21 Noyabr 2024 - 21
Həzrət Əlidən sonra Müaviyə ilə üzbəüz duran İmam Həsən idi. Hicri 49-cu ildə imam dünyasını dəyişdi və ondan sonra birbaşa imamət məqamı İmam Hüseynə keçdi və imam ümmətin rəhbəri oldu. İmam Hüseynin 11 illik imamət dövrünə baxsaq görərik ki, düzdür, imam Müaviyənin əleyhinə qiyam etmədi, lakin bu demək deyildi ki, Müaviyəni qəbul etmişdi və susmuşdu. Xeyr! Biz görürük bu 11 il ərzində İmam Hüseyn ilə Müaviyə arasında sadə dildə desək atışmalar olub. Yəni Müaviyənin imama, imamın da Müaviyəyə məktublarını oxuyanda görürük ki, imam Müaviyə və onun hakimiyyətini sual altına salır. İmam Hüseyn Müaviyənin cinayətlərini məktublarda yazır. Müaviyə Əmr, Hizr ibn Ədi kimi şiə böyüklərini öldürürdü. İmam Hüseyn də məktub yazırdı ki, niyə bu cinayətlərə əl atırsan, sənin hakimiyyətin düzgün hakimiyyət deyil. Öz etirazlarını bildirirdi.
Amma niyə İmam Hüseyn Müaviyənin dövründə qiyam etmədi və Müaviyədən sonraya saxladı? Bunun cavabı bir neçə məsələni yoxlamaqla aydın olur. Birinci amil budur ki, İmam Hüseyn, İmam Həsən ilə Müaviyə arasında olan sülh müqaviləsini pozmaq istəmirdi. Bu bir peyman idi və bunu imam poza bilməzdi. Çünki əhdi pozan adamlar haqqında Qurani-Kərimdə ayələrimiz var.
Mahir Bəylərzadə