21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

İmam Hüseyni qiyama sövq edən amillər
21.09.2019

Bismillahir-Rəhmanir-Rəhim.

Peyğəmbərin (s) vəfatından sonra islam aləmində “səqifə” dən başlanan yeniliklər, özbaşınalıqlar başlandı və xəlifə Osmanın vaxtında sürətləndi. Müaviyənin 42 il hakimiyyətdə olduğu müddətdə bu vəziyyət son həddə çatmışdı.

Allahın əhdi-peymanını, ilahi xilafət məqamını tənəzzül etdirərək, onu Qureyşin adi bir şəxsinə həvalə etməklə “Səqifə” də atılan ilk addım oldu. Bu, islamda ilk özbaşınalıq, şəriətdə bağışlanmaz ilk üsyan idi. Çox çəkmədi ki, belə vəziyyət Şamda Bəni Üməyyənin padşahlıq hakimiyyətilə nəticələndi. Beləcə, İslam hakimiyyəti, amali eyş-işrət, mal-dövlət olan irsi padşahlıq hakimiyyəti ilə əvəz edildi. Tarix bunu öz qara səhifələrində çox gözəl həkk etmişdir. Bəni Üməyyə hakim olduğu dövrdə İslam yolunda Peyğəmbər (s)-in çəkdiyi zəhmətlər, şəhidlərin tökülən qanları tarac edildi, İslamı dəyərlər tapdaq altına atıldı; bidət, günah onları əvəz etdi. Peyğəmbər (s)-in adını məhv etməkdən söhbət açıldı. Ədalətsizlik, zülm, möminlərə işkəncə vermək bu hakimiyyətin xüsusiyyətlərindən idi. Yuxarıda işarə olunanları nəzərə alaraq İmam Hüseyni (ə) qiyama məcbur edən amillərə işarə edirik:

1) İslamı, bidətlərdən xilas edərək yenidən diriltmək:

Yuxarıda işarə etdiyimiz kimi “Səqifə”də, İslamda özbaşınalığın təməli qoyuldu. Müaviyənin səltənəti dövründə bu özbaşınalıq son həddinə gəlib çatmışdı. Amma Müaviyə bunu özünə xas zirəkliyi ilə münafiqcəsinə, üzdə özünü dindar tanıtdıraraq həyata keçirirdi...

Müaviyənin ölümündən sonra vəziyyət dəyişdi. Belə ki, Müaviyəni fasiq, aşkarda günah etməkdən çəkinməyən, dindən tam uzaq olan Yəzid əvəz etdi. Vəziyyəti belə görən İmam Hüseyn buyurduğu ilk cümlə bu idi: “Yəzid kimi hakimi olan İslamın fatihəsi oxunmalıdır!”

Həzrət bu fürsətdən istifadə edərək əldən düşmüş dini unudulmuş Peyğəmbər (s) sünnəsini yenidən bərpa edib öz əvvəlki yerinə qaytarmaq üçün qiyam etdi. Həzrət Bəsrənin böyüklərinə yazdığı məktubda bidətlərin baş alıb inkişaf etməsinə işarə edərək qiyamının səbəbində belə buyurur: “Mən sizi Allahin kitabına və Peyğəmbər (s)-in sünnəsinə dəvət edirəm. Çünki, (bu insanlar) Peyğəmbər (s)-in sünnəsini aradan aparıblar və (dində) bidəti dirildirlər. Əgər mənim sözümə qulaq assanız və məndən itaət etsəniz sizi doğru yola istiqamətləndirəcəyəm.”

