24 Noyabr 2024 - 24
Adam var o dövrdə yaşasaydı Yezidin qoşununda vuruşardı, amma Kərbəladan danışır.
Kərbəla məhək daşıdır. İnsanların ona münasibətdə keyfiyyətini bilmək olar.
Kərbəla tərəzidir.
Bir gözündə Hüseyn var, digərində Yezid. Onunla vicdanı çəkmək olar.
Kərbəla yalnız dini hadisə deyil.
Kərbəla yalnız tarixi hadisə deyil.
Kərbəla mifdir, pritçadır.
İnsana insanlığını xatırladan rəvayətdir.
Kərbəla yoldur. İnsan kimi yaşamağın yoludur.
İstəyir dindar ol, istəyir ateist ol.
Xeyir, Haqq yoldasansa, deməli elə Kərbəla yolundasan.
Kərbəla dildə yaşanmır, qəlbdə baş verir.
Odur ki, Kərbəlanın adını hallandıranlardan çox mahiyyətinə əməl edənlərdir Kərbəlanı yaşadanlar.
Kərbəla həqiqətin simvoludur.
Kərbəla İbrahimin oğlunu Allah yolunda qurban deməsinin daha modern formasıdır.
Kərbəla insanın əqidəsi yolunda hər şeyindən keçməsinə nümunədir.
Kərbəla məhəbbət əfsanəsidir – Allaha sevginin əfsanəsi.
Kərbəla qəhrəmanlıq dastanıdır – Şərlə mübarizədə qalib olmağın dastanı.
Kərbəla mübarizlik simvoludur.
Kərbəla etibarsızlıq mücəssəməsidir – Peyğəmbərin nəvə əmanətinə sahib çıxmayanların rəzalətidir.
Kərbəla empati simvoludur. Düşündükcə ki, nə vaxtsa tarixdə kimsə bir ovuc tərəfdarı ilə bölük-bölük qoşun qarşısında mətanətlə dayanıb, savaşıb, haqqı nahaqqa verməyib, zalıma boyun əyməyib, adamın qəlbi sevinclə, fərəhlə döyünür. İçində bir ümid cücərir; demək nahaqqın qarşısında duruş gətirmək də olurmuş!
Mən hələ onun məziyyətlərinin çox azını sadaladım. Kərbəla elə bir hadisədir ki, onun haqqında yazılan bədii əsərləri toplasan beş Axundov kitabxanası dolar. İsanın çarmıxa çəkilməsini çıxmaqla tarixdə haqqında onun qədər bədii əsər yazılmış hadisə yoxdur. Demək olar hər anı bədiiləşdirilib, hər anı haqqında şeirlər, mərsiyələr yazılıb. Kərbəlada baş verənləri roman eləsən böyük bir epopeya alınar.
İstər məscidə get, istər getmə, istər qeyd et, istər qeyd etmə, istər imama ağla, istər ağlama. Əgər haqqın yolundasansa, Kərbəlanı keçirməsən belə Kərbəla özü səni içindən keçirəcək.
Əsl əzadarlıq da elə budur.
Mirmehdi Ağaoğlu