21 Noyabr 2024 - 21
İmam Hüseynin (ə) kəlamlarına baxdıqda, ümumiyyətlə, əsirlərin, Həzrət Xanım Zeynəbin (ə) və İmam Səccadın (ə) kəlamlarına nəzər saldıqda bunu əldə edirik ki, Mədinədən çıxıb Kərbəlaya gələnə qədər, Kərbəlada şəhid olana qədər İmam Hüseyn (ə) yalnız və yalnız İslam, din və ilahi təlimatın yer üzündə bərpası üçün qiyam edib. Bunu anlayırıq ki, Həzrət İmam Hüseyn (ə) Allah-taalanın hökmlərinin dünyada bərpa olunması üçün qiyam edib və hədəfi də bu olub ki, həqiqi islamı, ilahi düşüncələri insanlara düzgün aşılasın, düzgün çatdırsın. İmam Hüseyn (ə) bütün övladlarından, bütün Əhli-beytindən bu niyyətlə keçib ki, insanlar İslam dinini, dini düşüncələri düzgün aşılasın, düzgün çatdırsın. Həzrət Peyğəmbərin (s) vəfatından sonra insanlar İslam dinini öz şəxsi düşüncələri ilə mənalandırmağa başladılar, zaman öttükcə bu hərəkat sürətlənməyə başladı. İnsanlar zaman öttükcə peyğəmbərin gətirdiyi dindən, təlimatlardan sürətlə uzaqlaşırdılar, nəinki Allahın, peyğəmbərin buyurduğu kimi, insanlar İslamı öz düşündükləri kimi yaşamağa başlayırdılar, özləri başa düşəcək həddə dini mənalandırmağa və əməl etməyə çalışırdılar.
İmam Hüseynin (ə) kəlamlarına nəzər saldıqda görürük ki, həzrət buyurur ki, mən cəddim Rəsulallahın gətirdiyi dini insanlara yenidən qaytarmaq istəyirəm, cəddimin həqiqi dinini olduğu kimi aşılamaq istəyirəm. Bu məsələ elə ciddi, elə böyük məsələ idi ki, İmam Hüseyn (ə) bu yolda bütün əhli-əyalından, canından, vilayət qanından keçməyə hazır olduğunu bəyan edirdi.
Əvvəldən axıra qədər İmam Hüseynin (ə) sözü, məqamı, məqsədi bu oldu ki, cəddi Rəsulallahın dinini bərpa etsin, onun gətirdiyini insanlar arasında yaşatsın. Həzrət Peyğəmbər (s) dəfələrlə öz kəlamlarında buyurub ki, mən Hüseyndənəm, Hüseyn də məndəndir. Gərək bu cümlənin mənasına nəzər yetirək. Görərək ki, həqiqi mənada məhz İmam Hüseyn (ə) peyğəmbərin gətirdiyi pak və müqəddəs dini olduğu kimi yaşatdı.
Peyğəmbərin vəfatından sonra hamı namaz qılan idi, hamı ibadət, itaət əhli idi, hamı Allaha səcdə edirdi. Hamı ibtidai baxışda, zahiri görünüşdə peyğəmbərin qıldığı namazı qılırdı, peyğəmbərin getdiyi həccə gedirdilər, xüms-zəkat ödəyirdilər. Amma bunların hamısı zahirən idi. Amma İmam Hüseyn (ə) bəyan edir ki, bu cəddim rəsulallahın gətirdiyi din deyil, peyğəmbərin dini həqiqi mənada, tamamiilə alt-üst olub. İmam Hüsyen (ə) bu niyyətlə qiyam edib ki, insanları yenidən həqiqi ibadət və itaətə, Allahın dediyi həqiqi namaza, Allahın istədiyi namaza, ibadətə itaətə qaytarsın.