21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

İmam Hüseyni Kufəyə dəvət edib sonra ona qarşı vuruşan Əmr ibn Həccac
13.09.2019

Əmr ibn Həccəc Zubeydi Hz.Rəsuləllahın (s) zamanında İslam dinini qəbul etmişdi. Hz.Rəsuləllahın(s) dünyadan köçməsindən sonra Hicazda xeyli sayda yalançı peyğəmbərlər peyda olmuşdu. Zubeyd qəbiləsi məhz Əmrin sayəsində yalançı peyğəmbərlərə uymayaraq, İslam dinində sabitqədəm qalmışdır. Yaşlandığı zaman qəbiləsinin sayıb-seçilən ağsaqqallarından olan Əmr ibn Həccac Müaviyə hakimiyyətə çatdıqdan sonra onunla isti münasibətlər qurdu. Amma Müaviyə vəfat etdikdən sonra Kufəyə məskunlaşmış Əmr ibn Həccac İmam Hüseynə (ə) məktub yazaraq, onu Kufəyə dəvət edənlərin sırasında yer aldı. İbn Ziyadın Hani ibn Urvəni həbs edib zindana atmasından sonra Haninin öldürüldüyü xəbəri yayılanda Əmr öz qəbiləsindən insanları toplayaraq, Darul-imarəni mühasirəyə alır. Amma bir müddət sonra Müslüm və Haninin şəhadət xəbəri Kufəyə yayılır və Əmr ibn Ziyada qarşı çıxdığı halda bütün hər şeyini əldən verəcəyini anlayır.

Kərbəlada özünü Ömər ibn Sədə çatdıran Əmr ordunun sağ cinahının başçısı təyin edilir. Həmin o sağ cinah ki, Fərat çayının qarşısını almaq onlara həvalə edilmişdi. Fərat haqqında oxunan bütün rövzələr məhz həmin bu sağ cinahın cinayətlərinə bağlıdır ki, həmin cinayətlər birbaşa Əmr ibn Həccacın əmrilə həyata keçirilmişdir. Aşuradan öncə Fəratın kənarında dayanan Əmr üzünü İmam Hüseynin ordusuna tutaraq, qışqırır: "Hüseyn! Bu Fəratın suyudur. Bundan heyvanlar və quşlar içirlər. Amma Allaha and olsun ki, sən bundan bir qurtum da içməyəcəksən".

Aşura günü əlini göyə qaldıraraq, öz ordusuna bağıraraq, elə səsləndi ki, hamı ondan bu sözləri eşitdi: "Camaat. Bunlar ərəbin ən mərd cavanlarıdırlar. Bunlar ölümdən qorxmurlar və ölməyə gəliblər. Əgər bunlarla təkbətək döyüşə girsəz, həlak olarsız". Sonra əyilib yerdən daş götürdü və hamıya əmr etdi yerdən daş götürüb İmam Hüseynin ordusunu daşlamağa başlasınlar.

Əmr ibn Həccac Aşura günü İmam Hüseyni nişan verərək, hər iki qoşunun eşidəcəyi səslə bir daha bağıraraq, bu sözləri demişdir: "Ey Kufə əhli. Dindən çıxan və əmirəlmömininə arxa çevirənlə döyüşdə süst olmayın və döyüşdə möhkəm dayanın". İmam Hüseyn(ə) bunu eşidəndə ona xitab edərək, buyurdu: "Əmr nə edirsən? Camaatı mənə qarşı qaldırırsan? Mən dindən xaric olmuşam, amma sən dində qalmısan?".

Əmr ibn Həccac o kəslərdəndir ki, qələbə xəbərini ibn Ziyada vermək üçün Kərbəla şəhidlərinin kəsilmiş başlarını xurcunlara yığaraq, tələsik Kufəyə yollanmışdır.