21 Noyabr 2024 - 21
Aşura bizə həm də arxayın olmamaq dərsi keçir. Yəni namaz qılırsan, oruc tutursan, ibadət edirsən – lap yaxşı, amma arxayın olma. Çünki bu xüsisiyyətlər zahirdə ola-ola insanlar Kərbəlada Peyğəmbər (s) balasını, cənnət cavanlarının ağasını tikə-tikə doğradılar. İnsanın ruhi naqislikləri, mərəzləri o qədər baş qaldırır ki, zəmanə İmamını, yerlə səmaların bağlantı, ittisal səbəbini qətlə yetirir, tikə-tikə doğramağa qədər cəsarət edir. Buna görə Aşura məktəbi bizə arxayın olmamaq dərsi keçir. Namaz qılırsan, oruc tutursan, ibadət edirsən - nə gözəl, amma arxayın olma. Özünümüalicə ilə məşğul ol. Öz mərəzlərini tanı və onları müalicə et. Çünki mərəzlərini tanımasan, müalicə etməsən, onlar başı-başına qalacaq, bir gün sən hazır olmadığın durumda baş qaldıracaq. Əgər özünü islah ilə məşğul olmasan, seçim vaxtı gələndə haqqın yanında deyil, batilin yanında olarsan.
Aşuranın bizə öyrətdiyi ən böyük dərslərdən biri budur ki, özümüzün daimi, davamlı şəkildə müalicəmizlə məşğul olaq. Aşura cinayətkarları kimi özümüzü müalicəsiz buraxmayaq, dünyaya olan məhəbbətdə özümüzü müalicəsiz buraxmayaq, yoxsa bunlar kimi tənəzzül edib məhv ola bilərik. Çünki Aşura cinayətini törədən müsəlman toplumunun ən böyük müşkülü - daxili mərəzi olan dünyaya məhəbbəti müalicəsiz qoymaları idi. Əgər bu müalicə ilə məşğul olmasaq, bir gün seçim vaxtı gələndə biz ayağımızı səhv yerə qoyacağıq. İnsanın xəbəri olmaz, bir də ayılar ki, Allah eləməmiş, İmam Hüseynin qarşısında dayanıb, Zəmanə İmamının (ə) əleyhində dayanıb.
İlqar İbrahimoğlu