Həmçinin tanınmış şair Fərəzdəqlə “Kərbəla” yolunda görüşdükdə “Şam” hakimiyyətinin yaydığı bidətlərə, fitnə-fəsadlara işarə edərək öz qiyamının hədəfini belə izah edir: “Ey Fərəzdəq! Bu insanlar Allahın itaətini buraxaraq şeytanın itaətini qəbul etdilər. Yer üzündə açıq-aşkar fəsad edib Allahın qoyduğu qayda-qanunları aradan aparıblar. İçki içib kasıbların,yoxsulların mal-dövlətlərini mənimsəyiblər. Allah dininə kömək edənlərdən və şəriətin baş ucalığı uğrunda cihad edənlərin ən layiqlisi mənəm. Allahın dini ucalıb yüksəlsin deyə (onlarla cihad edəcəyəm).”

İmam Hüseynin şəhadətindən sonra İmam Səccadddan (ə), bu döyüşdə kimin qalib gəldiyini soruşdular. Həzrət cavabında buyurur: “Kimin məğlub olduğunu bilmək istəyirsənsə namaz vaxtı azan de.”

Həzrət cavabıyla sanki, bunu demək istəyir ki, Yəzid hakimiyyətinin hədəfi Peyğəmbər (s)-in adını məhv etmək idi. Amma İmam Hüseyn (ə) öz qanı bahasına bu işin qarşısını aldı. Namaz vaxtı hündür minarələrdən Peyğəmbər (s)-in adı gözəl avazla səslənməkdədir. Bu da İmam Hüseyn (ə)-ın istəyi və islam dininin Peyğəmbər (s) sünnəsinin yenidən dirilməsi deməkdir.

2) Yaxşılığa dəvət, pisliklərdən çəkindirmək:

İmam Hüseynin kəlamlarında Allahın bu iki vacibatı - əmr be məruf və nəhy əz münkər dəfələrlə təkrar olunaraq həzrətin inqilabında ən əsas hədəfləridən biri hesab olunmuşdur. Qurani-Kərim bu iki vacibi əməlin əhəmiyyətini bəyan edərkən həzrət Davud (ə) və İsanın (ə) dilində lənətlənmiş Bəni İsrail qovmi barədə buyurur: “Onlar etdikləri heç bir çirkin işdən bir-birilərini çəkindirmirdilər. Doğrudan da onların gördükləri iş çox pis idi.” (“Maidə” surəsi, ayə 79).

Həqiqətdə onların bu laqeyd yanaşmaları günah əhlini günah etməkdə daha da cəsarətli etmişdi. Nəhayətdə isə hamı birlikdə həlak oldu.

“Ali-İmran” surəsinin 110-cu ayəsində Allah-taala bu iki vacib əməli İslam ümmətinin xüsusiyyətlərindən hesab etmişdir. Və məhz bu xüsusiyyətə görə də İslam ümmətinin ümmətlər arasında ən xeyirlisi və fəzilətlisi olduğunu bildirmişdir.

“Siz (müsəlmanlar), (Allah tərəfindən dünyanın) insanlarına zahir olmuş ən yaxşı ümmətlərsiniz, bəyənilən işə əmr edir və çirkin işlərdən çəkindirirsiniz və Allaha (nazil etdiyi şeylərdə) iman gətirirsiniz...”

İmam Hüseynin, qardaşı Məhəmməd Hənəfiyyəyə yazdığı vəsiyyətnaməsində bu vacibatı öz qiyamının əsas səbəbi bəyan edərək buyurur: “Mən yalnız cəddimin ümmətində islah etmək üçün qiyam etdim. İstəyim əmr be məruf və nəhy əz münkər edərək cəddimin və atam Əlinin (ə) yolunu davam etdirməkdir.” (“Biharul-ənvar”, 44-cü cild, səh. 329).

Həqiqətən İmam Hüseyn bu meydanın ən böyük qəhrəmanı hesab olunmuşdur. Həzrət əmr be məruf və nəhy əz münkəri qəlbdə və dildə deyil, əməldə ən yüksək səviyyədə yerinə yetirdi. Həzrət tam şücaətlə öz ətrafındakılara uca səslə elan edərək buyurmuşdur: “Ey camaat! Hər kimin iti qılınclara və nizə yaralarına dözümü vardırsa bizimlə gəlsin. Yox əgər dözə bilməyəcəksə bizimlə gəlməsin.” (“Yənabiul-məvəddət”, səh. 406).

