21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Mədinədən başlayan azadlıq yürüşü
19.09.2019

Həmin gün-hicri 60-cı il rəcəb ayının 29-da İmam Hüseyn (ə) Mədinədə həzrət Peyğəmbərin (s) mütəhhər məzarını ziyarət edərək, babası ilə vidalaşır. Son ziyarətini edən İmam öz məram və niyyətlərini izah edən vəsiyyətini qoyur. Vəsiyyətində İmam Hüseyn bəşəriyyətə izah edir ki, hərəkata başlayır və hərəkatının məramı mənsəb və məqam deyil, fəqət Allah dinini yaşatmaq, yaxşılıqlara dəvət edib pislikərdən çəkindirməkdir.

Vəsiyyəti yazdıqdan sonra İmam Hüseyn ümməti Yezid lənətliyin istibdadının və hakimiyyət qəsbinin təhlükələri barədə agah etmək üçün Məkkəyə doğru hərəkət edir. Öz yaxınları və məsləkdaşları ilə birlikdə Mədinədən Məkkəyə doğru hərəkət edən İmam Hüseyn hər an ölüm təhlükəsi qarşısında olur.

Şəban ayının 3-də, təqribən 4 gün sonra İmam Hüseyn öz əhli-beytilə Məkkəyə daxil olur. Burada İmam camaatla görüşür və onlara yaranmış vəziyyəti çatdırır. Təqribən 1 ay bu proses davam edir və İmam Hüseyn Məkkədə-İslam dininin ən müqəddəs məkanında öz ilahi missiyasını yerinə yetirərək, müsəlmanları mövcud durumdan və baş verə biləcək təhlükələrdən agah edir.

Hicri 60-cı il ramazan ayının 10-da İraqın Kufə şəhərindən olan 2 nəfər nümayəndə kufəlilərin məktubunu İmama çatdırır. Məktubda kufəlilər elan edirlər ki, Yezid lənətliyin qəsbini qəbul etmirlər və bu barədə İmamı məlumatlandırırlar.

Ramazan ayının 15-də artıq minlərlə-əksər tarixi mənbələrə görə 48 min-məktub gəlir İmama Kufə əhlindən. Məktublarda kufəlilər İmama beyət etdiklərini, Yezid lənətliyin hakimiyyətini tanımadıqlarını bəyan edirlər.

İmam Hüseyn vəziyyəti öyrənmək üçün öz nümayəndəsi Müslüm ibn Əqili Kufəyə göndərir.