22 Noyabr 2024 - 22
Müaviyə vəsiyyət etdi və dünya ilə vidalaşdı. Yezid hakimiyyətinin ilk günü Mədinə hakiminə məktub yazdı. Həmin məktubda Mədinə hakimi Vəlid ibn Ütbəyə belə deyilirdi: "Mədinə əhli mənə beyət edib. Atam mənə xəbər verdi ki, üç nəfər beyət etməyib: Hüseyn ibn Əli, Abdullah ibn Zübeyr və Abdullah ibn Ömər. Onlardan mənim üçün beyət al və mənə məlumat ver." Vəlid həmin üç nəfərin ardınca qasid göndərdi. Qasid peyğəmbər (s) məscidinə gəlib imam Hüseyn (ə) və Abdullah ibn Zübeyrə dedi: "Qalxın və əmirin yanına gedin. O sizi yanına çağırıb." Abdullah imam Hüseynə (ə) ərz etdi ki, indi görüş vaxtı deyil, xeyir ola? İmam buyurdu: "Elə düşünürəm ki, Müaviyə ölüb və bunlar Yezid üçün bizdən beyət almaq istəyir." Abdullah dedi: "Mən də elə düşünürəm. Siz nə edəcəksiniz?" İmam buyurdu: "Mən gedirəm görüm nə deyir." Abdullah dedi: "Amma mən getməyəcəyəm." O, ayağa qalxıb yola düşdü." Əmir Abdullahın gəlmədiyini görüb, onun evinə qasid göndərdi və tələb etdi ki, hökmən onun yanına gəlsin. Amma Abdullah Mədinədən çıxıb Məkkəyə yola düşdü və hərəmə sığındı.
İmam Hüseyn (ə) Vəlidin yanına getdi. Vəlid Yezidin məktubunu həzrətə verdi. Bu məktubda Müaviyənin ölümü xəbər verilirdi. İmam "inna lillahi və inna iləyhi raciun" ayəsini oxudu. Vəlid dedi: "Beyət haqqında fikrin nədir? İmam buyurdu: "Məndən məxfi şəkildə beyət almaq istəyirsən? Beyət aşkar olmalıdır və xalq beyətdən xəbər tutmalıdır. Bu iş məsciddə olmalıdır. Görək sabah nə edirik." İmam buyurmadı ki, sabah gələrəm və beyət edərəm! Həmin vaxt Mərvan Vəlidin yanında idi. (Mərvan Bəni-Üməyyənin ən xəbis kəslərindən idi. Əslində Osmanı o ölümə vermişdi. O, onun atası peyğəmbər (s) və əhli-beyt tərəfindən lənətlənmişdi...)
Mərvan Vəlidə dedi: "Ya ondan dərhal beyət al, ya da onu buradan sağ buraxma." Həzrət buyurdu: "Bu sözləri sən deyirsən? Sən məni öldürmək istəyirsən?" Vəlid üzr istədi. İmam Hüseyn (ə) Bəni-Haşim cavanlarına tapşırmışdı ki, qapıda dayanıb, onu gözləsinlər. Əgər bir iş baş versə, müdafiəyə qalxsınlar. Həzrət bu gənclərlə mənzilinə yola düşdü.
Tarixin bu dönəmi ilə bağlı ixtilaflar var. Amma Şeyx Müfid kimi böyük bir şəxsiyyət nəql edir ki, imam Hüseyn (ə) həmin gecə Mədinədən çıxdı. (Bəziləri qeyd edirlər ki, imam həmin görüşdən sonra iki gün Mədinədə qaldı.)
İmam Hüseyn (ə) peyğəmbər (s) məscidinə getdi və babasının qəbri yanında onu yüngül yuxu apardı. Yuxuda peyğəmbəri (s) gördü. Həzrət öz nəvəsinə belə buyurdu: "Burada qalma, hərəkət et."
İmam Hüseyn (ə) Bəni-Haşimdən olan bir dəstə ilə Mədinədən çıxmağa hazırlaşdı.
Əliəsğər Səffar Hərəndi