21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Allahın iradəsi - Aşura vaqiəsinin əbədilik sirləri nədir?!
27.08.2020

İmam Hüseynin (ə) Aşura vaqiəsinin əbədilik sirləri nədir?!

Hansı səbəblərdən 1400 ildən çox tarixi olan bir hadisə bu günə kimi (və əminliklə deyə bilərik ki, qiyamətə kimi) öz təravət və yeniliyini qorumaqdadır?

Quran ayələrinə və rəvayətlərə baxan zaman görürük ki, bir nəçə amil Kərbəla hadisəsinin unudulmamasına, hətta ildən ilə daha təravətli olmasına səbəb olmuşdur. İslam düşmənləri, kafirlər, zalımlar və s. nə qədər bu hadisəni unutdurmaq istəsələr də, imam Hüseyn (ə) daha çox qəlblərdə yer almış və müsəlmanların məhəbbətini qazanmışdır. İmam Hüseyn (ə) məktəbini dərk ədənlər, imam Hüseynin(ə) hədəflərini anlayanlar, onu, həyatda örnək qərar vermişlər. Qarşınızda olan bu məqalədə Kərbəla hadisəsinin 5 əbədilik sirrinə toxunulmuşdur:

1-ci amil: Allahın iradəsi

Kərbəla hadisəsinin əbədiliyinin birinci səbəbi Allahın iradəsidir. Məqsədimi bir ayə və onun izahı ilə bəyan edirəm:

يُرِيدُونَ أَن يُطْفِـُٔوا۟ نُورَ ٱللَّهِ بِأَفْوَٰهِهِمْ وَيَأْبَى ٱللَّهُ إِلَّآ أَن يُتِمَّ نُورَهُۥ وَلَوْ كَرِهَ ٱلْكَٰفِرُونَ

"Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Allah isə buna yol verməz, kafirlərin xoşuna gəlməsə də, O, Öz nurunu tamamlayar." ("Tövbə", 32.)

Ayədə diqqət ediləsi məsələ Allah-Taalanın "ağız" ifadəsindən istifadə etməsidir. Din düşmənləri baxmayaraq ki, çoxsaylı yollarla dinin aradan getməsini istəyirlər, müxtəlif vasitələrlə imam Hüseyn (ə) məktəbini aradan aparmaq istəyirlər, ancaq bu ayədə yalnız "ağız" ifadəsindən istifadə olunub. Bunun bir səbəbi bu ola bilər ki, düşmənlərin dini aradan aparmaq üçün işlətdikləri ən mühüm düşmənçilik taktikalarından biri mənfi təbliğatlardır. Yəni müəyyən mənfi təbliğ yollarından istifadə etməklə, müəyyən azdırıcı sözlərdən istifadə etməklə dinə qarşı öz düşmənçiliklərini büruzə verirlər. Bunu günümüzdə istər sosial şəbəkələrdə, istərsə də din düşmənlərinin çıxışlarında və s. açıq-aşkar müşahidə edə bilərik. Bəlkə bu səbəbdəndir ki, ayədə Allah-Taala xüsusi ilə "ağız" ifadəsindən istifadə etmişdir. Ancaq hər bir halda ayənin sonunda Allah-Taala bizə, bunu bacarmayacaqlarını müjdə verir və Öz nurunu tamamlayacağını bildirir.

Ayədən istifadə edilən başqa bir nöqtə, Allahın müqəddəs nuru üçün iki iradənin olmasıdır. Bir şeytanların, din düşmənlərinin, Allah düşmənlərinin iradə və istəkləri ("Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər...") və bir də aləmlərin Rəbbi olan Allah-Taalanın iradəsi ("...O, Öz nurunu tamamlayar".) Təbii ki, bu müharibədə qalib yalnız və yalnız Allahdır. Çünki:

وَاللَّهُ غَالِبٌ عَلَىٰ أَمْرِهِ...

"Allah Öz işinə qalibdir." ("Yusif", 21.)

Yəni Allahın istədiyi və iradə etdiyi hər bir şey dərhal yerinə yetər.

إِنَّمَا أَمْرُهُ إِذَا أَرَادَ شَيْئًا أَنْ يَقُولَ لَهُ كُنْ فَيَكُونُ

"Bir şeyin olmasını istədiyi zaman Onun (Allahın) əmri və məqamı ona ancaq: «Ol!» – deməkdir. O da dərhal olar." (Yasin", 82.)

