21 Noyabr 2024 - 21
İnsanları yaxşılığa dəvət etmək və pisliklərdən çəkindirmək ağlın və şəriətin əmrlərindən biridir. Əgər yaşadığımız cəmiyyəti gəmiyə bənzətsək o zaman gəminin xarab olmaması, qəzaya uğramaması və xülasə toqquşaraq dağılmaması üçün hər kəs əlindən gələni edəcəkdir. Çünki gəminin batması və ziyana uğraması bir fərd üçün deyil, hamı üçün ağır nəticələnəcəkdir. Budur ki, hamı gəmini qorumağı özünə borc biləcək və onu qəzaya uğramaqdan qoruyacaqdır. Bu ağlın göstərişi olmaqla yanaşı həm də Allah-taalanın insanlara müqəddəs Kitabında dəfələrlə etdiyi nəsihətlərdən biridir. Həmin nəsihətlərin birində buyurur : “ Allaha və axirət gününə iman gətirin və insanları yaxşılığa dəvət edərək pisliklərdən çəkindirin” (Ali İmran 114).
Bunu da qeyd edək ki, insanları yaxşılığa dəvət edərək pisliklərdən çəkindirmə əmrinin özünə uyğun qayda qanunları, yanaşma tərzləri və nəsihət metodları vardır. Əgər hər hansı bir fərdi etdiyi pis əməldən çəkindirərək yaxşılığa dəvət etmək ona təsir etməyəcəksə və ya onu daha bu işə qıcıqlandıraraq təşviq edəcəksə bu halda etdiyimiz dəvət səmərəsiz, hətta ziyanlı da olacaqdır. Budur ki, hər kəs istədiyi şəkildə, istədiyi yerdə bunu etməməlidir. Yuxarıda qeyd etdiyimiz müqəddiməyə rəğmən belə bir sualla əsas məqsədimizə doğru gedək (əlbəttə bu məsələ irad olaraq bildirildiyi üçün çalışdığımız qədər cavablandırmışıq). Bildiyimiz kimi, İmam Hüseynin (ə) Mədinədən hərəkət edərkən əsas məqsədlərindən biri də insanları pisliklərdən çəkindirərək yaxşılığa dəvət etmək və cəddi Peyğəmbərin (s) dinini dirçəltməklə İslam ümmətinə yeni can bağışlamaq idi. Amma İmam Hüseyn (ə) onun sözlərinin Yezidə və onun tərəfdarlarına təsir etməyəcəyini də yaxşı bilirdi. Çünki Yezid və Üməyyə övladları artıq hakimiyyəti öz haqqları bilir və bu işdə özlərini ümmətin ən layiqli bəndələri bilirdilər. Bəs nə üçün İmam Hüseyn belə bir məqsədlə yola çıxmış, özünü və tərəfdarlarını bu yolda şəhid etmiş, ailəsi isə şiddətli əzablara qatlaşaraq əsir olmuşlar? Halbu ki, İmam da özünü bu işdə düz, hədəfini isə müqəddəs bilirdi. Görəsən təsiri olmayan yaxşılığ dəvət və nəsihətlər kimə lazım və ya nə üçün idi.
Mövzuya aydınlıq gətirməzdən öncə qətiyyətlə qeyd etmək lazımdır ki, imamın etdiyi hər bir əməl bizim üçün müzakirə obyekti deyil, əksinə ən gözəl nümunədir. Bundan əlavə inancımıza əsasən bütün imamların atdıqları addım bizim üçün şəri vəzifə və qanundur. Əlbəttə tarixə nəzər salsaq hər imamın özünə uyğun şəraitdə yaşaması və zülmlə mübarizəsi vazehdir (aşkardır).
