21 Noyabr 2024 - 21
Kəbənin hörmət və ehtiramınnı heç bir məzhəb danmır. Əksinə onun ucalıq və əzəmətini əks etdirən mübarək ayə və hədislər mövcuddur. Həmçinin həzrət Hüseyni (ə) də hər iki ənənəvi məzhəb qəbul edir, ehtiram bəsləyir. Təbii ki, onun şəhid olduğu torpaq da onu sevənləri üçün müqəddəs bir məkan və ziyarətgahdır.
Burada söhbət iki məkanın, torpağın bir-birində üstünlüyündən getmir.
Ümumiyyətlə müqayisə edilən predmentlər uyğunluq təşkil etməlidir. Məsələn: Bir ağacı, bir heyvanla müqayisə etmək olmaz. Yaxud hündürmərtəbəli bir evi dənizlə, dənizi ot-ələflə müqayisəsi yanlışdır. Bəli, əlbəttə iki meyvə ağacını, iki dənizi, iki binanı lazım gəldikdə müqayisə edə bilərik. Çünki aralarında oxşarlıq və ortaq cəhətlər vardır.
Kəbə məsciddirsə onu məscidlə məsələn Məscidul-Əqsa ilə müqayisə etmək olar. Çünki ortaq cəhətləri vardır.
Kəbə və Kərbəla müqayisəsində də ortaq bir cəhət var. O da hər ikisinin müqəddəs məkan, ziyarətgah olmasıdır. Hər il milyonlarla insan həcc və Kərbəla ziyarətlərinə gedirlər.
Ümumi məlumatlardan sonra məsələnin əsas mahiyyətinə keçə bilərik. Bir sualla sözümüzə davam edək: İnsan üstündür yoxsa mələk?
Cavab olaraq hamı birmənalı olaraq insan deyəcək. Heç kim mələyin üstün keyfiyyətlərini, məsumluğunu, Allah yanında olan uca məqamını, onların əzəmətini dəlil gətirib “mələk” cavabını verə bilməz və vermir də... Sualı duyan hər kəs anlayır ki, sualda məqsəd insan və mələyin fiziki quruluşu deyil, mənəvi postensialı, qüdrətidir. Hamı Merac gecəsi Həzrəti Cəbraili (ə) arxada qoyub daha uca məqamların seyrinə gedən insanlıq nümunəsi Həzrət Muhəmmədi (s) xatırlayır.
Kəbə və Kərbəla müqayisəsi də bu qəbildəndir. Məsələyə bir addım daha yaxınlaşaq və sual verək... Həzrət Muhəmməd (s) üstündür yoxsa Kəbə? Cavab yenə birmənalı olaraq Həzrət Muhəmməd (s) olacaqdır.
Buradan anlayırıq ki, bu iki müqəddəs məkanın özünün tərənnüm etdiyi ideyaları vardır. Qurani-Kərimə əsasən “İman gətirib yaxşı əməllər edənlər yaradılmışların ən yaxşılarıdır”. (“Bəyyinə” surəsi, 7)
İndi biz sual veririk, Peyğəmbər (s) və Həzrət Hüseyn (ə) və onun timsalında olanlar iman gətirib yaxşı əməllər edənlərdir ya yox?
Əlbəttə belədir!
Bir mübarək hədisə nəzər salaq: “Mömin hörmət baxımından “Kəbə”dən üstündür” (“Xisal”, c. 1, səh. 27)
Peyğəmbər (s) və Həzrət Hüseynin (ə) mömin olub-olmamasını soruşmaq belə yersiz bir sual olardı. Bu hədisdən anlayırıq ki, hər bir mömin bəndə Kəbədən daha üstündür.
Kərbəlanı ziyarətgaha çevirən, oranı müqəddəs edən amil nədir?
Məlumdur ki, insanları ora cəzb edən nə oradakı tikililər, hansısa memarlıq abidəsi deyil. İnsanlar məhz imam Hüseynə (ə) görə ora axışırlar. Məsələyə bu baxımdan yanaşdıqda bəli, imam Hüseyn (ə) Kəbədən üstündür. Bu cür müqayisə heç də bəzilərinin düşündüyü kimi iki mənəvi dəyərin toqquşması, yaxud birinin ucaldıb digərini alçatmaq deyil. Qurani-Kərimdə belə oxuyuruq:
“Rəsulların bəzisini, bəzilərindən üstün etdik”. (“Bəqərə” surəsi, 253)
“And olsun ki, Biz nəbilərin bəzisini, bəzilərindən üstün etdik”. (“İsra” surəsi, 55)
Bu ayələr bizə öyrədir ki, bir şeyin bir şeydən üstünlüyü heç də həmişə mənfi deyil. Quranın bu ayəsi bizə həmçinin öyrədir ki, bir peyğəmbərin üstünlüyü digərinin alçaldılması anlamına gəlmir.
