21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

İmam Hüseyni tanıyaq
26.10.2019

Təbərrük üçün İmam Hüseynin dediklərini zikr edək ki, o həzrətin mübarək şəxsiyyəti ilə tanış olaq. Aşura günündəki kəlamlarının birində İmam Hüseyn buyurmuşdur: "Bilin! Bu haramzadə oğlu haramzadə məni iki yol arasında qoyub: qılınc və zillət! Zillətə qatlaşmaq bizdən çox-çox uzaqdır. Allah, Onun Peyğəmbəri, möminlər, (bizim tərbiyə olunduğumuz) pak ətəklər, qeyrətli qəlblər, alicənab ruhlar qəbul etməzlər ki, biz alçaq bir başçıya təslim olmağı şərəfli ölümdən üstün tutaq!".

Hədis nəql edən ravilərdən biri deyir: "And olsun Allaha, övladları, ailə üzvləri və yoldaşlarının hamısı öldürülüb məğlub olmuş elə bir şəxs görməmişəm ki, Hüseyn kimi sakit və soyuqqanlı olsun. Düşmənin qoşunu mühasirə dairəsini sıxırdı, amma o, öz qılıncı ilə onlara hücum edirdi. Onlar da o Həzrətin qarşısından keçi sürüsü hücuma keçən canavarın qarşısından qaçan kimi qaçırdılar. O, düşmənin otuz min nəfərlik qoşununa hücum edir və onları milçək kimi dağıdırdı. Sonra: "Lə həvlə və lə qüvvətə illə billəhil-əliyyil-azim" ("Uca və əzəmətli Allahdan başqa güc və qüdrət yoxdur") deyib öz yerinə qayıdırdı".

Həzrət İmam Hüseynin digər buyuruqlarına da diqqət edək:

"(Allah rizasına xatir deyil), Allahı qəzəbləndirməklə xalqı razı salanlar nicat tapmaz".

"Allah, ilk vacib işlərdən birini yaxşılığa dəvət etmək və pisliklərdən çəkindirməyi buyurmuşdur. Çünki Allah bilir ki, bu iki ilahi vacibatın yerinə yetirilməsi digər vacib işlərin (istər çətin, istərsə də asan) görülməsinin asanlaşdırar. Səbəbi də budur ki, yaxşı işlərə əmr etmək və pis işlərdən çəkindirmək bütün insanları İslama doğru dəvət edər, haqq sahiblərinin hüquqlarını özlərinə qaytarar və zülm edənlərlə müxalifət edər".

"Ey insanlar, Allahın Peyğəmbəri (s) buyurmuşdur ki, hər kim Allahın haram buyurduğunu halal edən, Onun əhdini sındıran, Peyğəmbərinin sünnəsi ilə müxalifətçilik edən, öz rəiyyətləri arasında zülm və haqsızlıqla hökm edən zalım bir hakimi görüb, söz və ya əməllə ona qarşı çıxmasa, Allah Təala onu da zalım hökümdarı düçar etdiyi əzaba düçar edər (yəni cəhənnəmə aparar)".

"İnsanların çoxu dünya quludurlar. Din isə dillərində gəzir. Din sayəsində yaşadıqları müddətdə onu müdafiə edirlər. İmtahan zamanı gəlib çatdıqda isə dindarlar azalır".

"Mən ölümü səadətdən, zalımlarla yaşamağı isə zəlillikdən başqa bir şey bilmirəm".

"Ey Allah, Sən bilirsən ki, (fəsada qarşı mübarizə və) qiyamımız səltənət üçün və dünya malı yığmaq üçün deyildir. Bizim qiyamımız - Sənin dininin həqiqi əlamətlərini göstərmək, şəhərlərində islahat aparmaq, məzlum bəndələrini əmin-amanlığa çıxarmaq və vacib, yaxud müstəhəb ehkamlarını yerinə yetirmək üçündür".

"Mən azğınlıq, xüdpəsəndlik, fəsad və zülm etmək üçün qiyam etməmişəm. Mən cəddim Muhəmmədin (s) ümmətini islah etmək, yaxşılıqlara əmr etmək və pisliklərdən çəkindirmək, cəddim Məhəmmədin (s) və atam Əlinin (ə) yolunu bərpa etmək üçün qiyam etdim".

"Ey, Əbu Süfyan övladına uyanlar! Dininiz yoxdursa və axirətdən qorxmursunuzsa, heç olmasa dünyada azad insanlar olun!" "Bir dəstə insan behiştə görə Allaha ibadət edirlər - bunlar tacirlərdirlər.

Bir dəstə də qorxularından (cəhənnəm qorxusundan) Allaha ibadət edirlər - bunlar da quldurlar. Bir qrup isə Allaha Onun verdiyi nemətlərə və Onun əzəmətinə görə və həmçinin Ona pərəstiş, sitayiş və şükür etmək üçün ibadət edirlər - bunlar isə azad insanlardırlar. Belə bir ibadət - ən yaxşı ibadətdir".

"Bilin ki, insanların sizə olan ehtiyacları - Allahın sizə verdiyi nemətlərindən biridir. Allahın nemətlərindən üz döndərməyin, yoxsa, sonra o nemətlər sizə müsibət olar".