21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Həyatı xilas etmək təklifi
03.10.2019

Zilhiccənin 8-də Müslüm ibn Əqilin ətrafında olan 4 min kufəli Yezidin valisi olan Übeydulla ibn Ziyadın hədələri qarşısında geri çəkilir və İmamın elçisini tək qoyurlar. Ertəsi gün, zilhiccənin 9-da tənha qalmış cənab Müslüm şəhid edilir…

Kufəlilərin xəyanəti və Müslümün şəhadəti xəbəri İmama yolda olanda çatdırılır. İmam yolunu dəyişmir və vücudi missiyasını yerinə yetirərək, irəliyə hərəkətini davam etdirir.

Məhərrəm ayının başlaması ilə hicrətin 61-cı ili yetişir. Məhərrəm ayının 2-də, Məkkədən çıxdıqdan təqribən 24 gün sonra İmam Hüseyn öz əhli-beyti və məsləkdaşları ilə Kərbəlaya daxil olur. Burada İmam düşərgə salır. Yezidin 30 minlik ordusu İmamı mühasirəyə götürür. Qoşunun başçısı Ömər ibn Səd dəfələrlə İmama Yezid hakimiyyətini qəbul etmək, lənətlik Yezidə beyət edərək həyatını xilas etmək təklifini verir. Lakin, İmam Hüseyn Yezid hakimiyyətini qəbul etməyin İslamın din olaraq məhv olmasına gətirib çıxaracağını bəyan edərək, beyətdən imtina edir. "Heyhat minnəz-zilləh!" - "Zillət bizdən uzaqdır!" deyir İmam…

Mühasirə daha da azğınlaşır, İmamın düşərgəsini sudan məhrum edirlər. İmam Hüseyn və məsləkdaşları bütün məhrumiyyətlərə baxmayaraq, təslim olmayırlar.

Azğınlaşmış düşmən ümmətin İmamının qanına susayır… Hicri 61-ci ilin məhərrəm ayının 10-da Kərbəla səhrasında İmam Hüseyn və 72 məsləkdaşı öz mübarək şəhid qanları ilə ölməz bir qəhrəmanlıq salnaməsi yazırlar…

İmam Hüseyn bütün mümkün olan vasitələrlə düşmən tərəfə də ayıldıcı mesajlar verirdi. Xəbərlər göndərirdi ki, onlar səhv yolda olduqlarını, özlərini hansı həlakətə düçar etdiklərini, aqibətlərinin zəlillik olmasını anlasınlar. Ümmətin İmamı bir xüsusi məhəbbətlə ümməti ayıltmağa çalışırdı. Diqqət edək: burada söz işləyir, məntiq işləyir. Bunlar düşüncəyə yönəlik məsələlərdir, ağıla, rasionalizmə yönəlik məsələlərdir. Bunların bazisində ayıldıcılıq yükü durur, bunlar insanın təfəkkür qabiliyyətini hədəfləyir. İnsanların yadına salınır, onlara məlum olan mətləblər xatırladılır, onlardan bircə-bircə soruşulur və s. Hədəf də odur ki, insanlar dərklə bu mövzulara diqqət etsinlər.