21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Şam səhnələri Peyğəmbər (s) səhabəsinin dili ilə
21.09.2019

Əhli-beytin (ə) əsirləri Şama daxil olanda bayraqlar asırlar, şəhəri bəzəyirlər, mənfi mənada xüsusi, iyrənc təmtəraqla buna hazırlaşırlar. Bu tarixdə xüsusi olaraq qeyd də olunur.

Həzrət Peyğəmbərin (s) səhabələrindən olan Səhl ibn Səd nəql edir: “Beytul-Müqəddəsə hərəkət edən zaman yolüstü Şama çatdıq. Şəhərə çatan zamanı şəhəri bəzənmiş və şənliyə hazır gördük. Qadınlar təbil və dəflərlə şənliyə tələsirdilər. Elə təsəvvür etdim ki, bu məntəqədə bayram var ki, mənim ondan xəbərim yoxdur. Axtarış və sorğulardan sonra anladım ki, təəssüf, camaatın şənliyinin səbəbi qəlbləri dağlanmış Əhli-beytin (ə) Şama daxil olmasıdır. Alçaq şamlılar məlun Yezidin (lən) göstərişini yerinə yetirməkdə səhlənkarlıq etməmişdilər. Evlərin damlarına rəngarəng bayraqlar sancıb, hər bir keçiddə də şərab məclisi qurmuşdular. Camaat dəstə-dəstə şəhərin darvazasına axışırdı ki, əsirlərin karvanına tamaşa etsinlər. Əhli-beytin (ə) şəhidlərinin müqəddəs başlarını saat darvazasından içəri daxil etdilər. Ən öndə Bəni-Haşimin qəməri–Həzrət Abbas ağanın (ə) başı idi. Başlar arasında Şəhidlər Ağasının (ə) pak başı dodaqlarında təbəssüm olduğu halda, əzəmətli, fövqəladə bir cah-cəlalla gözə dəyirdi. Şərəfli saç-saqqalını külək sağa-sola tərəf tərpədirdi”.

Bu, Peyğəmbər (s) səhabəsini dəhşətə gətirən səhnələrdir. Yezid (lən) əmr və göstəriş verib–bu, onun zatından irəli gələn bir işdir. Amma insanların da bu nanəcibliyi etmək tutumları olub.

Şamda çox ibrətli bir səhnə də var. Səhl ibn Səd deyir: “İmam Səccadın (ə) xidmətinə yetişdim. Salam və ədəblə özümü tanıtdım. Həzrət İmam Səccad mənə buyurdu: “Bacararsansa, atamın başını aparan nizə tutana pul ver ki, onu aramızdan aparsın, Peyğəmbərin (s) həriminə tamaşa edənlərin sayı azalsın””.

Bəli, bu, qeyrətin bir abidəsidir. Bu vəziyyətdə, bu fəlakətdə İslamın daşıyıcısı olan əziz İmam ona çalışır ki, camaatın dağılışması üçün, xanımlara tamaşa etməməsi üçün əlindən gələni etsin. İslamı başa düşmək üçün bircə bu epizod bəsdir.