21 Noyabr 2024 - 21
İmam Hüseynə məhəbbət insanın fitrətindən gəlir. İmam Hüseynə sevgi – gözəlliklərə sevgidir. Bu müsibətdə, faciədə üz-üzə gələn tərəflər - haqla batildir. Bu müsibətdə gözəlliklərlə eybəcərliklər qarşı-qarşıya gəlib. Bir tərəfdə İmam Hüseyndir, digər tərəfdə lənətlik Yeziddir. Bir tərəfdə bəşərin ən alisi, ən gözəli - Hüseyndir (ə), bir tərəfdə bəşərin ən eybəcəri - lənətlik Yezidddir. Bir tərəfdə Abbaslar, Əli Əkbərlər, Əli Əsğərlərdir, Həbiblərdir, Hürrlərdir – insanlığın ən nəcib, ən fədakar, ən şücaətli şəxsiyyətləridir. Digər tərəfdə isə ən iyrənc, ən zəlillərdir – şimrlər, ömər sədlər, ibn ziyadlar, hərmələlər və digər törtöküntülərdir.
Həmd olsun Allaha ki, xalqımıza bu xeyirlə şər arasında sərhədi bilmək nəsib olub, bu duyğuları yaşatmaq nəsib olub. Həmd olsun Allaha ki, məmləkətimizdə Aşura yaşadılır - xüsusən də gənclər tərəfindən. O gənclərin, o yeniyetmələrin əllərindən öpülməlidir ki, bu əyyamın günlərində, Tasua, Aşura günlərində Əba Abdullahın (ə) bayrağını götürüb, piyada ziyarətgahlara gedirlər. Onlar İmam Hüseyni yaşadırlar. Ədəblə, ərkanla, içdən gələn duyğularla yaşadırlar.
İlqar İbrahimoğlu