22 Noyabr 2024 - 22
Ayətullah Behcət buyurur ki, təvəssül kamal yolunu açan vasitədir. Bu sözü ona müəllimi olan Ayətullah Seyyid Əli Qazi demişdi ki, mənim nəyim varsa, iki şeyə görədir: biri Quran tilavətinə görədir, biri isə “Aşura” ziyarəti və təvəssülə görə. Ayətullah Behcət həmişə Əhli-beytə (ə) aşiq insan olmuşdur.
Alimə sual verirlər ki, Aşura ziyarəti haqqındakı nəzəriniz nədir? Alim belə cavab vermişdi ki, Aşura ziyarətinin mətni onun əzəmətinə şahidlik verir. Xüsusilə də ziyarətin sənədində olanlara diqqət etsək görərik ki, İmam Sadiq (ə) Səfvana buyurur: “Bu ziyarəti oxu və mən onu oxuyan üçün bir neçə şeyi zəmanət verərəm.
1. Ziyarəti qəbul olar.
2. Səy və çalışması tərifə layiq olar.
3. Hacəti hər nə olursa-olsun, qəbul olar. Allah dərgahından ümidsiz qayıtmaz.
Ey Səfvan! Bu ziyarəti atamda görmüşəm və atam da atasından - ta Əmirəl-mömininə (ə) qədər. Əmirəl-möminin də Peyğəmbərdən (s). Peyğəmbər isə Cəbraildən. O, da Allah Təaladan nəql etmişdir. Allah Öz zatına and içmişdir ki, hər kim bu duanı və ziyarəti oxuyarsa, duasını və ziyarətini qəbul edəcəkdir. İstəyi hər nə olursa-olsun, yerinə yetəcəkdir”.
Bu deyilənlərdən belə nəticəyə gəlmək olur ki, Aşura ziyarəti - Qüdsi hədislərdəndir. Ona görədir ki, biz din alimləri onu oxumaqla məşğul oluruq. O yerə qədər ki, bizim müəllimimiz mərhum Hacı Şeyx Muhəmmədhüseyn İsfahani Allahdan istəmişdi ki, ömrünün axırına qədər bu ziyarəti oxusun, sonra ruhu qəbz olsun. Duası qəbul oldu və bu ziyarəti oxuyub bitirəndən sonra dünyasını dəyişdi.
Aşura ziyarəti axirət savabları ilə yanaşı, insanın hacətlərinin də yerinə yetməsinə səbəb olar. Ona görə də tövsyiə olunur ki, hacəti olan insan bu ziyarəti 40 gün dalbadal oxusun və ona təvəssül etsin. Onu oxumağın ən yaxşı zamanı isə sübh namazından sonra günəş çıxmazdan əvvəldir. Bu ziyarəti oxuyub bitirəndən sonra İmam Hüseynə (ə) iki rükət ziyarət namazı qılın ki, sübh namazı kimi qılınar. İki rükətli namazdan sonra isə Əlqəmə Həzrəminin duasını oxuyun.
Əgər bu ziyarəti gündə iki dəfə oxuya bilsəniz, çox faydalıdır. Biri gecənin əvvəlində və biri də sübh namazından sonra. Belə ki, böyük arif olan həzrət Ayətullah Seyyid Əli Qazidən nəql edilir ki, alim öləndən sonra bir nəfər onu yuxuda görür. Ondan soruşur ki, o biri dünyada hansı əməl başqalarından daha mühümdür? Buyurur: ““Aşura” ziyarəti. Mən peşmanam ki, niyə hər gün bir dəfə bu ziyarəti oxumuşam və iki dəfə oxumamışam”.
/deyerler/