21 Noyabr 2024 - 21
İmam Həsən (ə) həzrət Əlidən (ə) sonra 7 ay müsəlmanların xəlifəsi oldu. Müaviyyə ilə bağlanan sülh müqaviləsindən sonra xilafətdən çəkilən İmam (ə) təxminən 10 ilə yaxın imamlıq etdi. İmam Həsənin xilafətdən çəkilməsinə baxmayaraq varlığı, yaşaması daima Müaviyyəni narahat edirdi. Bu səbəbdən Müaviyyə müxtəlif hiylə və gizli yollarla İmam Həsəni şəhid edib, özü və oğlu üçün ən böyük maneəni aradan qaldırmaq istəyirdi.
Nəhayət o buna nail olur və hicrətin 50-ci ilində İmam Həsən Müaviyyənin sifarişi ilə zəhərlənərək şəhadətə qovuşur. Şeyx Müfid bu barədə yazır ki, Yezid üçün beyət hazırlayan Müaviyyə 50 min dirhəm qarşılığında İmam Həsənin həyat yoldaşı, Əşəs ibn Qeys Kindinin qızı Cudəni satın alır, hətta İmamın şəhadətindən sonra onu Yezid ilə evləndirəcəyinə belə söz verir.
Şeyx Mufid “əl-İrşad” kitabında İmam Həsənin şəhadəti barədə yazır:
İmam Həsən (ə) şəhadətinə yaxın vaxtlarda qardaşı İmam Hüseyni (ə) yanına çağırıb buyurur: “Qardaşım, yaxın günlərdə mən sizin aranızdan ayrılacam. Məni zəhərləyəcəklər, zəhər ciyərimi parçalayacaq. Bunu kimin edəcəyini və kimin sifarişi olduğunu bilirəm. Mən özüm Allahın hüzurunda onlarla hesabımı görəcəm. Səni, üzərində olan haqqıma ad verirəm ki, sən yalnız baş verənləri izlə və Allahın haqqımda olan qəza-qədərini gözlə.”
İmam Hüseyn qardaşının vəsiyyətinə əməl edir və İmamın şəhadətindən sonra Cudədən qisas almır.
Tarixçilərin bildirdiyinə görə İmamın şəhadətindən sonra Müaviyyə vəd etdiyi 50 min dirhəmi Cudəyə göndərir, lakin Yezidlə evlənməyinə etiraz edərək deyir: Allah rəsulunun (s) övladını zəhərləyən birisini öz övladıma rəva görmürəm.”
Bəzi tarixçilər bildirir ki, Cudə İmamın şəhadətindən sonra uzun müddət yaşayır, iki dəfə ailə həyatı qurur, hətta övladları da olur. Lakin bu qara ləkə onda heç vaxt təmizlənmir. Buna görə həmişə onun övladlarına “ərini zəhərləyənin uşaqları” deyərdilər. (Əbul-Fərəc isfəhani, Bəlazəri,İbni Həbban,Şeyx Mufid, İbn əbil-Hədid)
Yaşar Nuriyev