24 Noyabr 2024 - 24
Hüseynin mübarək başını Ubeydullahın önünə gətirən adam. Hüseyn hər tərəfdən əhatələnmiş və artıq son anlar yaşanır. Onlarla adama qarşı igidcəsinə vuruşur. Və ətrafında olan kufəlilərə səslənir.
“Siz məni dəvət etdiniz, mən də gəldim. İndi mənə bu qədər zülmdən sonra Yezidə beyət et deyirsiz. Mən Yezidə beyət etsəydim, Mədinədə beyət edərdim, burda nə işim var idi? Mən zillətimi qəbul edim? Heyhat, zillət bizdən uzaqdır. Heyhat, zillət bizdən uzaqdır.”
Hüseynin söylədiyi hər kəlmə ətrafındakı insanların qəlbinə batan bir xəncər idi sanki. Hüseynin o sözləri ətrafındakı hər kəsə təsir etdi. O anda Şimr bağıraraq, “vurun, öldürün, danışdırmayın” deyirdi. Amma heç kim son zərbəni vurmaq istəmir. Yoxsa onun üzərində qalacaqdı. Zalımlıqda öndə gedən bir kufəli – Sinan bin Ənəs. O nizəsi ilə Hüseynin kürəyindən vuraraq şəhid edir. İndi sıra başını gövdəsindən ayırmağa gəldi. Çox pis adətdir, amma o dövrdə belə bir şey var idi. Heç kim edə bilmirdi bunu. Sinan Havli b. Yezidə deyir ki, “Kəs o başı, o sənə çox şey qazandıracaq. Kəs və onu apar Ubeydullaha. Alacağın çox şey olacaq.” Havli əlində qılıncla gəlir, amma əli əsir və Sinan baxır ki, o bunu edə bilməyəcək, özü gəlib kəsir o mübarək başı. Qaldırıb verir Havliyə. Bir az öncə qorxan adam əlində Hüseynin başını görüncə sevinir. Nə üçün sevinir? Bunu aparıb verəcək Ubeydullaha, o da ona mükafat olaraq nələrsə verəcək. Ubeydullah da Hüseynin başını gördükdə sevinir. Ama biruzə vermir sevincini. Sonra Havliyə dönərək, “Sənmi öldürdün bunu?” deyir. Havli sevinir, zənn edir ki nəsə alacaq və “mən öldürdüm” deyir. Ubeydullah b. Ziyad “Çox pis bir şey etdin. Məndən də nəsə umursan. Tez sarayımı tərk et və bir daha da gözümə görsənmə.” deyir.
Və orada mənfəətpərəstliyin düşə biləcəyi ən alçaq səviyyəyə düşür Havli b. Yezid. Belə bir hadisə ilə tarixə keçir, amma əlinə də dünyalıq bir şey keçmir və təqdirini qazanacağını düşündüyü Ubeydulahın nifrətini qazanır. Allahın razılığını unudub qulların təqdiri üçün hər cür əməli işləyən, Rəbbinin əmrlərini ikinci plana atanlar üçün necə də ibrət alınası hadisədir.
Necə ki, baharda yağışlı bir fırtına hər nəbatat (bitki) tayfasının, toxumların, ağacların istedadlarını təhrik edir, inkişaf etdirir; hər biri özünə məxsus çiçək açır, fitri bir vəzifə başına keçir. Elə də, Səhabə və Tabiunun başına gələn fitnə də, nüvələr hökmündəki müxtəlif, ayrı-ayrı istedadları təhrik edib hərəkətə gətirdi. “İslamiyyət təhlükədədir, yanğın var!” deyə hər tayfanı qorxutdu, İslamiyyətin mühafizəsinə tələsdirdi.”