3) İslam hakimiyyətini təşkil etmək:

Tarix boyu bütün peyğəmbərlərin, övliyaların ən əsas hədəflərindən biri də dövlət təşkil etmək olub. Çünki dövlət sayəsində insanı mənəvi dəyərlərə, ictimai ədalətə və ümumiyyətlə ilahi göstərişlərə doğru istiqamətləndirmək, zülm və fəsadı aradan qaldırmaq mümkündür.

Odur ki, İslamın əziz Peyğəmbəri (s) Mədinəyə qədəm qoyduğu gündən dövlət təşkil edib və rəhbərliyini də şəxsən öz öhdəsinə götürdü. Məhz buna görə də həzrət bu yolun davam edilməsi üçün Qədir-xum günü həzrət Əlini öz yerinə canişin və camaat üçün imam təyin etdi.

İslamda vilayət və rəhbəriyyətin özünəməxsus əvəz edilməz yeri vardır. Bu barədə İmam Məhəmməd Baqirdən (ə) nəql olunmuş rəvayətdə oxuyuruq: “İslam beş prinsip üzərində qurulmuşdur: namaz, zəkat, həcc, oruc və vilayət.”

“Bu beş əsasın hansı daha üstündür?” – deyə soruşduqda həzrət buyurmuşdu: “Vilayət daha üstündür! Çünki vilayət (hakimiyyət) bunların kilididir. Vilayət sahibi (hakim) camaatı bunlara rəhnumalıq edir.” (“Kafi”, 2-ci cild, səh. 18, “Dəaimul-islam”-babı).

İmam Həsəndən (ə) sonra bu məqama ən layiqlisi şübhəsiz İmam Hüseyn idi. Həzrət mənəvi və İslamı dəyərləri cəmiyyətdə yenidən diriltmək üçün həqiqi İslam hakimiyyətini qurmaq hədəfiylə qiyam etdi. Belə ki, əgər hakimiyyət təşkil etmək mümkün olduğu təqdirdə hakimiyyət qursun. Mümkün olmadığı təqdirdə isə özünün və səhabələrinin şəhadətliylə Bəni Üməyyənin həqiqi çohrəsini üzə çıxarmaqla İslam və İslam ümmətini onların küfr və nifaqından xilas etsin.

Həzrət İmam Hüseyn xütbələrinin birində öz hərəkatinin hədəfini belə bəyan edir: “İlahi! Sən bilirsən ki, bizim məqsədimiz rəqabət aparmaq və ya mal-dövlət ələ keçirmək deyil. Hədəfimiz dinin nişanələrini aşkarlamaq, bütün şəhərlərdə düzgünlüyü izhar etmək, məzlum bəndələrin rahatlığı və qayda-qanunların, hökmlərin icra olunmasıdır” (“Tuhəful-üqul”, səh. 180).

İmam Hüseynin kəlamlarına, xütbələrinə nəzər saldıqda tam məlum olur ki, həqiqətən də həzrətin hədəflərindən biri də İslam qayda-qanunlarını icra etmək, mümkün olduğu təqdirdə həqiqi İslam hakimiyyəti qurmaq idi. İmam Həsən (ə)-dan sonra bu məqama özündən başqasını layiqli bilmirdi.

Nümunə olaraq həzrətin bir neçə kəlamına işarə edirik:

1. Müaviyə müsəlmanlardan Yəzid üçün beyət almaq niyyətilə Mədinə şəhərinə səfər etdi. Böyük kütlə qarşısında Yəzidi tərifləyərək deyirdi:

“And olsun Allaha! Əgər müsəlmanların arasında Yəziddən ləyaqətlisini tanısaydım onun üçün camaatdan beyət alardım!!”