Lakin başqa varlıqlar, xüsusi ilə insanlar öz işlərinə qalib deyillər. Buna bariz nümunə olaraq insanın həmişə sağlam olmaq istəyi və bunu bacarmaması, uzunömürlü olmaq istəyi, lakin bunu bacarmamasıdır və s. Bir sözlə, insanın 99% istək və arzularının həyata keçməsi mümkün deyil.

Bir nəfər imam Hüseynin (ə ) yanına gəldi, ondan necə gecələdiyini, hansı vəziyyətdə olduğunu, əhvalının necə olduğunu soruşdu. İmam Hüseyn (ə) bir neçə cümlə ilə vəziyyətini qeyd edəndən sonra belə buyurdu:

انا مرتهن بعملي لا اجد ما احب و لا ادفع ما اكره والامور بيد غيري فان شاء عذبني و ان شاء عفا عني فاي فقير افقر مني

"...Mən əməllərimin girovundayam. Bəzi şeyləri ürəyim istəyir, ancaq ələ gətirə bilmirəm. Bəzi şeylərdən xoşum gəlmir, lakin özümdən uzaqlaşdırmağı bacarmıram. Mənim işlərim başqasının əlindədir. Əgər istəsə, mənə əzab verər və əgər istəsə məni əfv edər. Belə isə məndən daha ehtiyaclı kimdir?!" ("Mən la yəhzuruhul-fəqih", 4-cü cild, səh.404.)

İmam Hüseyn (ə) bizə başa salmaq istəyir ki, "hər istədiyini həyata keçirən yalnız Allahdır", işlərinə qalib olan Odur.

Allah-Taala Davud peyğəmbərə (ə) belə vəhy etdi:

ترید و اريد و انما یکون ما ارید.

"Səndə iradə edirsən, Məndə. Şübhəsiz, Mənim istək və iradəm gerçəkləşəcək." ("Biharul-ənvar", 79-cu cild, səh.136.)

Bizim bir inanclı və dindar olaraq vəzifəmiz budur ki, Allahın iradə etdiyi məsələləri kəşf edək. Quran ayələrindən və rəvayətlərdən bu iradələri tapmalı, onlara ruhumuzla inanmalı və yaşayışımızı həmin iradələr əsasında qurmalıyıq. Məsələn, həmin iradələrdən biri Allaha günah edən, Allahın itaətindən çıxan, Allahla və dini ilə düşmənçilik edən şəxsin zəlil və xar olması, ancaq Allaha bəndəlik edən, Allahın sözünə qulaq asan möminlərin izzətli olmalarıdır.

وَلِلَّهِ ٱلۡعِزَّةُ وَلِرَسُولِهِۦ وَلِلۡمُؤۡمِنِینَ وَلَـٰكِنَّ ٱلۡمُنَـٰفِقِینَ لَا یَعۡلَمُونَ

"...İzzət və qüdrət Allaha, Onun Rəsuluna və möminlərə məxsusdur və lakin münafiqlər (bunu) bilmirlər." ("Munafiqun", 8.)

Həqiqi izzət sahibləri möminlər, Allahın qulları, Allaha bəndəlik edənlərdir. Allah bunu iradə edib. Allahın istəyi budur ki, günahkarlar, Allahın itaətindən çıxanlar, Allahla düşmənçilik edənlər zəlil, Allaha bəndəçilik edənlər isə izzətli olsunlar.

Bəzən belə düşünürük ki, izzət şan-şöhrətdədir, izzət mal-dövlət sahibi olmaqdadır və s. Allah izzətli olmağı Allaha bəndəçilik etməkdə iradə etmişdir.

Ayətullah Mudərris (r.ə) İran şahı Rzaxana dedi: "Sənin məzarın zibillik, mənim məzarım isə imamzadəyə çevriləcək." Dediyi kimi də oldu. Ayətullah Mudərris (r.ə) belə olacağını haradan bilirdi?!

Cavab aydındır, o, Allahın iradəsini dərk edib. Dərk edib ki, izzət möminlərə məxsusdur. İzzət imana bağlıdır, bəndəliyə bağlıdır. Allahla düşmənçiliyin sonu isə zəlil və xar olmaqdır.

Allah-Taalanın iradə etdiyi məsələlərdən biri də "nurunun tamamlanmasıdır".

İndi isə görək, Allahın sönməməsini iradə etdiyi və tamamlanmasını vəd etdiyi nur nədir?

