22 Noyabr 2024 - 22
Məhərrəm ayı qəməri ilinin ilk ayıdır ki, həm cahiliyyət və həm də İslamın gəlişindən sonra haram aylardan biri hesab olunur ki, onda müharibə etmək haramdır.
Məhərrəm ayı Əhli-Beyt (ə) davamçıları üçün qəm və qüssə ayıdır. Bu ayda Seyyidi-şühəda (ə) şəhid edilmiş və qanlı Kərbəla hadisəsi baş vermişdir.
Bu ayda Ğəzvətul-zatəl-riqa, Xeybərin fəthi, Həzrət Zəhranın (s.ə) evliliyi, qanlı Kərbəla hadisəsi, Peyğəmbər (s) nəslinin əsir götürülməsi kimi hadisələr baş vermişdir.
Bu ayda Osman xilafətə çıxmış, Məmunun qardaşı olan Muhəmməd Əmin qətl edilmiş, Cəfər Bərəməki qətl edilmiş, Bəni-Abbas dövləti süqut etmişdir.
Bu ayda Həzrət İdris (ə) səmaya qalxmış, Həzrət Zəkəriyyənin (ə) duası yerinə yetmiş, Həzrət Musa (ə) dənizdən keçmiş və Fironçular Nil çayında qərq olmuşdur. Fil səhabələrinin cəzanlandırılması bu ayda baş vermişdir.
İmam Rza (ə) buyurur: “O zaman ki, Məhərrəm gəlib çatardı, atamı gülən görməzdik. Onun qəm və qüssəsi ilk on gün bitənə qədər ona qələbə çalardı. Aşura günü onun üçün qəm, müsibət və ağlamaq günü olardı”.
Həzrət Rza (ə) başqa yerdə buyurur: “O kəsin ki, Aşura günü müsibət, qəm və ağlamaq günü olar, Allah Qiyaməti onun üçün sevinc günü qərar verər”. (İslami saytlara istinadən)
Məhərrəm ayının əməlləri:
Məhərrəm ayının birinci günü.
1. Namaz. Bu ayın ilk gecəsinin bir neçə namazı vardır ki, onlardan birinə işarə edək: İki rükət namazdır ki, hər rükətində “Həmd”dən sonra 11 dəfə “Tövhid” surəsini oxuyursan. Bu namazın fəziləti barəsində deyilir: “Bu namazı qılmaq və gündüzünü oruc tutmaq təhlükəsizliyə səbəb olar, hər kim bu əməli yerinə yetirər, sanki bütün il boyu yaxşı əməlləri davam etdirmiş kimi olar”.
2. Oruc tutmaq.
İmam Baqir (ə) buyurur: “Hər kim bu günü oruc tutar, Allah duasını yerinə yetirər, necə ki, Zəkəriyyənin (ə) duasını yerinə yetirmişdir”.
Məhərrəm ayının ikinci günü.
Bu günü İmam Hüseynin (ə) karvanı Kərbəlaya daxil olur.
Məhərrəm ayının üçüncü günü.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim bu gündə oruc tutar, Allah onun duasını yerinə yetirər”.
Məhərrəm ayının dördüncü günü.
İmam Hüseynlə (ə) Ömər ibni Sədin müzakirələrinin nəticəsiz olması.
Məhərrəm ayının yeddinci günü.
Bu gün də oruc tutmaq müstəhəb əməllərdəndir.
Məhərrəm ayının doqquzuncu günü.
Tasua günüdür və İmamın (ə) ordusu və ailəsi mühasirədədir.
Aşura gecəsi.
1. Bu gecə üçün də bir neçə namaz tövsiyə olunur. Onlardan biri belədir: Dördrükətli namazdır ki, hər rükətdə “Həmd”dən sonra 50 dəfə “Tövhid” surəsi oxunur. Namaz bitəndən sonra 70 dəfə deyilir: «Subhanallahi vəlhəmdulilləhi və lə iləhə illəllahu vəllahu əkbər və lə həvlə və lə quvvətə illə billəhil-aliyyil-azim»
2. Bu gecəni əhya saxlamaq.
3. Dua və münacat etmək.
Aşura günü.
1. İmam Hüseynə (ə) və Kərbəla şəhidlərinə əzadarlıq keçirtmək.
2. İmam Hüseyni (ə) ziyarət etmək.
3. İmam Hüseynin (ə) zəvvarlarına su paylamaq.
4. “Tövhid” surəsini min dəfə oxumaq.
5. Aşura ziyarətini oxumaq.
6. Bu zikri min dəfə demək: “Əllamum-məl’ən qətələtəl-Huseyn əleyhis-səlam”.
/Deyerler.org/