Yuxarıda qeyd etdik ki, insanları yaxşılığa dəvət və pisliklərdən çəkindirmək mexanizmi təsirə malik olmasa, yəni şəraitinə uyğun deyilməzsə faydasızdır. Əvvala bunu qeyd edək ki, xitab və təsir iki növdür. Birinci xitab fərdə, ikinci xitab isə cəmiyyətə yönəlikdir. Əgər bir nəfər fərdi günah edirsə və günah zamanı bizim çəkindirməyimiz ona təsir etməyəcəksə dəvətimiz faydasızdır. Yox əgər şəxsin etdiyi günah fərdi olmaqla yanaşı həm də ictimaiyyət üçün zərərlidirsə həmin şəxsə təsiri olmasa belə bizim o günahdan çəkinməyin vacib olmasını insalara çatdırmağımız və onun zərərlərini faş etməyimiz vacibdir. Burada artıq bizim xitabımız yalnız fərdə deyil, həm də ictimaiyyətə yönəlikdir. Məsələn, bir nəfər şərab içir, digəri şərab evi açır, digəri isə şərab zavodu açır, başqa birisi isə bunun ərsəyə gəlməsi üçün kapital yatırır və sair. Beləcə ölkənin müsəlman xalqının canına və malına susayırlar. Belə olan halda həm məsələdən hali olan hər bir kəsin fərd şəklində, həm də ixtiyarında kütləvi informasiya vasitələri olan sosial şəbəkələrin, tele yayımların insanları xəbərdar etməsi vacibdir. Bu gün üçün də olmasa gələcək nəsl üçün təsirli olması qaçılmazdır. Qayıdaq mövzumuzun sualına:
İmam Hüseyn (ə) insanların dünya və axirət imamıdır. Bildiyimiz kimi insanların axirətini təmin və təzmin edən, onların dünyada etdikləri fərdi və ictimayi əməlləridir. Əgər insanların müqəddəs saydıqları, əmrlərinə əməl etmələri vacib olan Quranın ayələri tədricən aradan gedir və din təhrif olmağa başlayırsa, bu zaman onları xəbərdarlıq etmək, insalara olacaqları elan etmək, qarşı tərəfin necə birisi olmasını sübut etmək İmamın vəzifəsidir. Hətta bu əməl can, övlad, dost, ailənin əsir olması, körpənin oxlanması bahasına da olmuş olsa belə. Heç kəs deyə bilməz ki, imamın etdikləri Yezidə və tərəfdarlanına təsirsiz ötüşdü. Nəinki təsirsiz ötüşdü, hətta onun hakimiyyətinin sonu oldu. Müsəlmanlara gəlincə isə onlar imamın şəhid olması xəbəri ilə qəflət yuxusundan oyandılar və Yezidin necə mənfur birisi olduğunu başa düşdülər. Eyni zamanda belə bir böyük faciənin baş verməsində günahsız olmamalarını, bu faciədə onların da payı olmasını anladılar. Onlardan bir dəstəsi xəcalətdən ordu düzəldərək üməyyə övladlarına qarşı vuruşub canlarını fəda etdilər. Bəziləri isə ağlla düşünərək onların necə aradan getməsi üçün yollar axtarışına çıxdılar. Əlbəttə aralarında az da olsa müvəffəq olanlar da oldu. İmam Hüseynin (ə) zalımlara, diktatorlara, dünyapərəstlərə, kasıbların haqlarını mənimsəyən məmurlara qarşı başlatdığı yaxşılğa dəvət hərəkatı xüsusi zaman və coğrafi məkanla xülasələşmədi. Əksinə gördüyümüz kimi bu gün də çoxlarının yuxusunu qaçırmaqdadır. Budur ki, onlar İmamın hərakatını 1400 il öncəyə sürükləyərək keçmişdə qaldığını söyləyir və ya iki ərəbin davası kimi cəmiyyətə sırımaq istəyirlər. Yuxarıda qeyd etdiyimiz Ali İmran surəsinin ayəsi heç də təsadüfən seçilmiş ayə deyil. Ayədə ilk olaraq Allahı və axirət gününü tanımaqdan söhbət açılır. Təbii ki, Allahı tanıyan, onun qanunlarını mənimsəyən, Onun üçün hər şeyindən keçən şəxs barəsində nə düşündüyünü də bilməlidir. Bilməlidir ki, Hüseyn təkcə bu dünyada Hüseyn deyil, O behiştdə də cənnət cavanlarının ağasıdır. Bunu uğurunda varlığından keçdiyi Allah belə istəyir. Sonda bunu da qeyd edək ki, tarix Hüseynlə vuruşdu. Hüseyn isə izzət tapdı. O, bu izzəti tək xərcləmədi. Kim “Hüseyn!” “Hüseyn!” dedisə onları da bu izzətə şərik etdi. Nümunə üçün yaxın və keçmiş tarixə müraciət edə bilərsiz.
Emil Rahiloğlu