Başqa bir misal: Hədislərdə valideynlər arasında anaya nisbətən daha çox yer verilmişdir. Amma bu heç də ataya hörmətsizliyə əsas vermir, onun atalıq şəninə heç bir xələl gətirmir.
İmam Hüseynin (ə) məzarı yerləşən mübarək məkanı kimsə ziyarət edib müqəddəs bildikdə, ona ehtiram göstərdikdə bu Kəbənin aşağılanması kimi anlamaq qətiyyən doğru deyildir. Çünki yuxarıda hədisdə deyildiyi kimi, “möminin hörməti, Kəbədən daha üstündür”. Kəbə Allahın yer üzündəki evi, nişanəsidirsə Peyğəmbər (s), imam Hüseyn (ə) və ilahi əvliyalar da insanları o nişanəyə çatdıran ən gözəl bələdçidir. Bir daha təkidlə qeyd edirik ki, birinin fəzilətli və üstün bilmək digərinin fəzilətdən salmaq kimi hesab olunmamalıdır.
Mübarək hədislərdə bir sıra şeylər digərindən üstün hesab olunur. Nümunə üçün:
Allahın peyğəmbəri (s) buyurmuşdur:
“Elmin fəziləti mənim üçün ibadətin fəzilətindən daha sevimlidir.” (“Bəsairüd-dərəcat”, c. 3, səh. 7)
“Elm öyrənmək Allahın nəzdində namazdan, orucdan, həcdən və Allah yolunda cihad etməkdən üstündür”. (“Nəhcül-fəsahə”, səh. 556, hədis, 1902)
“Bir saat elm öyrənmək gecə (ibadət edərək) oyaq qalmaqdan üstündür. Bir gün elm öyrənmək üç ay oruc tutmaqdan üstündür”. (Nəhcül-fəsahə, səh. 556, hədis 1903)
Gördüyünüz kimi hədislərdə elm öyrənmək bir sıra digər ibadətlərdən üstün sayılır. Bu müqayisə ibadətin dərəcəsini aşağı salmır, əksinə ibadət əhlini də elmə təşviq edir, elmin dəyərini göstərir.
Həmçinin hədislərdə alimin mürəkkəbi şəhidin qanından üstün olaraq qeyd edilir. Yenə burada bu hədisi heç kim şəhidi təhqir kimi anlamır.
Nəticə
Kamil insan Allahın nişanəsi olan daşdan belə üstündür. Heç bir varlıq hətta mələklər belə insandan üstün deyil.
“Peyğəmbəri-Əkrəm (s) Kəbəni təvaf edən zaman bir nəfəri görür ki, Kəbənin pərdəsini əlinə götürüb, Allahdan probleminin həll olunması üçün Kəbəyə and içir. Həzrət (s) bu zaman təvaf etməkdən dayanır və əlini həmin şəxsin çiyninə qoyub buyurur: “Allahı daha yüksək bir şeyə and ver! Sən Allahı Kəbənin hörmətinə and verirsən ki, müşkülün həll olsun, ancaq Allahı gərək ondan da yüksək bir şeyə and verəsən!”.
Həmin şəxs deyir: “Ya Rəsullah! Mən bundan da üstün and tanımıram. Siz mənə öyrədin ki, mən nəyə and içim ki, Kəbədən də yüksək olsun”. Həzrət (s) buyurdu: “Əgər inanırsansa ki, həqiqi möminsən, Allahı özünə and ver!”. Sonra Həzrət (s) həqiqi möminin xüsusiyyətlərini izah edir.
Həzrətin (s) dediklərindən belə başa düşmək olur ki, həqiqi mömin mənəvi eyblərdən uzaq olan biridir. Həqiqi mömin nə paxıldır, nə hərisdir, nə tamahkardır, nə hisslərinə məğlub olur və nə də maddiyyata, nə kin əhlidir, nə riya, nə fitnə əhlidir, nə hiylə. Həqiqi mömin o insandır ki, daxilində Allahla rabitəsi vardır. Şeytani rəzilliklərdən, alçaqlıqlardan uzaqdır. Sonra Həzrət (s) buyurdu: “Əgər özünə inanırsansa ki, həqiqi möminsən, Allaha özünü and ver və de: “Allahım! Öz haqqıma görə müşkülümü həll et!”. Möminin dəyəri, ehtiramı və hörməti Kəbənin dəyərindən daha yüksəkdir”.
Bu hədisdən görünür ki, Kəbə evinin bu qədər əzəmət və dəyərə malik olmağına baxmayaraq, həqiqi möminin dəyəri ondan yüksəkdir.
Mahir Şəkərov