21 Noyabr 2024 - 21
Bəzi tarix və məqtəl kitablarında onun adını Vazeh, Süleyman və Səlim kimi də qeyd ediblər. Amma "Ənsarul-Hüseyn (ə)" kitabının müəllifi və bir sıra araşdırmaçılar Əsləm adını daha doğru hesab edirlər. (Məhəmmədmehdi Şəmsuddin, s. 58 və 73).
Qaynaqlarda Əsləmin "Deyləmli" olduğu qeyd edilir. "Deyləm" qədimdə İranın Qəzvin əyalətindən Xəzər dənizinə qədər uzanan böyük bir ərazinin adı idi.
Əsləm İmam Həsənin (ə) xidmətçilərindən idi, O həzrətin (ə) şəhadətindən sonra İmam Hüseynə (ə) xidmət etməyə başladı.
O, həm mahir ox atan idi, həm şair və ədəib, həm yaxşı Quran qarisi və həm də İmam Hüseyn (ə) üçün katiblik (mirzəlik) edirdi. Ərəbcə səlis danışır və bəzən də Türkcə danışırdı.
Türkdilli olduğu üçün Ərəbcə şirin danışırdı. Siması və dili şirin və ürəyəyatımlı olduğu üçün uşaqlar da onu çox sevirdi. Buna görə də İmam Hüseyn (ə) Mədinədən çıxandan Aşura gününədək uşaqları məşğul etmək və yolun yorğunluğunu və müsibətin ağırlığını onlara unutdurmaq Əsləmin öhdəsinə idi.
O, uşaqlar üçün şirin dil ilə dastanlar danışır və onlara şeir öyrədirdi.
Meydana getməzdən öncə də uşaqların yanına getdi, onlardan üzrxahlıq edib, bağışlanmaq dilədi və "əziz balalar, Qiyamət günü mənə şəfaət edərsiz" dedi.
Aşura günü İmamdan (ə) icazə alıb meydana getdi. Meydana gedərkən fəryad elədi:
أَمیرِی حُسَیْنٌ وَ نِعْمَ الاَْمیرُ - سُرُورُ فُؤادِ الْبَشیرِ النَّذیرِ
"Mənim rəhbərim Hüseyndir (ə) və nə gözəl rəhbərdir. O, bəşir və nəzir olan Peyğəmbərin (s) qəlbinin sevincidir".
Sonra isə üşmənlərin qarşısına çıxaraq belə rəcəz oxudu:
البحر من طعنی و ضربی یصطلی - و الجوّ من سهمی و نبلی یمتلی
اذا حسامی فی یمینی ینجلی - ینشقّ قلب الحاسد المبجل
"Dərya mənim nizə və qılınc zərbəmdən daşır
Göy üzü mənim atdığım ox və peykanla dolur
Qılıncım əlimdə göründüyü zaman
Təkəbbür edən paxılın qəlbini yarır"
Daha sonra şücaətlə döyüşərək şəhid oldu.
O, meydanda yaralı düşərkən İmam (ə) onun başı üstə gələrək ağladı, başını dizinə qoydu, üz-gözünün qanını sildi və üzünü üzünə qoydu.
Əsləm gözlərini açdı, İmam Hüseyni (ə) başının üzərində gördükdə fəryad etdi:
من مثلي و ابن رسول الله واضع خده علي خدي
"Kimdir mənim kimi xoşbəxt, Allah Rəsulunun oğlu yanağını yanağıma qoyub".
Bu sözləri dedi, sonra təbəssüm etdi və ruhu göylərə ucaldı.
Məhəmmədmehdi Şəmsuddin, "Ənsarul-Hüseyn", s. 58 və 73.
Xarəzmi, "Məqtəlul-Hüseyn (ə)", .c.2, s.24.
Mehdi Pişvayi, Məqtəle cameye Seyyiduş-Şühəda, c.1, s.811.
Mirməhəmməd Bəşir