22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Quran da, İmam Hüseyn də ümmətə yol göstərən çıraqdır
30.05.2019

Quran Allahın samit (danışmaz, lal) kəlamıdır, Hüseyn (ə) isə Allahın natiq (danışan) kəlamı idi. Quran öz yazıları ilə, Hüseyn (ə) isə öz rəftarı və sözü ilə insanları haqqa doğru hidayət edirdi. Allah-təala Qurani-kərimdə Müqəddəs Kitabı “fürqan” (haqla batili ayıran), “hüda” (yolgöstərən) adları ilə vəsf edir. Həzrət Mühəmməd Peyğəmbərin (s) kəlamında buna oxşar ifadələr İmam Hüseyn haqqında buyurulub: “Hüseyn hidayət çırağı və nicat gəmisidir”.

İslam Peyğəmbəri (s) dəfələrlə Qurani-kərimi və öz Əhli-beytini müsəlmanlara tapşırmış, bu ikisini qorumağı, onlardan ayrılmamağı tövsiyə etmişdi. “Səqəleyn hədisi” kimi tanınan məşhur hədisdə buyurulur: “Sizin aranızda iki əmanət qoyuram. Əgər bunlara möhkəm sarılsanız, nicat taparsınız. Əgər bunlardan uzaq düşsəniz, zəlalətə düçar olarsınız. Bu iki əmanətdən biri Allahın Kitabı (Quran), o biri isə itrətimdir (Əhli-beytimdir). Bu ikisi qiyamət günündə cənnət hovuzunun başında mənim hüzuruma yetişənə kimi bir-birindən ayrılmazlar”.

Bundan əlavə, İslam Peyğəmbəri həzrət Hüseyni ümmətə ayrıca tanıtdırıb, onu qorumağı tövsiyə etmişdi. Peyğəmbər balaca Hüseyni (ə) tez-tez öz minbərinə qaldırar, camaata göstərib buyurardı: “Ay camaat, bu, Hüseyn ibn Əlidir (ə), onu tanıyın! Allaha and olsun ki, o, cənnətdə olacaq, onu sevən cənnətdə olacaq, hətta onu sevəni sevən də cənnətdə olacaq” (Əmaliyi-Səduq, məclis 87, hədis 4).

Quran Qədr gecəsində nazil olub. Həmin gecə mələklər yerə enərlər; bu barədə “Qədr” surəsində də buyurulub. İmam Hüseynin doğulduğu gecə də mələklər Həzrət Peyğəmbəri (s) təbrik etmək, bununla yanaşı, həm də Hüseynin (ə) gələcək qətli münasibətilə Peyğəmbərə (s) başsağlığı vermək üçün yerə eniblər.

Quran heç zaman köhnəlməyən, unudulmayan, öz qüvvəsini itirməyən bir kitabdır. İmam Hüseynin müsibəti də qiyamətə kimi möminlərin qəlbini sızladar, yaddaşlardan silinməz. Hər il bu müsibət qeyd olunar, könüllər riqqətə gələr, gözlər yaşla dolar. Peyğəmbərin buyurduğu kimi, Hüseynin (ə) qətli ürəklərdə elə bir hərarət yaradar ki, qiyamətə kimi sönməz.

Quranı oxumaq, ona qulaq asmaq, hətta Quranın yazısına baxmaq savabdır və ibadətdir. İmam Hüseynin (ə) də müsibətini zikr etmək, növhə demək, ağlamaq və başqasını ağlatmaq, əza məclislərində iştirak etmək, Hüseyni (ə) yaxından (Kərbəlada) və uzaqdan (öz evində ziyarətnamə oxumaqla) ziyarət etmək, onun hüzurunda şəhid olmağı arzulamaq, onun zəvvarlarına xidmət göstərmək böyük savaba malikdir.

İmam Rza (ə) İbn Şəbib adlı səhabəyə xitabən buyurub: “Ey İbn Şəbib! Əgər Hüseynə ağlasan və göz yaşların yanaqlarını islatsa, Allah günahlarını bağışlayar. Ey İbn Şəbib! Əgər istəsən ki, günahların bağışlansın – Hüseyni ziyarət et. Əgər istəsən ki, behişt saraylarında Peyğəmbərlə birlikdə olasan – Hüseynin qatillərinə lənət oxu. Ey Şəbibin oğlu! Əgər Hüseynin səhabələri qədər savab qazanmaq istəsən, həmişə o həzrəti yad edəndə söylə ki, kaş orada olub böyük feyzə çataydım. Əgər behiştdə uca məqama yetişmək istəsən, bizim kədərimizə kədərlən, sevincimizə sevin, vilayətimizə tabe ol!” (Əmaliyi-Səduq, məclis 27, hədis 5).

Quran, onu oxuyana və əməl edənə qiyamət günündə şəfaət edəcək. İmam Hüseyn (ə) də onun müsibətini yaşadanlara, onun matəmində ağlayanlara, onun yolu ilə gedənlərə öz şəfaəti ilə yardım edəcək.

Quran keçmiş peyğəmbərlərin başına gələnlərdən danışır, onların müsibətlərini bəyan edir. İmam Hüseyn (ə) həmin müsibətləri öz həyatı ilə canlandırıb, təkrar edib.

Quran 30 cüzə, hər cüz iki hizbə, hər hizb daha dörd hissəyə bölünür. İmam Hüseynin (ə) bədənini də Kərbəlada tikə-tikə doğradılar.

Quranın öz hökmləri var. Onun yazısına pak halda toxunmaq, ona ehtiramla yanaşmaq, onu pak halda oxumaq lazımdır. Hüseynin (ə) də imam kimi ümmətin boynunda haqqı var idi. Amma onun haqqını qorumadılar, ona zülmetdilər, dünya mənfəəti yolunda onu və əzizlərini şəhadətə çatdırdılar.


Şeyx Cəfər Şüştəri (“Xəsaisül-Hüseyniyyə”)