22 Noyabr 2024 - 22
İbn Abbas deyir: Siffeynə gedərkən Neynəvaya çatdığımız vaxt Fərat çayı kənarında dayandıq. Əmirəlmöminin (ə) buyurdu: "Ey İbn-Abbas, bu yeri tanıyırsanmı?" Ərz etdim ki, tanımıram. Həzrət buyurdu: "Əgər buranı mənim kimi tanısaydın, mənim kimi ağlamamış ötüşməzdin!" Sonra həzrət elə ağladı ki, saqqalı islandı, göz yaşları sinəsinə töküldü. Dəstəmaz alıb namaz qıldı, azca istirahət etdi. Oyandıqdan sonra yenidən göz yaşı axıtdı. O buyurdu: "Sənə gördüyüm yuxunu danışımmı? Röya aləmində gördüm ki, əlində ağ bayraq tutmuş, qılıncları bəyazlıqdan parlayan şəxslər səmadan endilər və bu yeri əhatəyə aldılar. Sonra bu xurma ağaclarının öz budaqlarını yerə döydüyünü gördüm. Yerdən qan fəvvarələnirdi. Oğlum Hüseynin qan dəryasında qərq olduğunu gördüm. O, köməyə çağırırdı və kimsə ona yardım etmirdi. Həmin ağ libaslı kişilər səmadan enib onlara dedilər: "Ey peyğəmbər ailəsi, dözümlü olun. Siz günahkar insanların əli ilə öldürülərsiniz. (Ey Əba-Əbdillah) Behişt səninlə görüş şövqündədir." Sonra mənə başsağlığı verib dedilər ki, ey Əbəl-Həsən, qiyamət günü Allah sənin gözünü
Hüseynlə işıqlandıracaq." Sonra yuxudan oyandım."
Nəql olunur ki, Əmirəlmöminin (ə) buyurmuşdur: "Bu yer aşiqlər misrası və dinə yardım üçün peyğəmbər və Fatimə övladlarının qiyam məhəllidir."
Bəni-Üməyyə Siffeyndə suyun qarşısını kəsmişdi. Həzrət Əlinin (ə) qoşunu suya gedən yolu açmaq üçün düşmənlə vuruşsa da, müvəffəq olmamışdı. Həmin vaxt həzrət Əli (ə) imam Hüseynə (ə) buyurdu: "Get, su gətir." İmam Hüseyn (ə) meydana çıxıb vuruşdu, suyun yolunu açdı. Bu zaman Əmirəlmöminin (ə) ağlayıb buyurdu: "Bu gün Hüseyn Kufə əhlini susuzluqdan qurtardı. Sanki həmin camaatın suyun yolunu bağlayıb, Hüseyn (ə) və onun yoldaşlarını şəhid edəcəyi günü görürəm.
Araşdırma aparıb bu rəvayətçilər məcmusuna diqqət yetirən kəs anlayır ki, bu məsələ sadəcə mərhəmət məsələsi yox, risalət kimi mühüm bir işdir. Necə ki, həzrət Mehdinin (ə) qeyb və qiyamı Peyğəmbər (s) dövründən bu günədək və onun təşrif gətirəcəyi vaxtadək aktualdır.
Əliəsğər Səffar Hərəndi