1. Ubeyy ibni Kəb, Peyğəmbərin (s) yanına gəldi və gördü ki, o Həzrət imam Hüseynə (ə) belə buyurur: "...Afərin sənə ey göylərin və ey yerlərin zinət bəxş edəni." Həmin şəxs təəccüblənərək Peyğəmbərə belə xitab etdi: "Bu uşaq barədə soylədiyin sözlər çox böyük sözlərdir. Həmin vaxtı Peyğəmbər (s.a.s) buyurdu ki: İmam Hüseyn (ə) göylərdə çox böyük məqam və mənzilətə sahibdir. Göydəkilər onu daha yaxşı tanıyırlar. Bu üzdən Həzrət Cəbrayıl (ə) yer üzünə gəlib, imam Hüseynin (ə) beşiyini yırğalamaqdan iftixar edirdi və bu sözləri deyirdi: "Həqiqətən, ərşin sağ tərəfində belə yazılmışdır: "Şübhəsiz, İmam Hüseyn (ə) hidayət çırağı və nicat gəmisidir." (Hədisin məzmunu.) "Biharul-ənvar", 36-cı cild, səh.205.)

Çıraq ərəblərdə əsasən iki ifadə ilə işlənilir: sirac və misbah. Bu ikisini belə bir müqayisə edirlər ki, qaranlıq otaqda çırağı yandırandan sonra həmin otağın işıqlanmasına baxmayaraq, ətrafın qaranlıq olması bilinirsə, o çırağa "sirac" deyirlər. Bəzən isə ətraf o qədər nurani olur ki, çırağın yanması ilə ətrafda gecənin olması hiss olunmur. Ərəb bu yerdə "misbah" kəlməsindən istifadə edir.

İmam Hüseyn (ə) "misbahul-huda" – hidayət çırağıdır, öz də yuxarıda qeyd edilən "misbahul " mənasında.

İmam Hüseynin (ə) hidayəti o qədər nuranidir ki, bütün zülmətləri və qaranlıqları aradan aparmağa qadirdir.

2. Allahın sönməyən nurunun nə olması barədə daha aydın dəlilə diqqət edək: İmam Hüseynin (ə) ziyarətnamələrinin birində belə şəhadət veririk:

اشهد اَنّکَ نور الله الذی لم یطفا و لا یطفا ابدا

"Şəhadət verirəm ki, həqiqətən, sən Allahın sönməyən və heç vaxt sönməyəcək nurusan". ("Biharul-ənvar", 98-ci cild, səh.255.)

Bu nurla mübarizə aparanlar həmişə zəlil olublar və hər zaman da olacaqlar.

Tarix boyu imam Hüseyn (ə) və Əhli-beytlə (ə) mübarizə aparanlar çox olub. Onlardan biri də Abbasi xəlifəsi Mütəvəkkil idi. İmam Hüseynin (ə) ziyarətinin qarşısının alınması üçün çox böyük məbləğ təyin etdi. Bununla belə, ziyarət eşqinə düşənlərin sayı çoxaldı. Gördü, xeyri yoxdur, dedi: Bundan sonra imam Hüseynin (ə) ziyarətinə getmək istəyənlərin sağ qolunu kəsin. Gördülər ki, bir nəfər gəlib sol qolunu uzadır. Dedilər ki, sağ qolun kəsilməlidir. Dedi: "Sağ qolumu keçən ziyarət üçün vermişəm." Neçə dəfə imam Hüseynin (ə) qəbrini suya basmaq istəyiblər, ancaq su qəbrə yaxınlaşmayıb. Neçə dəfə İmamın (ə) qəbrini şumladıb aradan aparmaq istəyiblər, ancaq inəklər qəbrə yaxınlaşmayıb. ("Muntəxəbut-təvarix", səh.791.)

Bəziləri Allahın nurunu söndürmək istəyirlər, ancaq özləri gec-tez xar və zəlil olurlar.

Nəticə: Allah Öz nurunu tamamlamağı iradə edib ("Tövbə", 32). Heç bir şey Allahın iradəsinin qarşısını ala bilməz ("Yusif" 21 və "Yasin" 82). Həmin nur imam Hüseyndir (ə).

Allahın iradəsi Kərbəla hadisəsinin əbədilik sifətinə malik olma sirlərindəndir.

Allah-Taala bizi dünya və axirətdə Allahın sönməyən nuru olan imam Hüseyndən (ə) ayrı salmasın!

Ardı var...

Musa Hüseynli (Maide.az)