21 Noyabr 2024 - 21
Həzrət İmam Hüseynin digər bir mübarək xüsusiyyəti ki, zikr olunmalıdır – şəfaətdir.
Şəfaət məfhumunu tam anlamaq üçün və İmam Hüseynin insanlar üçün şəfaətçi olmasının nədən ibarət olmasını dərk etmək üçün, bizlərin bu şəfaətə nail olmamız üçün nələrin edilməsinin lazımlı olmasını bilmək üçün bu məfhumun müxtəlif müstəvilərdə açılışına diqqət edək.
Öncə “şəfaət” sözünün lüğətdə anlamına nəzər salaq. Şəfaətin lüğət anlamında kökü – bir şeyi özü kimisinə, oxşarına əlavə etmək, qoşmaq mənasına gəlir. Əgər bir şey bir kəs tərəfindən özü kimisinə qoşulsa, buna lüğəti mənada “şəfaət” deyilir.
Buradan aydın olur ki, şəfaətin baş tutması üçün, iki tərəf arasında bir növ oxşarlıq olmalıdır. Şəfaət edənlə şəfaət olunan arasında uyğunluq olmalıdır, ümumiyyətlə fərqli cəhətləri olsa da belə. Şəfaətçinin kimisə şəfaət etməsi üçün onların ümumi cəhətləri olmalıdır.
Mübarək dinimizin nəzərində şəfaətin izahı da budur ki, günahkar insan İlahi övliyalara iman və əməl kimi müsbət cəhətlər baxımından oxşarlıq əldə edər, nəticədə ilahi övliyalar onun əlindən tutar, kömək edər, kamala tərəf qaldırar - Allahın dərgahında onun üçün əfv diləyərlər. Yəni, insan xəta və səhvlə dolu bir yükün altında olsa da belə, dəqiq müsbət cəhətləri olmalıdır ki, şəfaətə layiq olsun. Və bu müsbət cəhətlər, ilk növbədə, iman və əməl müstəvisində olmalıdır ki, şəfaət verən Allah övliyası ilə cüzi də olsa, böyük mərtəbə fərqi ilə də olsa, amma ortada bir ümumilik olsun.
Şəfaətin həqiqəti budur ki, daha güclü və kamil varlıq daha zəif və naqis varlığın onun müsbət oxşar xüsusiyyətlərinə görə yer tutmasına yardım edir və onun əlindən tutub onu kamal mərhələlərini aşmağa kömək edir. Şəfaətdə mütləq şəfaətçinin yardımı, duası, köməyi var ki, bunun sayəsində şəfaət olunan kamal dərəcələrini fəth etməyə müyəssər olsun. Günahları bağışlansın və mərtəbəsi yüksəlsin.