24 Noyabr 2024 - 24
Bilirik ki, Həcc mərasimi Allahın vacib buyurduğu mərasimdir. Özünün də xüsusi şərtləri var. O şərtlərə, tələblərə cavab verdikdən sonra həcc mərasimi təşkil olunur. Yəni bir nəfərin əgər maddi imkanı çatmırsa, Həcc mərasimində iştirak edə bilmir. Müsəlmanlar hamısı imkanlı deyil ki, Həcc mərasimində iştirak etsin. Deməli, bu Həcc mərasimi məhdud çərçivə üçün nəzərdə tutulmuş bir məasimdir. İkinci tərəfdən baxanda görürük ki, burada tələb olunan müəyyən ibadət növləri var. Və həmin ibadətlərin yerinə yetirilməsi də vacibdir.
Amma İmam Hüseynin Ərbəin yürüşündə belə bir tələb yoxdur. Orada imkanlar minimumdur. Yəni hamının iştirak edə biləcəyi bir aksiyadır. Bu gün Azərbaycanda nə qədər insanın imkanı çatır Həccə getsin? Amma demək olar ki, 80 faiz müsəlmanın, inanclının Ərbəin yürüşündən istifadə etmək imkanı var. Eləcə də bu bütün dünyaya, müsəlmanlara aiddir. Yəni bütün dünya bu mərasimdə iştirak edə biləcək imkandadır. Və Ərbəin yürüşündə Həccdən fərqli olaraq hər hansısa bir ibadət tələb olunmur. Sadəcə yürüş, insanların bir-birinə yaxşı münasibəti var. Bir tərəfdən də fərqli bir dəyər var. Həcc mərasimində ödəniş ödəyən adam öncədən harada qalacağını belə müəyyən edir. Yəni o pulunu verir, imkanına uyğun olaraq müəyyən yerdə sifariş edir. Yəni oteli, otağı, şəraiti yaxşı olsun. Minimum ödəniş edən belə orada qalacağı yeri fikirləşir. Ərbəin yürüşünə gedən adamın isə belə bir fikri yoxdur. O, buradan gedəndə artıq 1400 il bundan qabaq haqq uğrunda mübarizə aparmış insan ilə empatiya yaratmaq duyğusunda olur. Bilir ki, orada bütün çətinliklər var. Həmin insan piyada getməyə, çadırda yatmağa, bəzən quru yerdə yatmağa, ayaq üstə yeməyə və s. bu kimi şeylərə hazırlaşır. Həcc mərasiminə gedən ilə Ərbəin yürüşünə gedənin fərqi məhz bundadır.
Famil Burxanoğlu