Kufə şəhərində hamı Əhlibeyt sevər olmasa da, İmamın (ə) qiyamını hədəfə çatdıracaq, ən azı Kərbəla faciəsini önləyəcək sayda pak insanlar yaşayırdı. Mənfi xatirələrələ yaddaşlarda qalan bu şəhər, əslində Əhlibeyt tarixinin ən mühüm mərkəzlərindəndir. Kufəlilərə olan irad və ittihamların daha artığı, Mədinə başda olmaqla bütün digər şəhərlərə də şamildir. Onlar pis-yaxşı dörd il İmam Əli (ə) ilə çiyin-çiyinə üç müharibə yola verdilər. Kufədən daha yaxşı şəhər olsaydı İmam Huseyn (ə) ora gedərdi. Kufə o yerdir ki, Bəqiyətullah (əc) oranı İlahi hakimiyyətin paytaxtı edəcək.
Əlbəttə, bu, qısa bir yazı ilə təhlil olunacaq mövzu deyil. Mən daha vacib bildiyim tərəfə diqqət çəkmək istəyirəm. Digər bütün səbəblər mühüm olsa da, fərdi qaydada təhlil oluna bilər. Məsələn, tamah, dünyapərəstlik, qorxaqlıq kimi xüsusiyyətlərə sahib olan insanların müqəddəs yolda ayaqları zatən büdrəyəcək. Onları “vəfasız dost” adlandırmaq doğru deyil. Onlar İbn Ziyaddan qabağ, içlərində bəslədikləri tamaha, qorxaqlıq və şəhvətə uduzmuş və çoxdan düşmənlə bir sırada idilər. İmama məktub yazmaqlarına baxmayın.
Bəs sayları heç də az olmayan pak insanlara nə oldu? Söhbət o adamlardan gedir ki, İmam Hüseynə (ə) istəsələr də kömək edə bilmədilər. Nəinki etmədilər, edə bilmədilər!
Həmişə bu barədə düşünürəm. Düşünürəm ki, İmama qarşı çıxanlardan, ona kömək etməyib tək qoyanlardan çox, kömək edə bilməyənlər təhlil olunmalıdır. Bu, məncə, daha praktiki və aktualdır.
Bətləb Bağırov