Bu sözləri eşitcək İmam Hüseyn ayağa qalxıb Müaviyəyə xitab edərək buyurdu: “And olsun Allaha! Mən xilafət məqamına ondan daha layiqliyəm! Çünki atam onun atasından, cəddim onun cəddindən, anam onun anasından və özüm də onun özündən daha yaxşıdır.” (“Mosuətu kəlimatil- İmam Hüseyn”, səh. 265).

Açıq-aydın bu cümlədən məlum olur ki, həzrət o zaman xilafət məqamına özünü hamıdan layiqli hesab edirdi.

2. Müaviyənin ölüm xəbəri Mədinəyə yetişdikdə həzrət Abdullah ibn Zübeyrin “nə edəcəksən?”- sualının cavabında buyurdu: “Heç vaxt Yezidə beyət etməyəcəyəm. Qardaşım Həsən (ə)-dan sonra xilafət məqamı yalnız mənə məxsusdur!” (Məqtəlul- Hüseyn”, müəllif: Xarəzmi, 1-ci cild, səh. 182).

3. Həzrət əsr namazından sonra Hürrün qoşunu üçün söylədiyi xütbədə buyurur: “Ey camaat, mən Peyğəmbər (s) qızının oğluyam. Biz camaatın vilayət və hakimiyyət məqamına yalandan iddia edən bu insanlardan daha layiqliyik.” (“Tarixi Təbəri”, 4-cü cild, səh. 202).

Bunun bariz nümunəsi həzrətin Kufə camaatının yazdıqları məktublara müsbət cavab verməsi və öz əmisi oğlu Müslüm ibn Əqili onlara tərəf yollayaraq ona tapşırır: “(Kufəyə yetişdikdə) camaatı bizim itaətimizə dəvət et. Və onları Ali Əbu Süfyanı himayə etməkdən çəkindir. Əgər camaat hamılıqla mənim beyətimi qəbul etdərsə mənə xəbər ver ki, müvafiq əməl edim.”

Tarixin bu kimi sənədlərinə nəzər saldıqda məlum olur ki, İmam Hüseyn qiyamının hədəflərindən biri də həqiqi İslam hakimiyyəti qurmaq idi.

Heç şübhə yoxdur ki, İmam Hüseyn öz və səhabələrinin şəhadətindən tam agah idi. Lakin bu agahlıq onu öz vəzifəsinə əməl etməkdə maneə ola bilməzdi. İslam və Quran təlimatında vəzifəyə əməl etmək, əldə etmək istədiyin nəticəyə yetişməkdən daha üstündür. Odur ki, İmam Hüseyn açıq-aydın özünün və səhabələrinin olacaqlarından söhbət etdiyi halda qiyamının İlahi vəzifə, şəri təklif olduğunu da bəyan etmişdir.

Həzrət aşura günü döyüşdən əvvəl bu məqama işarə edərək buyurub: “Agah olun! Mən qoşunum olmadığı və səhabələrimin (bəzilərinin) vəfasız olduqları halda ətrafımda olan bu az insanlarla birlikdə cihad edəcəyəm.”

İmam Hüseyn bu meydanda öz vəzifəsinə əməl edirdi. İstər şəhid olsun, istərsə də qələbə çalsın, hər iki halda zəfər onunladır.

Həzrət kəlamlarının birində buyurur: “Allahın bizim üçün təyin etdiyinin xeyirli olmasını ümid edirəm. İstər şəhid olaq, istərsə də qələbə çalaq.”

Beləliklə də qiyamın nəticəsindən (şəhid olmaq) agah olmağın, vəzifəyə (həqiqi İslam hakimiyyəti qurmaq üçün qiyam etmək) əməl etməyin heç bir ziddiyyəti yoxdur.

Bu üç amil İmam Hüseyni qiyama məcbur edən ən əsas amillərdir.

İlham Əliyev