduğunu sübut etdi. Elə bir Əli ki, bütün ömrünü Allah və Onun razılığı yolunda sərf edib, malik olduğu böyük qüdrətlə yanaşı səbr edib, şücaətlə düşmənini məğlub edərək ədalətə rəvac verib və nəhayət, hər şeyini öz sevgili rəbbinə qurban etmişdir.