21 Noyabr 2024 - 21
İmam Hüseynin (ə) Aşurasında hətta Bəni-Haşim xanədanından və həmin pak ailədən olan Abdullah ibn Abbas və Abdullah ibn Cəfər kimi şəxslər də Məkkədə, yaxud Mədinədə dayanıb fəryad çəkməyə və İmam Hüseynin (ə) xeyrinə şüar verməyə cürət etmirlər. Belə mübarizə qərib və ən çətin mübarizədir. Hamı insanla düşməndir, hamı insandan üz çevirir. İmam Hüseynin (ə) mübarizəsində hətta bəzi dostlar da etiraz edirlər. Onların birinə dedi ki, gəl mənə kömək et, o isə kömək əvəzinə atını göndərdi, dedi ki, atımdan istifadə et. Bundan böyük qürbət və bundan da qərib mübarizə?!
Bu qərib mübarizədə ən əziz şəxsləri gözü qarşısında fəda olurlar, oğulları, qardaşlarının oğulları, qardaşları, əmisi oğulları, Bəni-Haşimin bu gülləri ləçək-ləçək olub qarşısında yerə tökülürlər, hətta altıaylıq körpə də öldürülür. Bütün bu müsibətlərdən əlavə, bilir ki, canı pak cismindən çıxan kimi köməksiz və müdafiəsiz ailələr hücuma məruz qalacaqlar. Bilir ki, ac qurdlar azyaşlı və gənc qızlara hücum edəcəklər, onları qorxudacaqlar, mallarını qarət edəcəklər, onları əsir tutacaq və təhqir edəcəklər. Bilir ki, Əmirəl-mömininin (ə) dəyərli qızı və İslam dünyasının görkəmli şəxsiyyətlərindən olan Zeynəb-Kübraya hörmətsizlik edəcəklər; bunları da bilir. Bütün bunlara özünün və ailəsinin susuzluğunu əlavə edin; azyaşlı uşaqlar, qız uşaqları, qocalar və hətta südəmər körpə də susuzdur. Bu mübarizənin nə qədər çətin olduğunu təsəvvür etmək olar.
Belə uca, pak və nurlu bir insan, göyün mələklərinin ona tamaşa etmək üçün bir-biri ilə yarışdığı, təbərrük məqsədilə ona tamaşa etməyi arzuladığı bir insan, peyğəmbər və övliyaların onun məqamını arzuladığı bir şəxs belə bir mübarizədə belə bir müsibət və faciə ilə şəhadətə qovuşur. Belə bir şəxsiyyətin şəhadəti çox qəribə hadisədir. Hansı insan bu hadisədən kədərlənməz?! Bu hadisəni tanıyan və dərk edən hansı insan ona vurulmaz?!
Ayətullah Xamenei