21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Ağlamaq təsirlənməyin göstəricisidir
26.08.2020

Deyiblər, yaxşı kitab və yaxşı film insanı dəyişəcək qədər təsirəmalik olmalıdır. Belə ki, sənin əsərlə tanışlığından öncəki durumun tanışlığından sonrakı durumunla fərqlənməlidir. Bu təsir və fərqlilik bəzən geyimdə, bəzən rəftarda, bəzən də düşüncədə öz təsirini göstərir və biz kitab və filmlərin izləyicilərdə təsirini hər zaman müşahidə etmişik.

İndi soruşsaq ki, bəs, yaxşı əzadarlıq hansı əzadarlıqdır?

Yənə də cavab dəyişilməz olaraq qalır. İnsanda təsir və iz buraxan əzadarlıq yaxşı əzadarlıqdır və yaxşı əzadarlığın təsir gücü olduqca genişdir. Ağlamaq təsirlənməyin göstəricisidir. Çünki insan hədsiz təsirləndikdə ağlamağa başlayır. Demək, hadisə həmin şəxsdə öz təsirini göstəmişdir.
Kərbəla hadisəsində hansı obraz bizdə iz buraxıb? Bu hadisədə ilk olaraq Qiyamətə qədər davam edəcək haqq və batil qarşıdurması var. Ondan sonra obrazların təsiri qaçılmazdır. Məsələn, İmam Hüseyn (ə) həzrət Abbas (ə) həzrət Əli Əkbər(ə), Xanım Zeynəb (ə), eləcə də, Yezid, Ömər Səd, Şümr, Hərmələ və hər təbəqədən onların əmrinə tabe olan simalar var.

Biz illərdir ki, bu məclislərin sayəsində Kərbəla hadisəsilə tanışıq. İndi özümüzdən soruşmağın vaxtıdır: "Aşura məndə hansı təsirləri buraxıb?"

Bizə dedilər ki, ağlayana, yəni ən çox təsirlənənə Cənnət vacib olacaq. Görəsən, biz nə qədər təsirlənmişik?

Görəsən, İmam Hüseyndən (ə) təsirlənib, babası İbrahim kimi müvəhhid olaraq əlimə balta almışammı?

Həzrət Abbasdan (ə) təsirlənib onun kimi Allaha və Allahın vəlisinə vəfalı olmuşammı?

Həzrət Əli Əkbərdən (ə) təsirlənib "Biz haqqıqsa, ölümdən nə qorxumuz?" – əqidəsini həyatımıza hakim etmişikmi?

Müsibətlər anası həzrət Zeynəbdən (ə) təsirlənib haqqın müdafiəsi uğrunda düşməndən qorxmadan dik durmağı öyrənmişikmi?

Olmaya, heç əzadarlığın mənasını başa düşməmişik?

İmam Hüseyn (ə) təziyəsindən təsirlənən insan Hüseyni rəngə boyanmalıdır. Oturuşu və duruşundan tövhiddən doğan izzət yağmalı, ən azından, bir il özünü Kərbəla qəhrəmanlarına oxşatmalıdır. Əks-təqdirdə, ən yaxşı halda deyə bilərik ki, bu insan Aşura hadisəsindən təsirlənməyib.

Cəlal Şəfiyev